Ölüm də bir doğuluşdur… – Əyyub QİYAS Şaiq VƏLİ haqda yazdı

Şaiq Vəli adam kimi adam, dost kimi dost, şair kimi şair idi… Onunla söhbət etmək bir aləm idi, onun öz ifasında şeirlərini dinləmək isə tamam başqa bir aləm.

Şaiq öz şeirlərinin intonasiyasını özü bilirdi, onun şeirlərinin öz daxili ritmi, ahəngi vardı. O, şeirlərini ciyərlərinə əzab verə-verə deyirdi, bəzən nəfəsi çatmırdı, bəzən səsi batırdı, amma şeirdəki hisslər, onun yaratdığı tablo hər şeyi yerli-yataqlı çatdırırdı adama. Bəzən mənə elə gəlir ki, şeir ilkin formada elə Şaiqin yazdıqları kimi olub. Daş kitabələrə, dəri səhifələrə yazılan şeirlər… Onun şeir dilində bir daxili nizam (“Kitabi-Dədə Qorqud dastanı”nın dili kimi) var, bir də ipə-sapa yatmayan haray, ağrı və… sükut.

Dünya qoca yox, təzə yeri,

Dünya görüş yeri, umu-küsü yeri.…

Könül şanı, dərd arı –

Qəmdən çəkmə balı olur.

 

Gətir meyi, camı… olmur,

Sözsüz canın canı olmur,

Şaiq Vəli hamı olmur,

Hamı Şaiq Vəli olur.

Şaiq Vəli öz dünyasının dərvişi idi, bir də mistikaya meyilli adam… Bəzən yuxu danışırdı, amma yuxularında son olmazdı. Şaiqin yuxuları nöqtələnməzdi. Şaiq deyirdi ki, yuxuda qaçıram… Sonra da bir gün baş-başa verib dərdləşdiyimiz vaxt açdı yuxusunun sirrini. Sən demə əcəldən, daha doğrusu, əcəlindən qaçırmış Şaiq.

Sanma insan qusdu –

Fələk daş atdı uçdu.

Ölüm də bir doğuluşdu –

Əbədi bir dərgah var, var!

 

Qismətin Yer üzündə əvvəl yaranıb,

Göz yaşın gözündən əvvəl yaranıb,

Baş daşın özündən əvvəl yaranıb,

Alın yazısı var, tale var, var!..

Şaiq Vəli də şeir yazdı, amma öz şeirlərini yazdı, özü kimi yazdı, öz qəlibində yazdı. Bu dünyada hamı kimi şeir yazan şairlər çoxdur, özü kimi yazanlar tək-tükdü və Şaiq o təkərdəndir.

Laylası sazla deyilən, gözünü açdığı gündən qoşmayla, bayatıyla, gəraylıyla nəfəs alan Şaiq Vəli qoşmasını, bayatısını da, gəraylısını da fərqli yazdı.

O, adam kimi adam idi və deyirdi ki:

Sənə ağı dedim, qaranı dedim,

Sənə sənin sirrini dedim,

Sənə Şaiq Vəlinin yerini dedim,

Baş girləyir, söz içində gizlənib.

O, dost kimi dost idi:

Yaşıl gözlərim dartınır,

Uzanır Vətənə bulaqsayağı;

Umud Rəhimoğlu görünür

Bənövşə ürəyim üstünə əyili.

 

Dostluq quşu qonub çiynimə,

Daşa tutarlar uçmaz!

Dən atarlar, uçmaz.…

Yaddaşımda kölgəlik sürünür,

Çoxları xatrıma gəlmir.…

Umud Rəhimoğlu yada düşmür,

Umud Rəhimoğlu görünür…

Və nəhayət, o, şair kimi şair idi:

Dünyaya üz tutan divanəymiş,

Divanə devanəymiş!…

Bu dünya nəymiş, ah, nəymiş –

Şərab süz, dostum, mənə şərab süz!

Şaiq eşqin özünü sevirdi. Şaiq şərabın sərxoşluğunu yox, tamını sevirdi. Şaiq dostluğun kişiliyini sevirdi. Şaiq həyatın gerçəyini sevirdi. Və bir gün Şaiq üçün eşq bitdi – eşqi sevmək də. Şərabın tamı getdi – sərxoşluğu qaldı. Dostlar… ancaq dostunu son mənzilə aparmağa yarıyan dostlar qaldı. Və bir də həyatın gerçəyi – ölümlə başlayan doğuluş qaldı… Xərçəng yedi, bitirdi Şaiq Vəlini… Son nəfəsində Umud Rəhimoğluna baxdı, ailəsinə baxdı, başının üstünü kəsdirib içində ağlayan dostlarına baxdı və ağlaya-ağlaya gəldiyi dünyaya başını bulayıb getdi…

Şaiq vaxtını, ömrünü, “tək”ini, “cəm”ini, “öz”ünü, “mən”ini həyat adlı dəyirmanda üyüdüb getdi. İki əl boyda kitabı, əlliyə yaxın şeiri bir də unudulmaz xatirələri qaldı. Şaiq son kitabını görmədi, yaxşı dostlar sağ olsun, onun ölümündən az sonra Şaiqin və elə bizim çoxumuzun dostu Umud Rəhimoğlu Şaiqin “Eşq və şərab” adlı kitabını nəşr etdirdi. Amma çoxu, lap çoxu Şaiq Vəli kimi bir şairin şeirlərini oxumaq arzusundadır.

Arabir Şaiqin şəklini paylaşıb “Oralarda nə var, nə yox, Şaiq Vəli?” xəbər alıram…

Hələ ki, cavab yoxdur…

Ruhun şad olsun, dərdiş.

Şaiq VƏLİ

***

Gözlər, gözlər – nərgizlər,

Sərxoşluq nərgizlikdir.

Eşq yaxar, könül sızlar,

Yol gözləmək – gözlükdür.

 

Gün batır, qəmli qürub…

Aramızda dağlar durub.

Dünya – qürbət, mən -qərib,

Qəriblik əzizlikdir.

 

Dünya bizlə əyrişdi,

Cuna yaylıqlar yaşdı…

Fələk əli daşdı

Nişan alıb, bizlikdir.

 

Ürək quzutək mələdi,

Sındı – piyalədir…

Barış, bu, taledir,

Nə bizlik, nə sizlikdir.

***

Bu şərab ki, var – bəhanədir,

Mən qeybdən gələn gündən sərxoş!

Axan ulduzların işığından xumar,

Mən aydan, gündən sərxoş!

 

Yer ahıdır dağlar – göy dəlir…

Dünya bir atdır – göydəmir…

Min illərin dənidir – göyərir,

Mən göyərən dəndən sərxoş!

 

Haqq dediyin təklikdir…

Cahilinki fələklikdir…

Mənimki aşiqlikdir, –

Mən səndən sərxoş!

 

Sən nə dersən, fani Şaiq,

Dostların içsin çayı…

Mən məndən ayıq,

Mən məndən sərxoş!

MEYXANƏÇİ

Sərxoş gəlmişəm qapına,

Aç, aç, meyxanəçi!

Aşiqlər sənə tapınar…

Keç, keç, meyxanəçi!

 

Olubmu öldüyün sənin?

Dərddən güldüyün sənin?..

Elə hey xaç bildiyin sənin

Hac, Hac, meyxanəçi!

 

Aranı dağa daşımısanmı?

Solunu sağa daşımısanmı?

Özünü uzağa daşımısanmı? –

Köç, köç, meyxanəçi!

 

Baxma naşı-naşı mənə,

Mey gətir – söz daşı mənə.

Könlün varsa qoşul mənə,

Uç, uç, meyxanəçi!

 

Cahil əllərində aşiq başları –

Minarə kərpici, qüllə daşları…

İçib ayılır eşq sərxoşları…

İç, iç, meyxanəçi!

 

Mən bu çağın nəyiylə yarışım?

Mən bu torpağın nəyiylə qarışım?!

Mən bu dünyanın nəyiylə barışım? –

Puç, puç, meyxanəçi!

 

BİR ULU EŞQ İLƏ

Mən bu cahan mülkünə,

Təxti-Süleyman mülkünə,

Can içində can mülkünə

Ağlaya-gülə gəldim.

Mən “mən” olmaq istəmirdim,

Açıb-solmaq istəmirdim.

Bir də gəlmək istəmirdim –

Bir ulu eşq ilə gəldim.

 

Bu dərdli aləmə gəldim,

Sanma qalıma gəldim.

Mən sənə salama gəldim,

Düşüb haldan-hala gəldim.

 

O gözəli bilirdim,

Qəm məzəli bilirdim.

Mən əzəli bilirdim,

Mən sonu bilə gəldim.

 

Sorma məndən handaydım,

Hər yerdə, hər yandaydım.

Əzəlin əzəli – sondaydım,

Sonun sonu əzələ gəldim.

Share: