Akberen ELGEZƏK
(Qazaxıstan)
HƏSRƏTİN SALAMI
Salam dedi həsrət yenə,
Yenə darıxır ürəyim.
Ağlayıb qucaqlayaram,
Olaram dərdin gərəyi.
Gedərkən gözlərindəki,
Dərd-kədər qorxutdu məni.
Adadakı yalnız çiçək,
Sanmışam, əzizim, səni…
Xəyal yüksəyə uçmasın,
Yerə bir tük də düşməsin.
İnsanı sevmək xoşbəxtlik,
Qoy ağlasın ruhum, səsim.
Gəlmədi xoşbəxtlik vaxtı,
Zamanın sürəti yordu.
Üzükdəki yaqut daşı,
O, xatırlayıb da durdu.
Sevginin bəyaz işığı,
Yaş olub axsın gözümdən.
Ver, ləzzət piyaləsini,
Sərxoşluq yağsın üzümdən..
Qarışıq qəmindən dadım,
Sərxoş olum, ayılmayım.
Fırtınadakı qayığam,
Qoy, göylər kimi ağlayım…
Həsrət – mənim şirin dərdim,
Hicranımda sən yanarsan.
Bir gün sən də, ağ çiçəyim,
Ürəyimdə oyanarsan…
EHTİRASLI
Kirpiğinin ucuyla,
Bir işarə ver, lütfən.
Qəlbimlə anlayaram
Hər şeyi o zaman mən.
Titrəyən barmağını
Saçlarıma toxundur.
Axşam dodaqlarıma
Sən bir öpücük qondur.
Gözlərinin dibində,
Söylə, nədəndir yaşlar?
Bax, mənim gözlərimə,
Orda bir nağıl başlar!
Titrək duyğularımı,
İsidəcəm eşqinlə.
Ürkəkdir mənim səbrim,
Ayrılıq vaxtı inlər.
Aradığım cənnətim,
Sənin qollarındadır.
Yandırma, kül olaram,
Her şey yollarındadır…
OVUCUMDAKI ÇİÇƏK
Gəl, günəşim!
Ovucumu açım.
Sən ona
yavaşca çiçək ək.
Göz yaşlarımdan ona verim.
Çiçək bizə həmdəm olsun.
Açılsın və daim parlasın.
Yummayacağam ovucumu.
Nur ələnsin ona.
Sevim körpəmi!
Dodaqlarımdan silinmiş işığa son!…
Gözləyirəm yeni sabahımı.
İnadla
yummayacağam ovucumu.
Titrəyən yarpağından
gizli bir şəfəq saçılsın.
Dərdlərim içimdə qalsın.
Bu gözəllik
onu görməsin!
Gecə yarısı
sadəcə sənin üçün
yeni nur yarada bilərəmmi?!
Sadəcə sənin üçün,
sadəcə sənin üçün
Ovcumdakı çiçək böyüyüb!
GÖNDƏRİLMƏYƏN MESAJ
Qəlbimiz tənha bir ada,
Ürəyimiz yaralıdır.
Sən mənim dəniz mehimsən,
Şeirim gecəyə yardır.
Gözlərin mənim məskənim,
Dalğa saçların pirimdir.
Öpmədiyim dodaqların,
Baldan şirin şəkərimdir.
Kipriklərin ömrümüzün,
Görünməyən hasarıdır.
Sənsiz keçən günlərimin,
Göz yaşları simsarıdır.
“BƏLİ” VƏ “XEYR”
Cavabın
“Bəli” ilə “Xeyr” arasındadır.
Məni hiss edə biləcəyin səssizlik…
Amma
mən sənin gözlərinə sığınıram.
Qəlbim sənə səcdə edir.
“Bəli” desən,
hərarət yayılar vucuduma.
“Xeyr” desən,
mən cahana sığmaram.
İndi bizi
bir nöqtədə saxlayır,
“Bəli” ilə “Xeyr”in
arasındakı tərəddüdlər…
Bəzən
uçub getmək istəyən
bir quş kimi oluram.
Kirpiyinin
hər hərəkəti
düşündürür məni.
O kirpikdən
od alar bir gün
“Bəli” ilə “gəl”
arasındakı həvəs!
İMPROVİZASİYA
Qaranlıq göy üzünü
yarır ulduzlar.
Mənə doğru əsir
dərdli küləklər.
Baharın gəldiyi küçədə
göz qırparaq
keçib gedir çiçək qızlar.
Xoş ətir bütün havanı
sərxoş edib.
Həvəsimlə vidalaşıb gedir.
Dirəklər
nur doldurub lampalarına.
Başlarını
gözəlliyə doğru əyib
arzu tuturlar.
***
Sənin gözəl gözlərin
aydınlıq saçır.
Mənə mərhəmətlə baxır
Göy üzü.
Bir gün həyatım
yer üzündə bitərsə,
Göz üzünə
quş kimi uçar ruhum.
Uçub gedərsə quş ruhum,
cahil kütlənin arasından
uçub gedəcək.
Ölsəm əgər bu dünyada,
bil ki, sənin həsrətindəndir.
GECƏ ELEGİYASI
Gecə yarısı,
kədərli bir otaq.
Biz xəyalət kimiyik.
Sanki bu dünyaya gəlməmişik heç.
Xəyalımız
ölü şairin məzarında dolaşan
köhnə payızdır…
Sanki ikimiz də
heç bir zaman
doğulmamışıq.
Şirin bir xatirə
istəmişik Tanrıdan.
O zaman niyə
otaqda qucaqlaşaraq
yaşayanlar kimi
həqiqətən ağlamışıq?…
Biz heç bir zaman görüşmədik.
Görüşmədik, niyə bunu anlamadıq?…
Kədərli otaqda bir tük kimi
zərif bir nəğmə səsindən
həvəslənib uçduq…
Yenə biz bir ağacın dibinə
kölgə kimi düşərik.
Bu dünyada doğmaysaq əgər,
niyə bir birimiz üçün darıxırıq?…
***
Mən Tanrıdan sevgi istəmişdim.
Vücudumu sıxışdırır
oynayan şübhə cinləri…
İndi bu halda gəzirəm.
Qədər məni
at boyunluğu kimi əyir.
Çox çətindir.
Quruyan dodqlarımdan qorxuram.
İçim alovlanır.
Gözlərin yalvarınca
sevginin hərarətindən yanıram.
Həyat haqqında
heç bir şey bilmirəm,
Mən hələ də uşağam…
Otuz yaşımdan neçə gün getdi?
Yorğanımı qucaqlayıb
tənhalığın nəğməsini dinləyərək
yatacağam.
Yox, yox deyəcəyəm!
Qorxmuram, başlasın imtahan!
Başqa bir şey düşünməyəcəyəm.
Səniz qalsam,
şeytan olaram.
Allah məni qorusun!
Azərbaycan türkcəsinə uyğunlaşdıran: Rəsmiyyə Sabir