“Ona dedim xəyanət eləmək istəsən, mənə deyərsən, problem yoxdur”

“Ona dedim xəyanət eləmək istəsən, mənə deyərsən, problem yoxdur”

Kulis.az aktrisa və aparıcı Zümrüd Qasımovanın müsahibəsini təqdim edir.

– Zümrüd xanım, eşitdim həyat yoldaşınızla rəsmən boşanmısınız və onunla yenidən toy-büsatla evlənəcəksiniz. Toy nə zamandır və bu arzu necə yarandı?

– Bizim toyumuz olmamışdı. 15 il öncə mən ona qoşulub qaçmışdım. Sadə bir nikahla evlənmişdik. Həmişə istəmişdim toyum olsun. Amma belə gətirdi. O, bir dəfə evləni-ayrılmışdı, mən də dedim, sevdiyim insan yanımda olsun, bəsdi. Bu yaxınlarda bir sənəd məsələsi ilə bağlı boşanmalı olduq. Daha doğrusu, sənədləşmə uzanırdı deyə boşanıb yenidən o sənədləri əldə etmək daha asan idi. Ərimə yalvarırdım ki, məni boşasın, razı olmurdu. Bilirdi ki, sonra razı salmaq çətin olacaq (gülür). Boşandıq, yəni rəsmən boşanmışıq. Evlənmək məsələsi gələndə dedim yox, evlənmirəm, gərək mənə toy edəsən. Səadət Sarayında yenidən kəbin kəsdirək. O da razılaşdı. Həyatımızı rutindən çıxarıb rəngləndirmək lazımdır axı. Rəngarəngliyi sevirəm. Ümumiyyətlə, mənimlə darıxmaq olmaz.

– Yenidən elçi gələcək sizə? Sizi sizdən istəyəcək?

– Bunu düşünməmişdim, ola bilər (gülür) əslində, onun belə şeylərdən xoşu gəlmir. Oktyabrın 18-i tanış olduğumuz gündür. 15 illik evliliyimizi bu toyla taclandıracağıq. 50 nəfər dostumuzu başımıza yığıb toy edəcəyik. İyunun 30-da olası idi, rəfiqəmin atasını qətlə yetirdilər deyə təxirə saldıq. İndi ondan icazə istəyəcəm. Əhvalımız xoş olsa, toyumuz olacaq.

– Qadınlar ərlərindən boşanmasınlar deyə mübarizə apararkən siz özünüz yalvardınız?

– Olacağa çarə yoxdur. Ona arxayınam. Biz o qədər ayrılıb-barışmışıq ki.

Niyə?

– Həyatım rəngli, maraqlı olmalıdır. Başqa cür yaşaya bilməzdim. Rəngarənglik sevgini diri saxlayır. Qadın və kişi sona qədər bir- birilərini tanımamalıdır.

– Siz çılğın aktrisa, o sərt peşə sahibi-hüquqşünas…

– Yaradıcı ruhu da var. Şeirlər yazır, şeirlərinə mahnılar bəstələnib. O çox fərqli, savadlı və dərindir.

– Siz ailə qurarkən ailəsi narazılıq etmişdi. Nə üçün? Aktrisa olduğunuz üçün yoxsa aparıcısı olduğunuz gecə proqramında təqdim etdiyiniz fərqli obrazın bunda rolu olmuşdu?

– O, siyasətçi ailəsində doğulmuşdu. Konservativ bir ailə konservativ gəlin arzulayırdı. Aktrisa istəmirdilər. Sonda sevgi qalib gəldi. Zaman çox şeyi öz yoluna qoyur. Qayınanam məni çox istəyir. Neçə vaxt idi görüşmürdük. Bu yaxınlarda görüşdük. Həyat şərtləri belə tələb etdi.

-Yoldaşınızın birinci xanımından övladı var. Görüşürlər?

– Bəli. Balaca deyillər və istəsələr, qapımız onlara həmişə açıqdır.

– Sizin övladınız olmadı?

– Yox.

– Arzu edirsiniz?

– Yox. Səhhətimlə əlaqədar ana ola bilmədim. Həyatım üçün riskli idi. Övladlığa uşaq götürmək istədik. Genetikaya çox inanıram. Ona görə cəsarət etmədim. Bacımın uşaqları var, onlar mənə övladdır.

– Sanki daha çox siz sevmisiniz, daha çox siz güzəşt etmisiniz?

– Yox. O daha çox sevib. Biz ikimiz də qoçuq. O daha çox səbirli, güzəştə gedən olub. Məsələn, mən səhərlər yuxudan duranda aqressiv oluram, uzun müddət özümə gələ bilmirəm.

– Kişi olsanız, özünüz kimi qadınla yola gedərdiniz?

– Gedərdim. Mənimlə yaxşı danışmaq lazımdır. Əmr etmək olmaz. Yaxşı kişi olardım. Heç kimi yarı yolda qoymazdım. Yaxşı dostlarım var. Hamısı mənim üçün nələrsə etmək istəyir. Bu, birtərəfli deyil. Görünür, o sevgini qazana bilmişəm.

– Keçirdiyiniz xəstəliyə görə saçınız töküləndə yoldaşınızın iki həftə sizdən uzaq durmasının səbəbi nə idi? “Bağışlaya bilmirəm” demişdiniz…

– O bütün əməliyyatlarımda yanımda olub, bəzən insan yorulur. Mən o vaxtlar çox ağlayırdım. Əsəbi olmuşdum, onu da incidirdim, yaxınlarımı da. Bəlkə də bunu etməliydi. Bağışladım getdi. İnsan bağışlamağı bacarmalıdır. Yoxsa o bataqlıqdan çıxmaq olmaz. Bir-birimizə güzəşt etməsəydik, bugünkü biz olmazdıq.

– Azad ruhlu qadınsınız. Belə yaşamaq çətin olmayıb? Nəzərə alsaq ki, bizim cəmiyyət qadını qapamağı sevir.

– Konservativ ailədə böyümüşəm. Amma bu ruhumun azadlığını qorumağıma əngəl olmayıb. Atam sağ olsaydı, aktrisa olmağımı istəməzdi. Həyatımı istədiyim kimi yaşamışam. Bundan sonra necə yaşayacam bilmirəm, amma sənətimdə istədiyimi eləmişəm şəxsi həyatımda istədiyim adamı seçmişəm. Heç vaxt “ay nə düşünərlər” deməmişəm, həyatıma buna görə yön verməmişəm.

– Bir zamanlar gecə proqramında çox erotik bir obraz yaratmışdınız. Bunun həyatınıza mənfi təsiri oldu?

– ANS-də seçim oldu, bu proqrama məni seçdilər. İndiki dövrə baxanda o geyim, o obraz heç nə idi. O vaxt sensasiya sayılırdı. Gecə üçə işləmiş veriliş başlayırdı, insanları nə iləsə bu proqrama cəlb eləmək lazım idi. Qəribədir ki, o qısa geyimli cazibədar xanım obrazı mənim üzərimdə idi. Teatrda “Canımda can” tamaşasında kişinin xəyalındakı qız rolunu oynayırdım. Hamı məni çox cəsarətli obrazların ifaçısı kimi tanıyırdı. Ümumiyyətlə, sənətdə çərçivə tanımıram. Hazırda 41 yaşım var. Cəsarətli aktrisalar var. Düşünəndə ki, hələ də bu yaşda o səpkidə rollara çəkilirlər, deyirəm ki, inkişaf etməyiblər. Mən “Gecə yarı” verilişindən sonra “İkinci həyat”, “Yeri gəlmişkən”, “Dönə bilsəm” kimi çox maraqlı proqramların aparıcısı oldum. Kinolarda çəkildim. Əvvəllər cəsarətli, indi isə başqa səpkili rollara çağırırlar. Hollivud filmlərində bunu normal qəbul edirik. Özümüzdə olanda niyə ayıb kimi baxaq? Bu, sadəcə peşədir.

– Bu gün aktyorların, jurnalistlərin işi bir az çətindir. Hər kəs əlindəki telefonla video çəkə-çəkə sosial şəbəkələrdə özünü tanıdır. Özlərinə aktyor və ya jurnalist deyənlər çoxdur, bu işdən xəbəri olmayan sadə insanlar da buna inanırlar.

– Elədir. Bunu çox düşünürəm. TikTok qazandırır deyə çoxları ora üz tutub. Amma bu mədəniyyətimizə nə qazandırır? Onlar sadəcə pul qazanırlar. Mən bunu edə bilmədim, istəmədim. Bir-iki dəfə TikTok-a mən də girdim. Gördüm, mənlik deyil. Əlçatmaz olmaq istədim. TikTok-un yaxşı tərəfləri də var. Hollivud ulduzu Van Dammın oğlu ilə bizim Suada xanım orada tanış olub evləniblər.

– Özünüzü xoşbəxt hesab edirsiniz?

– Hə, bundan artıq nə istəyə bilərəm ki? Yanımda sevdiyim, mənə deyər verən insan var, tək deyiləm. Ailə insan üçün vacibdir. Kimin səhvi yoxdur ki? Səhvsiz insan axtarası olsan, tək qalacaqsan. Bir şeyi bilirəm ki, həyatımı gözəl yaşamışam. Bundan sonra ondan ayrılsam da, sevgi axtarmayacağam, o qədər sevgi verib, sevgiyə doymuşam.

– Ayrılığa hazırlıqlı insanlar kimi danışırsınız.

– Hər şeyə hazırlıqlıyam. Amma sevgi 15 ildə dəyişməyibsə, deməli hər şey yaxşıdır. Hələ də bir-birimizə maraqlıyıq. Aqil Abbas bir dəfə proqramımda demişdi ki, bir müddət sonra ər-arvad yox, bacı-qardaş olursan. Yox, buna yol vermək olmaz.

– Kişilərin kiçik şuluqluq adlandırdığı o “aksiyaya”- xəyanətə necə baxırsınız?

– Bunu hiss etməmişəm. Ərimi qısqanmıram. Biz boş olan bütün vaxtlarımızda birlikdəyik. O harasa gedəcəksə, mənimlə gedir. Ona deyirəm ki, xəyanət eləmək istəsən, mənə deyərsən, problem yoxdur. Amma deyirəm də. Baş versə, nə olacaq bilmirəm.

– Xərçəngə qalib gəldiniz. Bunu düşüncələrinizdə nələri dəyişdi?

– Anladım ki, sabah olmaya bilərəm. Çox çətin dövr idi. Yaxınlarımdan kimisə bu xəstəlik səbəbi ilə itirəndə qorxuram. Natəvanın ölümü çox pis təsir etdi. Böyük hörmətlə xatırlayıram onu. Bu xəstəlik bədəndən tam getmir. Yenidən oyana da bilər. Çalışıram ki, düşünməyim. Bir yox, bir neçə orqan itirmişəm. İtirə-itirə gedirəm. Rəfiqələrimə vəsiyyət etmişəm. Demişəm ki, məni Bakıda dəfn etsinlər. Bir də mən öləndə ağlaşın. Elə-belə yox e, ürəkdən ağlaşın, dil deyin. İnsan ölümü faciədir. Kimsə yas yerində söhbətləşəndə acığım tutur. Başqalarının kədərinə ehtiramla yanaşıram. Qoy məni də ağlasınlar, desinlər ki, bu bir Zümrüd keçdi dünyadan. Bu xəstəliyi düşmənimə də arzulamıram. Bir var, qəfil ölüm, bir də var, biləsən ki əriyirsən. Bir də başdaşımı ustadım Vaqif İbrahimoğlunun başdaşı kimi qoysunlar.

– Onun başdaşında doğum və ölüm tarixi yoxdur. Qədim xalqlardan biri ölənlərin başdaşlarının üstünə yaşadığı xoş günlərin sayını yazdırırmış. Bəzilərində bir gün olur, bəzilərində bir neçə il. Sizdə nə qədərdir?

– 10 il. 10 yaşıma qədər qayğısız yaşamışam. Atamın sığalı başımdaydı. Sovetin dağıldığı vaxta düşdük. Gəncliyimiz çətin keçib. Özümü təsdiqləməyim zaman aldı. Ailə qurdum, xəstələndim, müxtəlif əməliyyatlardan keçdim. Hərdən mənə elə gəlir ki, xəstəlik mənim cəzamdır. Dönüb baxanda deyirəm ki, necə yaşamışam bunları? Bu günə şükür…

– Stresdən, qara fikirlərdən qaçmaq üçün nə edirsiniz?

– Üz tuturam mağazalara. Bu mağazadan o mağazaya gedirəm, insanlara baxıram, imkan varsa, alış-veriş edirəm, sakitləşib qayıdıram.

– Bir müsahibənizdə “mən birinciyəm” demişdiniz. Zamanla düşüncəniz dəyişdi?

– Sənətimi yüksəklərdə görürəm. Bizə artist deyirlər bəzən aşağılayaraq. Amma aktyor, artist olmaq seçilmiş olmaq deməkdir. Belədəki ikinci Zümrüd varmı? Zümrüddən bir dənədir, özümü sevirəm (gülür). Azərbaycan mədəniyyətində Zümrüd adlı biri var.

– Zümrüdü insanlara televiziya daha çox tanıtdı. Aparıcı kimi tanıyıb peşman olduğunuz məşhurlar var?

– Çox olub. Bir dəfə iki tarzən dəvət etmişdim. Biri Xalq artisti, o biri Əməkdar artist. Xalq artistini hamı tanıyır, çox məşhurdur. Əməkdar artistin paxıllığını o qədər çəkirdi, veriliş boyu məndən onun fonoqramını kəsməyimi istəyirdi. Hər yerdə başda oturdulan, müxtəlif dövlət mükafatları almış adam idi.

– Efirlərimizdə müxtəlif ailə-məişət problemlərini ortaya tökən, dedi-qodu səviyyəsində verilişlər var. Bir çox tanınmış aparıcıların da haqqında qıcıqla çox zaman qısqanclıqla da danışılır. Münasibətiniz necədir?

– Bu gün Elgiz Əkbər, Xoşqədəm Hidayətqızı, Zaur Kamal, Zaur Baxşəliyev Azərbaycanın ən çox tanınan, dörd ən reytinqli aparıcısıdır. Qəbul edək ki, peşəkardırlar, işlərini bilirlər və onlara tələbat var. Özlərini təsdiq ediblər. Mənim də sosial verilişlərim olub, amma mənlik deyil. Hamının dərdinə qoşulub ağlayırdım. Amma bir şeydən məmnunam ki, bu günə qədər apardığım proqramlara gəlmək üçün insanlar özləri can atıblar.

– Yeni telelayihələr varmı?

– Hələlik yoxdur.

– İşinizdən başqa biznesiniz var?

– Özümü biznesledi kimi sınadım və bu məndə alınırmış. Rəfiqəm Elnarə Bəkirzadə ilə incəsənət mərkəzi açmışıq. O yaxşı polisdir, mən pis polis rolundayam. Yəni tələbkar müdir mənəm, anlayışlı müdir o. Bu mərkəzdə 25 dərnək var. Anladım ki, mən bu işləri yaxşı bacarıram.

– Sizi nə ilə təəccübləndirmək olar?

– Mənə bir milyon dollar qonorar qarşısında film təklifi gəlsə, təəccüblənərdim. Köməyə ehtiyacı olan insanlara yardım etmək üçün varlı olmaq istəyərdim.

Lent.az

Share: