Ceyhun Məmmədov: “Məqsədimiz dövlətimizə, xalqımıza, millətimizə xidmət etmək, azərbaycanlıları birləşdirmək, həmrəyliyə nail olmaqdır”
Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinə sədr təyin olunan kimi ilk gördüyü və böyük uğur qazandığı iddia olunan işlərindən biri Ukraynadakı diaspor təşkilatlarını Ukrayna Azərbaycanlıları Radası ətrafında birləşdirmək oldu. Buna da əsas səbəblərdən biri Ukraynada fəaliyyət göstərən diaspora təşkilat sədrləri arasında “soyuq müharibə”ni yatırtmaq olub.
Belə ki, aparılan danışıqların sonunda 14 aprel 2019-cu ildə Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (UAR) təsis qurultayı keçirilib. 200 nümayəndədən 178 nəfərin iştirak etdiyi qurultayda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-ın həmsədrləri seçiliblər. UAR-ın baş katibi isə Seyid Qədiməliyev təyin olunmuşdu. Eyni zamanda, 3 əsas təşkilatdan 5 nəfər İdarə Heyətinə üzv seçilib. 2020-ci ilin martın 19-da Rövşən Tağıyev Radadan ayrılıb. Yerli medianın yazdığına görə buna səbəb təşkilat daxilində yaranan fikir ayrılığı olub. Bu il iyulun 2-də isə Kiyev şəhərində UAR-ın İdarə Heyətinin toplantısında Ceyhun Məmmədov təşkilatın baş katibi seçilib. İki aydır yeni vəzifəyə seçilməsinə baxmayaraq C.Məmmədovun aktiv fəaliyyəti bizim onunla müsahibəmizə əsas səbəblərdən biri oldu.
C.Məmmədov “Xalq Cəbhəsi”nə öncə Ukraynada diaspora quruculuğundan və UAR-ın yaranma səbəblərindən, fəaliyyətindən danışdı.
– UAR Ukraynada diaspora sahəsində aparılan quruculuq və islahatlar prosesi nəticəsində yaranıb. Heç kəsə sirr deyildi ki, burada bir-biri ilə yola getməyən, fikirləri haçalanan diaspora təşkilatları vardı. Çox vaxt şəxsi maraqlarımız milli maraqlarımızı üstələyirdi. Bu da ümumi işimizə ziyan vururdu. Gücümüz, potensialımız olsa da həmrəylik, birlik nümayiş etdirə bilmirdik. Ukraynada ilk diaspor təşkilatı 1992-ci ildə ümummili liderimiz Heydər Əliyev təşəbbüsü ilə yaranıb. Bu təşkilatın şərəfli, zəngin və tarixi bir keçmişi var. İlk diaspora təşkilatı sədri Nazim İbrahimov sonradan səfir, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olub. Ukraynada diaspora təşkilatı sədri olan Tələt Müseyibov da sonradan burada səfir işləyib. Yəni Ukraynada yaşayan azərbaycanlıların gözündə diaspora təşkilatı nüfuzlu, hörmətli və statuslu bir yer kimi qalıb. Bəlkə ona görə də Ukraynada çoxlu diaspor təşkilatları yaranmışdı. Diaspora quruculuğu sahəsində dönüş, belə deyək islahatlar Fuad Muradovun komitəyə sədrliyi dönəmindən başlayıb. Onun atdığı ilk addımlardan biri xarici ölkələrdə yaşayan azərbaycanlılar, diaspora təşkilatları arasında həmrəylik, birlik yaratmaq, təşkilatlanmaq məqsədilə Koordinasiya şuralarının yaradılması və Azərbaycan Evlərinin açılması olub. Səhv etmirəmsə, bu günədək 27 ölkədə 11 Koordinasiya Şurası yaradılıb. Bu böyük nəticədir. Fuad Muradov Ukraynaya səfərdə olarkən 3 böyük diaspors təşkilat sədrləri ilə görüşdü, onları bir araya gətirərək həmin təşkilatların əsasında Ukrayna Azərbaycanlıları Radası yaradıldı. Böyük nüfuz və hörmətə malik hər üç təşkilat – Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-ın həmsədrləri seçiliblər. Sonradan Rövşən Tağıyev bu Radadan ayrıldı, təşkilatın iki həmsədri qaldı. Düşünürəm ki, qarşıya qoyulan məqsədə – təşkilatların birgə fəaliyyətinin koordinasiyasına artıq nail olunub. Kiyevdə UAR-ın möhtəşəm bir qərargahı var, geniş formada təşkilatlanmış, milli və dövlətçilik maraqlarımızın qorunması istiqamətində intensiv iş aparırıq. Təkcə Ukraynada deyil, xaricdə yaşayan azərbaycanlılar və diaspora təşkilatları artıq Azərbaycan hökumətinin diaspora quruculuq sahəsinə diqqət və qayğısını artırdığının şahidi olublar. Bundan əlavə Komitə böyük və vacib layihələrin həyata keçməsində öz dəstəyini göstərib. Həm maddi, həm mənəvi baxımından komitə diaspora təşkilatları ilə sıx əməkdaşlıqdadır. Bu da soydaşlarımızın diaspora sahəsinə böyük inam və etibarının artmasına səbəb olub. Bu gün xaricdə yaşayan soydaşlarımız milli və dövlətçilik maraqları, azərbaycançılıq ideologiyasının qorunması istiqamətində əzmlə çalışırlar, fədakarlıq göstərirlər. Bizim yanımızda olmayan bəzi regional təşkilatlarla da intensiv iş aparırıq ki, güclərimizi birləşdirək.
– İki aydır təşkilatın baş katibi postuna seçilmisiz. Bütün yük çiyinlərinizdədir, hansı məsələlərdə çətinliklərlə üzləşirsiz?
– İki ayda ciddi bir problemlərlə üzləşmədik, bir az təşkilatın media ilə əməkdaşlığında axsamalar vardı, o da aradan qaldırılıb. Təbliğatımızı gücləndirmişik. Təbii ki, əgər biz hansısa məqsədə nail olmağı qarşımıza məqsəd qoymuşuq bu yolda çətinliklərin, maneələrin, risklərin ola biləcəyini də düşünmüşük. Asanlıqla heç nəyə nail olmaq mümkün deyil, özü də diaspora sahəsində. Diaspora sahəsi çox ağır və məsuliyyətli bir sahədir. Bu sahədə təcrübə, nüfuz, hörmət, intellekt və bir də vətən, xalq, millət sevgisi lazımdır. Çətinliyimiz və reallaşdırmaq istədiyimiz hədəf buradakı azərbaycanlıları birləşdirmək, təşkilatların vahid mərkəzdən koordinasiyasına nail olmaqdır. Kifayət qədər çətin, məsuliyyətli və əsas məsələdir. Hədəfimiz Ukraynada fəaliyyət göstərən millətini, dövlətini, vətənini sevən sağlam qüvvələri bir çətir altında, UAR ətrafında birləşdirməkdir. Bilirsiz, insanlar arasında ortaq bir məxrəcin tapılması çətin olsa da mümkündür. Bunun öhdəsindən gələ bilmək üçün bizim geniş imkanlarımız var.
– Hər hansı bir təşkilatın ayaq üstə durması, geniş və əhatəli fəaliyyəti üçün ilk növbədə maliyyə lazımdır. Ukraynadakı azərbaycanlı iş adamlarını bu sahəyə cəlb edə bilmisiz?
– UAR-ın həmsədrləri – Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin təşkilatın ayaq üstə durması üçün maliyyə dəstəyi göstərirlər. Eyni zamanda onların ətrafında olan iş adamları da diaspora quruculuğu sahəsində bizə dəstək olurlar. UAR-ın yaranmasından bir il sonra dünya pandemiya təhlükəsi ilə üz-üzə gəldi. Sərhədlər bağlandı, ölkələrarası əlaqələr kəsildi, sərt karantin qaydaları tətbiq olundu və s. Həmin dövrdə, sərhədlər açılanadək təkcə Kiyevdə 1500-dən çox soydaşımıza hərtərəfli yardım göstərildi. Burada qalmaq, yeməklə təmin olunmaqdan çarter reyslər vasitəsilə vətənə yola salınmasına qədər bütün xərcləri UAR-ın həmsədrləri və onların ətrafında olan iş adamları ödədi. Bundan sonra İkinci Qarabağ savaşı, Yaşat Fonduna fərdi və Diasporla iş üzrə Dövlət Komitəsinin həmin fonda yardım aksiyası marafonuna da qoşulduq. Eyni zamanda 44 günlük müharibədə qazı, müharibə iştirakçısı olan, şəhid ailələriunə də yardımlar olunub. Sorğu və monitorinq keçirilsəydi, belə bir xeyriyyəçilik aksiyalarında iştirak edən xarici ölkələr arasında Ukrayna ilk beşlikdə olardı. Ukraynada yaşayan fəaliyyət göstərən azərbaycanlı iş adamları heç vaxt ümummilli, dövlətçilik maraqlarından geri çəkilməyiblər, bu istiqamətdə fəaliyyət göstərən hər bir təşkilata dəstək olublar. Dövlət Komitəsinin bizə maddi yardımını da qeyd etməliyəm. Ümummilli layihələrin həyata keçməsi, ofisin saxlanması, diaspora quruculuq və təşkilatlanma işlərində hər zaman komitədən dəstək göstərilib.
– UAR-ın Ukraynada fəaliyyət göstərən digər ölkələrin diaspora təşkilatlarla əlaqələri hansı səviyyədədir?
– Bu sahədə də əlaqələrimizi genişləndirmək niyyətindəyik. Öncə türkdilli ölkələrin diaspora təşkilatları ilə əməkdaşlığımızı möhkəmləndirmək planı üzərində intrensiv iş aparırıq. Məsələn, bu yaxınlarda UAR-ın ofisində “ДОСТИК” Qazax mədəni birliyinin rəhbəri Daniyar Eqamberdiyev ilə görüş keçirdik. İlk olaraq qardaş qazax xalqının diasporu ilə başladığımız bu görüş digər türkdilli ölkələr üzrə davam edəcək. Sonra bu ölkələrin diasporu ilə yekun birgə konfrans keçirməyi planlaşdırırıq. Antiazərbaycan mövqeyində duran qüvvələrdən başqa xarici ölkələrin diaspora təşkilatları ilə əməkdaşlıq etməkdə maraqlıyıq və edəcəyik.
– Aparılan informasiya, ideoloji mübarizədə UAR hansı uğurlar əldə edib?
– İndiki dövrdə ideoloji mübarizə aparmaq çətindir. UAR-ın informasiya, ideoloji mübarizəsindəki böyük uğurlarından danışmaq fikrimcə, hələ tezdir. İki il öncə yaranmışıq, onun da bir ili pandemiya dövrünə düşüb, hələ də o təhlükədən xilas olmamışıq. Amma bütün bunlara baxmayaraq, zamanın bizə verdiyi fürsətdən istifadə edib ideoloji işimizi qura bilmişik. İnanıram ki, gələcəkdə UAR bu sahədə də böyük nailiyyətlərə, uğurlara imza atacaq. Bizim təşkilatda yetərincə yüksək intellektə malik kadrlar var. Güclü potensiala malikik, təşkilatın nüfuzu ildən-ilə artır, güclənir. Bu göstəricilər də bizə imkan verəcək ki, Azərbaycanı Ukraynada layiqincə təmsil edə bilək. Ancaq onu da deyim ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və ona yaxın deputatlar tərəfindən Ali Rada da iki dəfə Xocalı soyqırımının tanınması məsələsi gündəmə gətirilib. Təəssüf ki, Ukrayna siyasi elitasında özünə yer edən ermənilər və ermənipərəst qüvvələrin təzyiqi ilə bu məsələ gündəmdən çıxarılıb. Amma bu bizi heç də ruhdan salmayıb, Azərbaycan həqiqətlərini ictimailəşdirmək, ermənilərin işğalçılıq siyasətinin iç üzünü açmaqda davam edirik. Ukayana mediası, siyasilərlə əməkdaşlığımız, əlaqələrimiz yüksək səviyyədədir. İkinci Qarabağ müharibəsi zamanında Ukraynada media mənsubları, ekspertlərin iştirakı ilə dəyirmi masalar təşkil edildi, haqq işimiz yerli mediada işıqlandırıldı. Yerli media ilə əlaqəılərimnizi möhkəmləndiririk. Bu yaxınlarda Ukraynanın əməkdar jurnalisti Şvets Aleksandr Efimoviçlə təsisçisi və baş redaktoru olduğu “Faktlar və Şərhlər” (Фа́кты и коммента́рии) nəşrinin redaksiyasında görüşümüz olub. Belə görüşləri müxtəlif redaksiyalarda davam etdirəcəyik.
Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarının şəhər və kəndlərininin raket və ağır artilleriya hücumlarına məruz qalma faktları, nəticədə onlarla dinc sakinin öldürülməsi, yüzlərlə tikilinin dağıdılması və s. işğalçılıq faktları Ukrayna ictimaiyyətinə çatdırılıb. Bundan başqa 44 günlük müharibədə hər yerdə olduğu kimi Ukraynada yaşayan azərbaycanlılar da ordumuz, hökumətimizə dəstək nümayiş etdiriblər. Düşünürəm ki, bu aksiyalar öz müsbət nəticəsini verib. Bu dəstək təkcə Ukraynada yaşayan azərbaycanlılar deyil, yerli hökumətdən də gəlib. Bu gün iki ölkə arasında güclü dostluq və qardaşlıq münasibətləri mövcuddur. Ukrayna Azərbaycanın, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bütün beynəlxalq tribunalarda bir-birlərini dəstəkləyirlər. Bu günlərdə Ukrayna prezidenti Zelenski ölkəsinin xarici siyasətinin prioritetlərini açıqlayarkən, bəzi ölkələr rəsmi Kiyevə düşmən göstərilsə də, Azərbaycan dost ölkə, strateji müttəfiq kimi qəbul edilib. Bunlar Azərbaycan hakimiyyətinin apardığı uğurlu və uzaqgörən siyasət və bu siyasətin tələblərini, məqsədlərini Ukraynada həyata keçirən diaspora təşkilatlarının fəaliyyətinin nəticəsidir.
– Ukraynada azərbaycanlılar çoxdur. Qeyri rəsmi məlumata görə beş yüz mindən çox. Amma ölkənin ictimai, siyasi səhnəsində görünmürlər, yüksək vəzifə sahibi deyillər, heç Rada da təmsil olunmayıblar.
– Bu sualı biz burada da bir-birimizə veririk. Bununla bağlı mənim subyektiv fikirlərim var. Birincisi, Ukraynada 500 min azərbaycanlının yaşadığına inanmağım gəlmir, bu rəqəm qənaətimcə, haradasa 100-150 min ola bilər. 500 min azərbaycanlının yaşadığı bir ölkədə vəzifəli və ya deputatın olmaması nonses ola bilər. İkincisi, bizim Ukraynada kifayət qədər, başarılı, uğurlu ziyalılarımız, mədəniyyət xadimlərimiz var. Onlar niyə vəzifədə, siyasi arenada deyillər, düşünürəm ki, belə hədəfləri olmayıb. Bura gələnlərin çoxu bizneslə məşqul olmaq istəyiblər və olublar. Amma UAR olaraq bizim həmsədrlər, İdarə Heyəti üzvləri ilə danışıqlarımızda soydaşlarımızı buna təşviq etməyi tövsiyə etmişik. Elə insanlar var ki, bunun marağında olmayıblar, elələri də var ki, dövlət işində olmaq istəyindədir, amma madiyyatı buna imkan vermir. Rada olaraq düşünürük ki, tərəflərə maddi və mənəvi dəstəkdə olmalıyıq, onları bu postlarda təmsil olmalarına ruhlandırmalıyıq. Düzdür, əksəriyyəti rayon, şəhər meriyasında təmsil olunublar, amma yuxarı siyasi elitada, kürsülərdə deyillər. Bunu isə soydaşlarımızın bacarıqsızlığı, savadsızlığı ilə heç də bağlamazdım. Sadəcə soydaşlarımızın başqa hədəfləri var ki, buna çatmağa qərarlaşdırıblar və bu sahədə uğurlar qazanıblar. Amma bir daha deyim ki, Rada olaraq ölkədə nüfuzu, çəkisi, hörməti, intellekt səviyyəsi olan soydaşlarımız arasında təbliğat aparırıq ki, ölkənin ictimai, siyasi həyatında aktivlik nümayiş etdirsinlər, potensial və güclərindən istifadə edib yüksək dövlət strukturlarında, siyasi çevrələrdə təmsil olunsunlar.
– Necə fikirləşirsiz, UAR-ın yaranmasını istəməyən qüvvələr hələ də mövcuddur, yoxsa artıq “dənizdə sakitlikdir”…
– Ümumi olaraq sakitlik var. Amma vurğuladığımız kimi, bizi istəməyən qüvvələr də var. Hər bir yeni yaranan təşkilatı istəməyən qüvvələr də olacaq, onu istəyən, dəstəkləyənlər də olacaq, loyal münasibət bəsləyənlər də olacaq. Sadəcə bizi istəməyən qüvvələrin haqqımızda dedikləri doğru fikirlərdən nəticə çıxarıb fəaliyyətimizi gücləndirməliyik. Tənqidə hörmətliə yanaşırıq. Bizi istəməyən, gözü götürməyən qüvvələr həmişə olacaq və onları tamamilə sıradan çıxarmaq fikrində də deyilik. Müxtəlif fikirli, düşüncəli insanlar var, Azərbaycanı sevən, sevməyən qüvvələr də var. Onların hamısı bizi sevməyə məhkum və məcbur deyillər, bunun marağında da deyilik. Amma onlar bizim ətrafımızda ola da bilməz, onları aramıza, yaxınımıza buraxmarıq. Ancaq ölkəmizi istəməyən, inkişafına, güclənməsinə yarasa gözü ilə baxan və ya baxmaq istəyən qüvvələrlə həmişə mübarizə aparırıq və aparacağıq da. Bu mübarizə yolunda biz mətnləşəcək, təcrübə toplayacaq, təşkilatlanacaq, ptofessionallaşacaq, gücənəcəyik. Bu bizim ümumi işimizin xeyrinədir. Azərbaycanı, dövlətini, millətini sevənlərə həmişə aramızda yer olacaq. Bircə onu deyə bilərəm ki, son illərdə Ukrayna- Azərbaycan əlaqələrinin möhkəmlənməsi, dostluq münasibətlərinin qorunub saxlanmasında buradakı diaspor təşkilatların da rolu az olmayıb. 44 günlük müharibədə Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, intensiv şəkildə, aramsız və operativ ictimaiyyətə düzgün məlumatların verilməsində diaspora təşkilatlarımız birlik nümayiş etdiriblər. Bütün bunlar Azərbaycan dövlətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin apardığı məqsədyönlü siyasətin uğurudur. Özümüzü heç kimlə müqayisə etmək istəməzdim. Bizim öz yolumuz var – ölkəmizə, dövlətimizə, xalqımıza, millətimizə, gələcəyinə, güclənməsinə xidmət etmək. Bu yolda qarşımıza kəsə biləcək istənilən qüvvəyə güc gəlmək iqtidarındayıq. Bütün hücumları dəf etməyə gücümüz var. Niyyətimiz, məqsədimiz “Fikirdə, sözdə, əməldə bir” şüarı altında azərbaycanlıları birləşdirmək, həmrəyliyinə nail olmaqdır. Bütün sahələrdə uğur qazanmaq üçün ilk növbədə həmrəy olmağımız vacibdir. İnanıram və ümid edirəm ki, buna tezliklə tam nail olacağıq
Avrasiya informasiya agentliyi