Ölümündən sonra evinə gecə zəngləri gələn, heç bir fəxri ad almayan, mehmanxanalarda gecələyən Qulu Əsgərov haqqında bilmədiklərimiz…

Ölümündən sonra evinə gecə zəngləri gələn, heç bir fəxri ad almayan, mehmanxanalarda gecələyən Qulu Əsgərov haqqında bilmədiklərimiz…

Kulis.az unudulmaz müğənni Qulu Əsgərov haqqında maraqlı faktları təqdim edir.

Əsgərov Qulu Rüstəm oğlu 18 dekabr 1928-ci ildə Salyan şəhərində anadan olub. Gənc yaşlarında rayon teatrında çıxış etmiş, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik etmişdir. O, 1953-cü ildə Gənc istedadların respublika olimpiyadasının qalibi olub.

***

Qulu Əsgərovun Bakıya gəlməyində Səməd Vurğunun əvəzsiz xidməti olub. Deyilənə görə, şair onu hansısa toyda dinləyəndən sonra səsini çox bəyənir və onu Bakıya gətirir.

Bakıda o, Azərbaycanın görkəmli xanəndələrinin (Seyid Şuşinski, Nəriman Əliyev) ifaçılıq sənəti üzrə dərs alır. Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilir. Müğənni kimi şöhrət qazandığı illərdə, həm də İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alırdı.

***

Qulu Əsgərovun özünün bəstələdiyi mahnılar çox olub. Ancaq o dövrdə bəstəkarlıq təhsili olmayan adamların mahnılarının efirə buraxılması qadağan olduğundan, xanəndə məcburiyyət qarşısında qalaraq öz bəstələrini xalq mahnısı kimi təqdim edib. Bir-birindən məşhur 44 mahnı rəsmi şəkildə Qulu Əsgərovun mahnıları hesab olunur.

Qulu Əsgərov iki dəfə ailəli olub. İlk evliliyindən üç övladı olan xanəndə 1963-cü ildə birinci xanımından rəsmən ayrılır. İkinci dəfə 1976-cı ildə öündən on üç yaş kiçik olan Sevər adlı xanımla ailə qurur. Onların Aydan adlı qızları dünyaya gəlir. Deyilənə görə, onun ömür boyu fəxri ad ala bilməməsində birinci həyat yoldaşının rolu olub. Yüksək vəzifədə işlədiyi üçün Qulu Əsgərovun fəxri ad almasını istəməyib. Hətta ayrıldıqdan sonra belə hər dəfə adı fəxri ad siyahısına düşsə də, keçmiş yoldaşının əli ilə siyahıdan çıxarılırmış. Sevər xanım müsahibələrinin birində bu haqda deyir:

“Hansı qastrola adı yazılırdısa, müxtəlif yollarla çıxartdırırdılar. Qulunun fəxri ad alma məsələsinə də onun yaxın adamları mane olur, yaxşı vəzifələrdə işlədiklərindən bu məsələlərə müdaxilə edə bilirdilər. Halbuki, Qulu mənimlə ailə quranda çoxdan boşanmışdı. Üç otaqlı evi vardı, onlara bağışlayıb mehmanxanada qalırdı. O yazıq, bədbəxt uzun illər tək qalmışdı. Mənimlə ailə qurana qədər “İnturist” mehmanxanasında yaşayırdı. Sonralar danışırdı ki, konsertlərdə, tədbirlərdə pencəyinə qədər tərləyirmiş, mehmanxanaya qayıdanda onu dəyişməyə, yumağa imkanı olmurmuş. Belə-belə tərləyib soyuqlamış, ağ ciyərində iltihab əmələ gəlmişdi. Xəstəliyi keçmişdən vardı. Sonradan xərçəngə çevrildi. Sonra məcbur həkimə apardıq. Həkimlər baxan kimi dedilər, xəstəliyi şiddətli mərhələdədir. İki dəfə Moskvaya getdi, amma köməyi olmadı. İkinci dəfə Moskvadan qayıdanda dedi, məndə o zəhrimardan varmış, sən də mənə demirsən. Yəqin, həkimlər deyibmiş… Yeddi ay sonra dünyasını dəyişdi. Ölümündən sonra evimizə gecə zəngləri gəlirdi. Qorxudurdu bu zənglər bizi. Yəqin, özləri daha yaxşı bilirlər. Hər halda, o zənglər Qulunun həyatının ilk mərhələsi ilə bağlı insanlar tərəfindən edilirdi. Anam da mənə deyirdi ki, gecələri gəl mənim evimdə qal”.


Yaqub Məmmədova fəxri ad verildikdən bir neçə gün sonra Yaqubla Qulu küçədə rastlaşır. Yaqub deyir ki, “Qulu, bağışla, sənin adını mənə verdilər”. Qulu deyir ki, “hər kəsə öz haqqını verirlər, sən öz haqqını almısan”.

***

Xəstə olduğunu biləndən sonra “Filarmoniya bağı”na gedib, bütün sənət dostları ilə görüşüb, halallaşıb. Səbəbini soruşanda isə deyib ki, “mədəmdə o zəhrimardan var, ona görə gəldim hamınızla vidalaşım”.


Ölümünə yaxın qızını evdən uzaqlaşdırıb. İstəməyib ki, qızı onun son halı ilə xatırlasın.

***

Muğamatın vurğunu olan Qulu Əsgərov övladlarına da muğam adları verib: Rahab və Şahnaz.

***

Xərçəng xəstəliyindən əziyyət çəkən sənətkar 11 iyun 1987-ci ildə 58 yaşında dünyasını dəyişib.

Share: