Ölmüş uşaq yuxuda mənə deyirdi ki…

Faiq Balabəylinin “İnsan taleyi” layihəsində…

İki qutu siqaret, bir çörək, bir pomidor və bir kəsmik aldı.

– Mənə araq da ver. Yaxşısından olsun, keçən dəfə verdiyin xoşuma gəlmədi. Ucuz olsun…

Satıcı ona araq da verdi. Alıb qurşağına qoydu. Burnunu çəkdi. Satıcı xanım onun uzatdığı pulu iyrənirmiş kimi aldı və daxılda qalaqlanmış pulların üstünə atdı:

– Tez çıx bayıra, iyindən burnum tutuldu.

Beş kişidən biri…

Satıcı qadının boyalı dodaqları büzüldü, sarı rəngə boyanmış saçlarına əl gəzdirdi. Əlini arxasına çəkdi: sanki əlinə dəymiş çirki silirdi. Mənə tərəf döndü:

– Buyurun, nə istəyirsiz? – nimdaş, çirkin içində olan adama baxdığımı görüb əlavə etdi: – Başına daş düşsün, vaxtı ilə 5 kişidən biri idi, qurşandı içkiyə, ailəsi də üz döndərdi ondan….

Siqaret alıb “vaxtı ilə 5 kişidən biri olan” səfilin ardınca çıxdım. Dükanın qarşısındakı ağaca söykənib siqaretini yandırmaq istəyirdi. Külək də onun qəsdinə durmuşdu, kibriti sönürürdü. Küləyə kürəyini çevirdi ki, ovcunun içində saxladığı kibritini odlaya bilsin. Qarşısında məni gördü, siqaretini yandırdı və əli ilə burnundan sapsarı saralmış bığına qarışan seliyi sildi:

– “Adamuşkası” gələcək deyə, məni içəridən qovdu. Yoxsa həmişə məni söhbətə tuturdu…

Aldığı ərzaq selafon paketdə idi. Paketi ağacın budağına keçirmişdi. Əlinin üstü yara, elə sifəti də cızıq-cızıqdı. Yazıq və miskin görünüşü vardı. Satıcı qadının dediyi kimi üfunət qoxuyurdu.

– Sən niyə bu gündəsən?

Sualımın köntöy səslənməsini özüm də hiss etdim, amma artıq gec idi. Həm də inanmadım ki, sualın bu cür qoyuluşu onu incik salsın.

– Nə gündəyəm ki? – sualıma sualla cavab verdi. – Sən özündən danış, özün gör nə gündəsən…

Öz var yoxundan xəbəri yoxdur

Qəzəbi aşkar hiss olundu. Qeyri-ixtiyari üst başıma nəzər saldım və gülümsədim:

– A kişi, sözüm xətrinə dəyməsin e, vaxtı ilə sayılıb-seçilən adam olubsan, indi isə küçələrdəsən.

– Ehhh, – ah çəkdi, paketini götürdü, yolun əks tərəfinə keçmək istədi. Sürətlə keçən maşının sürücüsü yağlı söyüşü ilə onu diksindirdi. Qoca sürətlə gedən maşının ardınca xeyli baxdı. Təpiklə maşını arxadan vururmuş kimi ayağını boşluğa “tulladı”:

– Elə sənin…

Mənə tərəf döndü:

– Bu məni söyən var ha, bəlkə də öz var-yoxundan xəbəri yoxdu e…

Adamı dilə tutdum, “gəl, oturaq söhbət edək, mən də dostumu gözləyirəm, gəlincə vaxtımızı öldürək”, – dedim.

– Mən nahar edəcəm, dostum məni gözləyir.

– Eybi yoxdur, istəyirsən, birlikdə gedək dostunun yanına.

Deyəsən dediklərimi eşitmədi, ya da heç fikir vermədi, yolun əks tərəfinə keçdi. Qarşı tərəfdəki alçaq evlərin, gecəqonduların arasındakı dar yola keçdi. Ardınca getdim. Geri boylananda məni gördü. Dayandı.

Aslan kimi oğlanam

Yaxınlaşdım:

– Adın nədir?

– Adım Aslandı, özüm də aslan kimi oğlanam, nə istəyirsən?

– Heç, mənə maraqlı gəldi, dedim, görüm dostun necə adamdır, ona görə ardınca gəldim, O ki qaldı aslan kimi oğlan olmağına, inanıram, amma əldən düşmüş, ora-burasına milçək qonan aslansan…

Zarafatım xoşuna gəldi. Qoca, gövdəsi düyünlü tut ağacının altındakı skamyada oturdu. Hərəmiz öz siqaretimizi yandırdıq. Xeyli söhbət etdik. Mənasız söhbətlər idi, amma onun qılığına girmək lazım idi. Axır ki, məqam çatdı:

– Aslan, danış həyat hekayətini qulaq asım. Kimin var, kimin yoxdur, niyə bu günə düşübsən, kim idin, nəçi idin?

Qorbaçov gözüynən görmüş

Artıq dostlaşdıq deyə, məni üzməyəcəyinə əmin idim. O mənə ürək qızdırırdı. Zəmanədən şikayətlənir, bu gününü söyür, dünənini danışıb hənirindən isinirdi.

– Mənim doğurdan da hörmətim çox olub. Maşın ustası idim. “Pervi taksi-motornı”da “uçenik” də olmuşam, usta da işləmişəm. Sonra özüm üçün yer tutdum, “boks” açdım ustalıq etdim.

– Yəqin obyekt açmağa xərcin çox çıxdı.

– Yox, onda belə deyildi. Qorbaçov gözüynəngörmüş “sayuzu” dağıtmışdı. Burda da mitinq-zad, hamı başını itirmişdi. Məhləmizdə iri bir tut ağacı vardı, əlimdə “otverka”, açar-uçar dururdum ağacın altında. “Maşın təmiri” yazıb yapışdırmışdım ağaca. Tanışların, qonşuların maşınlarına “barmaq edirdim”, düzəldirdim, gedirdilər. Bir də onda ayıldım ki, maşınlar növbəyə durur, sürücülər vaxtımı, vədəmi alıb gedirlər. Bir də o vaxt özümə gəldim ki, artıq burda ağıllı-başlı təmir dükanım var, “uçastkovı”ya, kənd sovetinə, “sanepid”ə haqq verirəm. Əlimin altında “uçenik”lərim işləyir. Pulum çox idi. Uşaqlarımın da tay-tuş arasında hörməti vardı. Sonra da…

Dinmədi. Əlinin arxası ilə ağzının cünclərindəki tüpürcəyi sildi. Sağ əlinin baş barmağını burnuna dirəyib, fınxırdı. Sonra sol əlinin baş barmağını əziyyətə saldı. Əli əsə-əsə siqaret yandırdı. Gözlərinin nuru da öləzimişdi, baxışlarından heç nə oxuya bilmədim. Deyəsən özü də ötənlərini yada salmaqda, danışmaqda maraqlı idi. Susurdu amma. Yenidən söhbətə çəkdim:

– Aslan, sonra nə oldu?

– Sonra çox şeylər oldu. – Çox yazıq səslə dedi.

– Məsələn…

– Mən axı bilmirəm nə danışım.

– Bax, sən yaxşı usta idin, uşaqların vardı, hamı hörmət edirdi, bəs sonra nə oldu axı?

– Mən yaxşı adam idim. Dostlarım da var idi. Onlar da yaxşı adam idi. Sonra dostlarım da yox oldu…

Oğlumu öldürdülər, qızımı qaçırtdılar

Dodaqları titrədi. Az qala bir birinə dəyən çirkli, qanı qaçmış dodaqların səsini eşitdim. Eynən soyuqdan bir-birinə dəyən diş səsləri kimi. Gözlərindən dumduru su axdı, sifətində lehmələndi, çığır saldı çənəsinə qədər o göz yaşları. Və sifətindəcə qurudu. Üzünün toz-torpağı gözünün suyunu canına çəkdi.

– Oğlumu öldürdülər, qanını batırdılar. Qızımı qaçırtdılar. Sonra gətirib atdılar üstümüzə, qarnında da uşağı. Qızımın oğlu oldu, oğlumun adını qoymaq istədim, arvadım qoymadı, itin belindən gələnə oğlumun adını qoymaram dedi.

Aslanın ürəyinin qaysağını qopartmışdım. Onu tanıyanlar, tanımayanlar vücuduna, görünüşünə baxıb lağ edənlər ürəyinə, dərdinə, çəkdiyi iztiraba bələd olsa idilər, bəlkə də onu təhqir etməz, yanlarından qovmazdılar.

Əlini selafon paketinə, qurşağındakı arağa çəkir. Deyəsən əmin olmaq istəyir ki, araq yerindədir, düşməyib; o özünü içki ilə ovudur, dərdlərini unutmaq, ona olan etinasızlığa tab gətirmək istəyir. Xəyallarından ayırdım:

– Aslan, bəs sonra..

– Sonra çox şeylər oldu…

Yenə də həmənki titrək səs və həmin ifadə. Bir qədər fikrə gedib danışmağa başladı:

– Sonra arvadım mənə dedi ki, adını kişi qoyubsan, oğlunu öldürdülər, qızını qaytardılar, adımızı xar etdilər, sən isə dəmir-dümürlə eşələndin. Mən dağlı balasıyam, dözmədim. Əvvəlcə oğlumu öldürənlərlə haqq hesab çəkdim. Sonra da qızımı aldadanlarla…

– Necə haqq-hesab çəkdin, öldürdün?

– Hə, öldürdüm. Oğlumu öldürən başqası idi, onu tutmuşdular. Amma onun ölümünə fitva verənlər qonşuluqda yaşayırdı. Hamı bilirdi ki, onlar edib bu işi. Qız söhbəti olubmuş. Amma oğlumun heç xəbəri yox imiş bu söhbətdən.

Oğlumun qisasını almaq haqda fikirləşirdim

Sözünə ara verir. Yaddaşını vərəqləyir, nəyi isə dəqiqləşdirir, sanki.

– Bir dəfə dedim onlara, dedilər ki, bilsəydik belə olacaq, oğlunu qoymazdıq söhbətə getsin. Amma yalan deyirdilər. Uşaq gedib, söz-söhbət böyüyüb, bıçaqla ürəyindən vurublar. Hə, onların “Qaz-24″–ü vardı. Maşınlarına mən baxırdım. Hər dəfə də görəndə imkan tapıb oğlumun qisasını almaq haqda fikirləşirdim. Çox illər keçmişdi. Artıq unudulmuşdu. Bir dəfə gəldilər ki, bəs maşına bax, bəs filan şeyləri dəyiş. Rayona gedəcəkdilər. Girdim “yama”ya, Nəyi dedilər, onu da düzəltdim. Gördüm ki, tormoz şlanqı cırılmaq üzrədir. 1-2 dəfə güclü sıxılsa şlanqı partlaya, mayesi dağıla və tormoz tutmaya bilər. Bu maşınların tormoz sistemi hava ilədir. Əl vurmadım. Demədim də. Nəyi dedilərsə, onu da dəyişdim. Gediblər rayona, dağ yolunda “tormoz” tutmayıb, maşın aşıb dərəyə. Hamısı ölmüşdü. Bir uşaq da vardı içərilərində. O da ölmüşdü.

“Aslan baba, sən axı bilirdin…”

Aslanın səsi titrədi. Hülqumu aşağı-yuxarı dartıldı. Üstünü yara basmış əlinin arxası ilə gözünü, ağzını sildi.

– Həmişə yanıma gələrdi. Körpə idi. Sap-sarı saçları vardı. Mənimlə söhbət edərdi. Axı qonşu idik. Oğlumu o uşağın atasının sözü ilə qonşu məhlədəki oğlan öldürmüşdü, qız üstündə, bilirdim. Hər ikisi eyni qızı istəmişdi. Həmin oğlan oğlum öləndən sonra o qıza evlənmişdi. Bu uşaq mənim gəlinim olacaq qızın oğlu idi, həm də… Həmin uşaq yuxuma girirdi: “Aslan baba, sən axı bilirdin, niyə düzəltmədin maşını”, – deyirdi mənə. Havalanırdım. Ağlayırdım. Onların meyiti çıxanda arvadım başına, əlinə xına qoydu, həyətdə qol açıb oynadı:

– Bir balam ölmüşdü, ailələrini apardı qurban olduğum,- dedi. Arvadım mənə dedi ki, sən kişi olsaydın, qisasını alardın. Allah mənim naləmi eşitdi, deyirdi, arvadım. Mən ona deyə bilmədim ki, onları mən öldürmüşəm…

Aslan danışırdı. Səsi titrəyirdi. Soyuqdan idi, yoxsa həyat hekayətinin yaddaşında ilişib qalan xatiratları idi onu əsim-əsim əsdirən, bilmədim.

– Bəs qızın necə oldu? Dedin axı sonra da onun qisasını aldım…

– Nəvəm böyüdü, anasını aldadan kişinin bacısı qızını, bibisi qızını qaçırtdı, 3 ay saxladı, qarnında uşaq qaytardı geri… Amma mən onda evdən çıxmışdım, zirzəmilərdə qalırdım, arvadım uşağı məcbur etmişdi ki, belə etsin…

Faiq Balabəyli

Share: