“Ona dedim ki, oxumaq sənlik deyil, get, özünə başqa bir sənət tap…”

“Ona dedim ki, oxumaq sənlik deyil, get, özünə başqa bir sənət tap…”

“Mahnılarımı götürüb, hörmətsiz edib oxuyacaqlarsa, heç oxumasınlar”

Kulis.az xəbər verir ki, bu sözləri moderator.az-a açıqlamasında Xalq artisti Zaur Rzayev deyib:

““Dilbərim” mahnısı o illərdə mənə uğur gətirən mahnılardan, əsərlərdən biri oldu. Bu mahnı mənim şəxsiyyət vəsiqəm, şahəsərim, kimliyimdir. Bir gün Əhməd Bakıxanov mənə dedi ki, “Zaur, “Dilbərim” adlı bir xalq mahnısı var, onu sən oxu”. Mahnını oxudum, 1 il efirə qoymadılar ki, orada sən xarici nəfəslər etmisən. Əhməd Bakıxanovun tapşırığı ilə bu mahnını efirə qəbul etdilər. Müasir dildə trend deyirlər, o vaxt bu mahnı trendə düşdü. Konsertlərdə mənə 50 gül verilirdi, hər gülün içində bir məktub olurdu. Biri sevgi məktubu yazırdı, biri can sağlığı arzu edirdi. Nə qədər qız övladları doğuldu, hamısının da adını Dilbər qoydular. Mənim oxuduğum mahnıları heç kəs oxumayıb. Mən istərdim oxusunlar, amma mahnını hörmətsiz edib oxuyacaqlarsa, oxumasalar ondan yaxşı. Görünür hiss edirlər ki, hələ o səviyyəyə çatmayıblar ki, oxusunlar” deyə sənətçi bildirib.

Xalq artisti müğənni oğlu Azər Rzayevdən də danışıb:

“Oğlum əvvəl idmançı idi, Azərbaycanın bayrağını yüksəklərə qaldırıb. Dünya çempionu idi. Günlərin bir günü dedi ki, “ata, istəyirəm oxuyum”. Dedim ki, “oxumaq sənlik deyil, get özünə bir başqa sahə tap”. Oxumaqda israrlı idi. Bir gün onu özümlə studiyaya apardım. İtalyan mahnısı oxudu, onu bir bilsəniz necə oxudu. Məni heyrət bürüdü”.

Share: