Ömrünün 49-cu təntənəsini yaşayan professor

Səsinin ahəngində qəribə bir tilsim var, dinlədikcə sehrlənirsən. Fikirlərini elə izah edir ki, əlavə suallara ehtiyac qalmır. Sıradan bir alim deyil, öz ixtisasını dərindən bilir. “Sehrli güzgüdən” danışarkən, inanmıram ki, səviyyəsindən asılı olmayaraq, onu izləyən kimsə dediklərinə biganə qalsın. Elə incə məqamlara toxunur ki, elminə, savadına heyran qalırsan…

…Ömür-gün yoldaşı İradə xanım ali təhsilli mühasibdir. Üç övladı var- bir qız, iki oğlan…

Deyir ki,- “Gənclərə üç tövsiyəm var. Birincisi, hökmən xarici dillərdən birini mükəmməl öyrənsinlər. İkincisi isə seçdikləri ixtisasın sirlərini mənimsəsinlər. Üçüncüsü də odur ki, ali təhsilin növbəti hissəsinə xaricdə yiyələnsinlər”…

Haqqı dilə gətirməyi bacarır, əsl ziyalıdır. Heç vaxt özündən çıxmır. Daxilən səbrli olduğu simasından da görünür. Cəsarətli çıxışları ilə xalq arasında sevilir, ehtiramla qarşılanır…

1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində dünyaya gəlib. Səkkiz il həmin kənddə oxuduqdan sonra tam orta təhsilini Bakıdakı 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbdə başa vurub. 16 yaşında ikən indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. Oranın maliyyə-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. Sonra iki il aspiranturada oxuyub və namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Səkkiz il məzunu olduğu universitetin “İqtisadi təhlil” kafedrasında müəllim işləyib. Eyni zamanda ABŞ-ın Kanzas və Şimali Karalina universitetlərində tədris tərcübəsi keçib. Daha sonra BMT-nin xətti ilə Qırğızıstanda baş nazirin müşaviri vəzifəsində çalışıb. Orada olarkən Qırğız hökumətinin islahatlar proqramını hazırlayıb.
Bir il ABŞ–ın Dyuk Universitetinin, iki il isə Prinston Universitetinin professoru olub. 2018-ci ilin sentyabr ayından ABŞ-ın məşhur elm ocaqlarından birində- Ratqers Universitetində çalışır. 20-dən çox kitabın müəllifidir. 8 kitabı dünyanın 10-dan çox ölkəsində nəşr olunub…

Olduqca iti zəkaya malik, dərin təfəkkürü olan, bu vətənpərvər soydaşımızın Azərbaycan naminə gördüyü işlər də az deyil. Çalışdığı universitetdə Qarabağ həqiqətlərinin amerikalılara çatdırılmasında xeyli zəhməti var. Xocalı soyqrımının anım günlərində, milli, rəsmi bayramlarımızda soydaşlarımızın təşkil etdiyi tədbirlərdə fəal iştirak edir…

Təbiət qoynunda, xüsusən də dağlıq ərazilərdə gəzməyi xoşlayır.
Xaricdə təhsil almaq istəyən tələbələrə tövsiyə məktubları verir. “Facebook”da “Xaricdə təhsil proqramları üzrə informasiya və məsləhət mərkəzi” adlı səhifə də yaradıb. Orada təhsil təqaüdü ilə bağlı məlumatlar paylaşır…

…Horadizdə bir təpə var. Hər yolu düşəndə o təpəyə qalxıb doğma Aşağı Güzlək kəndinin dağlarına tamaşa edir. Dəfələrlə övladlarını da oraya aparıb ki, indi işğal altında olan dədə-baba yurdlarından xəbərləri olsun…

Deyir ki,- “Adam o vaxt güclü olur ki, ayağı yurdunun torpağında olur. Qarabağın ermənilərdən azad olunması mənim ən böyük arzumdur. İkinci istəyimsə, Azərbaycanda bir universitet açmaq və orada gənclərimizə dünya standartlarına uyğun təhsil verməkdir”…

Bəli, haqqında söhbət açdığım Qubad İbadoğlu sıradan bir alim deyil, öz ixtisasını dərindən bilən, haqqı dilə gətirməyi bacaran, cəsarətli ziyalıdır…

Sentyabrın 12-si Qubad bəyin 49 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, elmi uğurlar arzulayıram.

Elman Eldaroğlu

Share: