Ərtoğrul Cavid – 100
İstedad elə bir ucalıqdır ki, hansı istiqamətdən baxsan da, neçə sinələr sonra öyrənsən də, onun parıltısı könlündə məşələ çevriləcəkdir, çarəsizlikdən qovrulsan da, sadəcə heyif deyə, köks ötürəcəksən…
Heyif dedim Şəhidimə, şairimə,
Öz yurdunu göz dolusu seyr etməyən hər igidə…
Heyif dedim, itirdiyim hər qarışa,
O yerlərdə saxtalaşan yazılara…
Heyif dedim, zamanında qovulana-
Düşüncəsin zəncirlərlə qorxutmayan el oğluna…
Xalqımın mübarizələrlə dolu yaddaş kitabında ölümsüzlük zənciri var. Onun neçə həlqəsi var, ölçüsü necədir heç sormayın. Çün, sonsuzluq nişanəsidir, qəlbi sevgi ilə çırpınan övladlarının sırası… Mən hansının adını deyim, inciməsin digərləri. Yox, zamanla xatıtlayaq, hər birini yad salaq, biz kimik , hardan gəldik, söyləyəcək bax o yollar, o yollarda can qoyanlar…
Nəfəsimizdə bir od var. Heç fikir verdinizmi? Bu oddan yaranmışdır yurdumdakı ölümsüzlər…Torpağımın, suyumun, bu yurdumun hər qarışında doğulur istedadlar, zaman-zaman, bəzən onlar bir tufanın, qara yelin qurbanıdır, bəzən isə parıltısı uzaqlardan “tor qurmağa” yollar açmış.
Xatırlamaq, yada salmaq. Nə qədər zənginsən, Vətən. Sənin zənginliyindir tarixinin qara buludu, qara yazısı, qan harayı…Aradıqca, duyduqca biz, könül qəmli layla çalar, sızıldayar sızım-sızım, ağlayır qəmli ud kimi…
Hər döndükcə bu zəncirin halqasına yanır bağrım için-için…Yenə döndüm. Bir də baxdım, çox uzaq yox, tam 100 ilin aynasına…onu gördüm…24-ün tamam etməyən sərvətimi, bu yurdumun bir parıltı qülləsini…
Necə bilmiş yüksəkliyin qayəsini, yüksək adın ucalıqdan gur səsini. Vermiş ata övladına, türk soyunu xatırlatmış hər sorana…Qəribədir…Bilməzmi heç? O tarixin təlatümlü dənizidir, milyon sevən könüllərin sərvəridir.
100 il öncə ocağında Günəş doğdu. Ümidinin nizamında çiçək bitdi. Qonçələdi zamanla o…Sanki, bütün gözəlliyi, o bənzərsiz bir ətiri toplamışdı ləçəyinə…Sevmədi payız onları. Bəlkə, payız elə sevdi, tutuldu Günəş qabağı. Xəbər tutdu təlatümdən, səssiz gələn tor – düyündən… Sanki, payız ağlayırdı, bu ailəyə verdiklərin göz yaşıyla qopacağını deyirdi öncədən. Beləcə, payız günlərinin bir çiskinli səhərində, 1919-cu ilin oktyabr ayının 22- də doğuldu Ərtoğrul Cavid (Rəsizadə)
Çox əziz böyümüşdü. Qəlbinin istəkləri sonsuz idi. Hey qanad açmışdı ənginliklərə…Orta təhsilini başa vuraraq ali təhsil üçün qəbul olundu Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) filologiya fakultəsinə. Əla qiymətlərlə də başa vurdu. 1941-ci ildə ali təhsilini başa vuraraq yenidən Konservatoriyanın bəstəkarlıq şöbəsinə daxil oldu.
Elə tələbəlik illərində də ilk əsəri kimi tanınan “Ailə və məktəb” əsərini yazdı Ərtoğrul.
Könlündə bir möhtəşəm saraydı vətən sevgisi. Dayanmadan vəsf etmək ruhunun nəğməsi idi. Eləcə də, böyük sevgilə Ərtoğrul bir-birinin ardınca “Kürd qızı”, “Dağlarda çiçək”, “Uca dağlar”, “ Sona bülbllər” , “Ceyran bala” və s. xalq mahnılarını nota köçürmüşdü, daha uzunömürlü olsun deyə.
Əsərləri sırasında öz müəllimi Üzeyir bəyə həsr etdiyi “Doqquz variasiya”əsəri həcmcə daha geniş idi. Bir-birinin ardınca Skripka ilə fortepiano üçün poema, böyük Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, N. Rəfibəlinin “Eşq olsun”, Türkmən şairi Kəminənin “Leylanın vəsfi” , Tahir Rəsizadənin “Səninlə olaydım” və s. şeirlərinə romans və mahnılar bəstələmişdir. Ədəbi yaradıcılıqda da qələmini sınayan Ərtoğrul “Eqoistin taleyi” adlı pyes də yazmışdır. Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Şeirləri, pyesi və rəsmləri vardır.
Böyük Vətən müharibəsi başlayanda “Cəbhədən məktub” simfonik balladasını yazmış, həmçinin marşlar da işləmişdir. Bir gəncin ruhunun aynası nə qədər parlaq olarmış ki, bu qədər sevgi ilə köklənə bilsin. Bu ocaq hərarəti, bu layla, qan səsiydi. Ululardan keçib gələn yaddaşının gur səsiydi, nəğməsiydi… Dayanmadan yazırdı o… “Şeyx Sənan”, “Məhsəti” operaları, “Babəkin andı” simfonik poeması və bir çox vokal, instrumental, kamera üçün əsərlər yazmağı planlaşdırarkən, daha doğrusu işlədiyi bir zmandı əsdi qara yellər, üfürdü ocoğın külün…
Müharibənin ən qaynar zamanında cəbhəyə çağrıldı Ərtoğrul. 1942- ci ilin Fevral ayının 22-də. Lakin onu çağırışçılardan fərqləndirərək, məhz “xalq düşməni”nin oğlu olduğu üçün cəbhəyə deyil, Tiflisdəki fəhlə batalyonuna işləməyə göndərdilər. Dözülməz şərait onun az vaxtda ömrnə qənim kəsildi. Ağır ciyər xəstəliyinə düçar olan gənc istedad o zman atasının tanışı olan Əziz Şərifin dəstəyi ilə Naxçıvana gətirilmiş, 1943- cü il 14 noyabr tarixində burada vəfat etmişdir. Nakam oğulun yasına nə ana, nə bacı gələ bilməmişdi. Dövrün zalım sınaqları, qanlı qadağaları Mişkinaz xanıma Bakıdan kənara çıxmaq icazəsini yasaq etmişdi.
Ərtoğrul Cavidin məzarı 53 ildən sonra ümummilli lider Heydər Əliyevin dəstəyi ilə Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinə köçürülmüşdür. Əziz valideynləri ilə birlikdə Ərtoğrulun məzarı qədirbilən xalqımız tərəfindən sevilir, daima yad edilir, əbədi olaraq sevgi işığında yad ediləcəkdir.
Ruhun şad olsun, nakam oğul, Vətən torpağında 100 il öncə doğulan işığın əbədi ölümsüzlük zəncirinin böyük eşqlə yad edilən həlqəsidir.
Bu həlqələri birləşdirən Vətən sevdası onların heç zaman qırılmasına izn verməyəcəkdir.
Bədirə Rza Həsənqızı