Ömrünün müdrik çağlarını yaşayan AKADEMİK…

Ömrünün müdrik çağlarını yaşayan AKADEMİK…

Şərt o deyil ki, məşhur olmalısan. Şərt o deyil ki, səni dünyada və yaxud yaşadığın ölkədə hamı tanımalıdır. Heç buna ehtiyac da yoxdur, Yaradan səni tanıyırsa, yetər! Şərt odur ki, sən cəmiyyətə fayda verə bilirsən, insanlara lazımsan…

Bəli, bu gün sizə Allahın ən xoşbəxt bəndələrindən biri haqqında söhbət açmaq istəyirəm. Məqamı həm Allah yanında və həm də xalq arasında çox yüksəkdir. Hər iki dünyanın səfası sanki onun taleyinə biçilən İlahi ərmağandır…

Deyir ki,- “Azərbaycan Tarixi Muzeyinin bugünkü inkişaf səviyyəsinə çatması heç də asan olmayıb. Bunun üçün sözsüz ki, nəinki ekspozisiyanın, bütövlükdə muzeyin binası qarışıq yeniləşməsi lazım idi. Azərbaycan tarixinin ən yeni nailiyyətlərinə, müasir muzeyşünaslıq prinsiplərinə əsaslanan ekspozisiyanın qurulması günün təlabatına çevrilmişdi. 1999-2000-ci illərdə muzeydə təmir işləri başladı. Köhnə ekspozisiya yığışdırıldı. Muzeyin kiçikhəcmli, yığcam ekspozisiyası isə binanın yalnız Şərq zalında nümayiş olunurdu. Bununla belə muzey öz fəaliyyətini sərgilərin keçirilməsi, muzeyin illərdən bəri nəşri dayandırılmış elmi toplusunun nəşrinin bərpası, kataloq və elmi əsərlərin çapı ilə davam etdirdi. 2001-ci ildə muzeydə Dünya azərbaycanlılarının I qurultayına həsr olunmuş “Azərbaycan: dünən və bu gün”, “Azərbaycanda yəhudilər – 190 il”, ABŞ-ın Tekstil Muzeyi üçün etnoqrafik sərgilər təşkil edildi. Həmin il “Azərbaycanda dövlətçilik və onun rəmzləri” kitab-albomunun işıq üzü görməsi və təqdimatı da böyük marağa səbəb olan hadisələr sırasındadır. 2002-ci ildə dahi musiqiçi Niyazinin 90 illiyinə həsr olunan sərgi və “Maestro Niyazi” kataloqunun təqdimatının keçirilməsi bu mədəniyyət ocağının nüfuzunun daha da yüksəlməsinə yeni təkan verdi. Həmin ilin dekabrında muzeyin 80 illiyi qeyd edildi və müvafiq sərgi açıldı. Nəhayət muzeyin I mərtəbəsinin təmiri başa çatdı. Yeni vitrinlər əldə edildi. 2003-cü il boyu muzey əməkdaşları çoxdan gözlənilən yeni ekspozisiyanın yaradılması ilə məşğul oldular. Böyük zəhmətin nəticəsində 2004-cü il fevralın 12-də qədim və orta əsrlər dövrünün ekspozisiyası ictimaiyyətin diqqətinə təqdim edildi. Bununla yanaşı,həmin il muzeydə görkəmli alim Məmməd Qazıyevin 90 illiyinə, 1918-ci il mart soyqırımının, 20 Yanvar faciəsinin ildönümünə, “Arşın mal alan” operettasının 90 illiyinə həsr olunan sərgilər keçirildi. Muzey “Elmin qızıl fondu” və Milli Elmlər Akademiyasının 60 illiyinə həsr olunan “Azərbaycan Tarix Muzeyi” kitab-albomunu nəşr etdirdi. Muzeyin təşəbbüsü ilə “Akademiya sistemində olan muzeylər və onların problemləri” və “Müasir muzey ekspozisiyasının qurulması sahəsində yeni işlər” mövzusunda seminarlar təşkil olundu. Bir sözlə, onu deyə bilərəm ki, muzeyin bugünki inkişafının bünövrəsində muzey əməkdaşlarının zəhməti, öz işinə sevgisi və sözsüz ki, dövlətin qayğısı durur…”
Bəli, 1940-cı ildə Bakı şəhərində, Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq artisti Məmmədəli Vəlixanlının ailəsində böyüyüb ərsəyə çatan tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Tarix Muzeyinin baş direktoru, əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Nailə Vəlixanlı Allahın xoşbəxt bəndələrindən biridir. Atası Məmmədəli Vəlixanlı otuzuncu illərin sonlarında realist aktyor məktəbinin duzlu-məzəli komik aktyoru kimi tanınıb və bir sıra bədii filmlərdə yaddaqalan obrazlar yaradıb…
Əmək fəaliyyətinə AMEA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsində baş laborant kimi başlayan Nailə xanım uzun yol keçib. Azərbaycan tarixinin araşdırılması sahəsində özünəməxsus xidmətləri olan alimlərimizdəndir. O, öz sərlərində orta əsrlər tariximizin mənbəşünaslıq problemləri, regionun ərəb xilafəti tərkibində istiqaməti, sosial iqtisadi münasibətlər, siyasi-mədəni və coğrafiyamızın tarixi məsələlərinə işıq tutaraq, elmdə son vaxtlaradək hakimlik edən erməni-sovet ənənəsini sındırmaqla yeni bir cığır aça bilib. Və elmin çətin, mürəkkəb yollarından keçərək zirvəyə ucalmağı bacarıb.
1998-ci ildən taleyini Milli Azərbaycan Tarixi Muzeyi ilə bağlayan görkəmli tədqiqatçı, özünü bacarıqlı inzibatçı və təşkilatçı kimi də təsdiq edib. Onun rəhbərliyi ilə muzeydə fondlar və orada qorunan eksponatlar öz xüsusiyyətlərinə uyğun yerləşdirilib və bir sıra arxeoloji və etnoqrafik eksponatlar, eləcə də rəsm əsərləri muzeyin laboratoriyasında bərpa edilib…
“Muzeyin ekspozisiya zalına daxil olan ziyarətçi Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinin nümayişi vasitəsilə ən qədim tariximizlə tanış olur. Buradakı daş dövrü abidələrinin ən azı 2 milyon il yaşı var. Muzeyin yaşca ən qədim eksponatı isə təqribən 25-35 milyon il yaşı olan, Şamaxıda tapılan daşlaşmış ağacdır. Əlbəttə, maraqlı eksponatlar sırasında 350-400 min il əvvəl yaşamış Azıx adamına məxsus alt çənə sümüyünü xüsusi qeyd etmək istəyirəm. Muzeyin xarici əlaqələri də genişdir. Biz Rusiya, Türkiyə, ABŞ, Almaniya, Çin, Koreya, Norveç və başqa ölkələrlə əlaqələr qurmuşuq. Muzey Rusiyanın Dövlət Tarix Muzeyində videofilmlə, Norveçdə, Almaniyada, Çexiyada, Vatikanda səyyar sərgilərlə çıxış edib. Çin və Koreya muzeyləri ilə əlaqələr yaradılib. Sözsüz ki, problemlərimiz də az deyil. Biz imkan daxilində onları həll etməyə çalışırıq. Həm də bilirik ki, dövlət öz qayğısını tariximizi təbliğ edən muzey üçün heç vaxt əsirgəməyib və əsirgəməyəcək də. Məhz bu qayğı nəticəsində muzeyimiz bu gün respublikanın çox mühüm elmi-mədəni ocağına çevrilib. Onun ekspozisiyası, həm nümayiş olunan zəngin materialına, həm də elmi-texniki təchizatına görə dünyanın ən tanınmış muzeylərinin ekspozisiyası səviyyəsindədir. Biz də bu səviyyəni qorumağı prioritet vəzifə və borc bilirik.”- söyləyir.
Ömrünün müdrik çağlarını yaşayır, daha doğrusu, akademik mərhələsini. Həyat eşqi, yazıb-yaratmaq təşnəsi hələ də onu tərk etməyib, gələcəyə inamla irəliləyir. Qazandığı nailiyyətlər asanlıqla əldə olunmayıb, sarsılmaz iradənin, əzmkarlığın, yuxusuz gecələrin bəhrəsidir. Bir də Allahın ona bəxş etdiyi UGURUN…
Dekabrın 25-də Nailə xanımın 82 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşasın!..
Elman Eldaroğlu
Share: