Kulis.az restavrator Nurlan Əhmədovla olan müsahibəni təqdim edir.
– Necə oldu ki, köhnə şəkillərin restavrasiyasına başladınız?
– Keçmiş dövr mənə gələcəkdən daha maraqlı, cəlbedici gəlir, həmin dövrə aid musiqilər, foto-video materiallar, kadrlar məni özünə cəzb edirdi. Lap əvvəldən də texnologiya dünyasına, şəkil-video montajına, müxtəlif dizayn işlərinə marağımın olması bu sahəyə yönəlməyimə təkan verdi. Daha sonra işlərimi sosial media hesablarımda paylaşdıqda, insanların olduqca maraqla qarşıladılar. Bunu görüb daha da həvəsləndim.
– Neçə ildir bu işlə məşğulsunuz? İlk rənglədiyiniz foto kimin olub?
– Artıq 3 ildir. İlk başlarda üzərində eksperiment apardığım fotolar çox olub. Üzeyir Hacıbəyli, Səməd Vurğun, Mikayıl Müşfiq kimi bir çox şəxsiyyətin fotoları üzərində işləmişəm. Bəzi fotoların sadəcə zədələrin silib keyfiyyətin artırmışam, bəzilərinin isə müəyyən hissəsni rəngləmişəm. İlk tamamladığım foto isə Milli Qəhrəman Allahverdi Bağırovun fotosu olub.
(Milli Qəhrəman Çingiz Mustafayevin son fotosu,1992-ci il)
– Rəngləyəcəyiniz fotoları necə seçirsiniz?
– Sosial şəbəkələrdə izləyicilərimin hansı fotoları rəngli formada görmək istədikləri ilə mütəmadi maraqlanıram. Buna uyğun olaraq, şəkillər tapıb hazırlayıb paylaşaraq, izləyicilərimə təqdim edirəm. Daha çox görkəmli şəxsiyyətlərin, ziyalıların portret formada-tək çəkilmiş fotolarını rəngləyirəm. Bundan başqa Bakıda və Azərbaycanın digər bölgələrində çəkilmiş maraqlı tarixi fotoları da rəngləndirirəm.
– Ən çox hansı fotoların rənglənməsi vaxt alır?
– Daha çox vaxtımı alan detalları çox olan şəkillərdir. Kollektiv formada, insanların bir arada olduğu, müxtəlif yerlərdə çəkilmiş panoramik fotoların detalları çox olduğu üçün hazırlanması daha çox vaxt tələb edir. Məsələn, deyək ki, görkəmli ziyalılarımızın bir arada olduğu foto var. Orada hər bir insanın ayrı-ayrı geyimi, həmin geyimlər üzərində də kiçik detallar olduğu üçün ona 3-4 gün vaxt sərf etməli oluram.
(Görkəmli aktyorlar Bəşir Səfəroğlu və Lütfəli Abdullayev, 1950-1960-cı illər)
– Tarixi fotoları sevirsiniz?
– Bəli. Bütün retro kadrları olduqca çox sevirəm. Keçmiş dövrdə çəkilmiş fotoları araşdırmaq mənə zövq verir.
– Rənglədiyiniz fotoları necə tapırsınız?
– Əksər fotoları uzun müddət axtarışdan sonra, müxtəlif arxivlərdən, internet resurslarından araşdırıb tapıram. Şəkilləri rəngləmək üçün onların yüksək keyfiyyətli versiyalarına ehtiyac olur. Bu da çox vaxtımı alır. Şəkil axtarışı üçün əksər hallarda xarici arxivlərin onlayn resurslarından istifadə edirəm. Təəssüf ki, bizdə olan arxiv materialları bir çox halda internet üzərindən əlçatan olmur.
– Şəkilləri rəngləyəndə hansı proqramlardan istifadə edirsiniz? İncə məqamlar nələrdir?
– Şəkillərin zədələrin silmək, keyfiyyətini artırmaq, rəngləndirmək, sonrasında rəng balansın nizamlamaq və kiçik düzəlişlər etmək üçün bir çox ayrı-ayrı mobil və kompüter proqramlarından istifadə edirəm. Şəkli rəngləmədən öncə keyfiyyətini artırıram. Üzərində zədələr-ləkələr olduğu halda onları diqqətlə aradan qaldıram ki, şəkildəki təbiilik pozulmasın.
Rəngləmə edərkən daha çox istifadə etdiyim rənglərin bir-birinə uyğun olmasına fikir verirəm. Şəkildə istifadə etdiyim əsas rənglərdən başqa yad bir rəng olduqda bu qəribə görünür və təbiilik pozulur. Rənglər bir-birinə uyğun olduqda isə ahəng yaranır və gözoxşayan görüntü ortaya çıxır.
(Görkəmli sənətkarlar bir arada, 1980-ci illər)
– Bu işlə hobi kimi məşğul olursunuz?
– İlk başlarda hobbi kimi məşğul olmağa başlasam da, sonradan şəkil restavrasiyası işim olaraq formalaşmağa başladı və həyatımın çox önəmli bir parçasına çevrildi. Şəkillər üzərində işləməyi sevirəm, insan sevdiyi işlə məşğul olduqda, həyat ona daha maraqlı görünür.
– Tapmaqda çətinlik çəkdiyiniz şəkil olub?
– Bəli. Bəzən elə fotolar olur ki, onların yüksək keyfiyyətli yəni rəngləməyə uyğun versiyalarını tapmaqda çətinlik çəkirəm. Belə olan halda aşağı keyfiyyətli versiya üzərində işləyib onu rənglənə biləcək formaya salıram. Mümkün olmadıqda isə təəssüf ki, həmin iş yarım qalır. Amma əksər hallarda axtardığım fotoları internet üzərindən tapa bilirəm. İnternet üzərindən əlçatan olmayanda isə fotonun saxlandığını muzeyə və ya arxivə müraciət edirəm.
– Azərbaycanda bu işlə gəlir əldə etmək mümkündür?
– Çox böyük gəlirli iş olmasa da, müəyyən qədər qazanc əldə etmək olur.
– Rənglədiyiniz hansı fotonun dövrü sizin üçün daha maraqlıdır?
– XX əsrin əvvəllərinə aid olan rənglədiyim fotoların dövrləri mənə olduqca maraqlı gəlir. Ümumiyyətlə, keçmiş dövrdə çəkilən əksər fotolar marağımı cəlb edir. Çünki həmin vaxtlarda şəkil əldə etmək günümüzdəki kimi asan yolla, bir kliklə başa gəlmirdi. Buna görə də çəkilən fotoların əksəriyyəti olduqca maraqlı və önəm kəsb edən fotolar idi. Həmin vaxtlarda həyatın gedişatı indikindən fərqli olub.
(“Bizim Cəbiş müəllim” filmi,1969-cu il)
– Sizcə, retro filmlərimizin rəngli variantı da maraqlı görünər?
– İnsanların müəyyən bir kəsimi var ki, onlar ağ-qara görüntülərin elə olduğu kimi qalmasının tərəfdarıdır. Ağ-qara formatın nostalji hisslər yaratdığı deyirlər. Fikrimcə, elə deyil. Əgər əlimizdə həmin görüntüləri daha da canlı və rəngli etmək mümkündürsə, niyə də olmasın?! Rənglənmiş formatda biz həmin dövrü daha yaxşı, daha net formada görə bilərik. Ağ-qara filmlərimizin rəngli versiyaları olduqca maraqlı alınar. Hətta buna bir neçə nümunə var ,məsələn, “Arşın Mal Alan” filmi sonradan rənglənərək restavrasiya edilib və gözoxşayan alınıb.
– İnsanlar sizə köhnə şəkillərini rəngləndirmək üçün müraciət edirlərmi? Buna görə nə qədər ödəniş alırsınız?
– Bəli, hazırladığım fotoları görüb, işimi bəyənən insanlar şəxsi fotolarının restavrasiyası üçün mənə müraciət edirlər. Ödəniş şəkildən asılı olaraq dəyişir . Orta ölçülü fotolarda qiymət 10-15 manat aralığında dəyişir. Böyük şəkillərdə isə bu qiymət 30 manata qədər artır.
(Bəhram Mansurov və Eldar Mansurov,1982-ci il)
– İşlərinizi sosial şəbəkələrdə paylaşanda necə reaksiyalar alırsınız?
– Çox müsbət reaksiyalar alıram. İzləyicilər gördüyüm işləri bəyənir və buna görə təşəkkür edirlər. Bu mənə növbəti işlərimi görmək üçün olduqca böyük stimul verir.
– İşinizlə bağlı hansı gələcək planlarınız var?
– Hazırda yalnız fotolar üzərində işləyirəm. Gələcəkdə işimi genişləndirib video materiallar üzərində də işləməyi düşünürəm. Keçmiş retro filmlərimizin də rənglənməsi planımda var. Amma bu iş çox böyük zəhmət, vaxt və böyük bir komanda tələb etdiyi üçün lap sonraya saxlamışam. İşlərimi görüb bəyənən izləyicilər fotoları daha yaxından, sərgi formasında görmək istədiklərini deyirlər. Buna görə gələcəkdə rənglədiyim fotolarla onların ağ-qara versiyalarının müqayisəli formada nümayiş oldunduğu sərgi keçirmək də planımda var.