Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin əməkdaşları Cəlilabad rayonun Sabirabad kəndində olublar.
Layihə çərçivəsində “DSD” İB tərəfindən hazırlanan “Onlar qəhrəmandır” kitabı 44 günlük Zəfər Savaşının qürurunu bizlərə yaşadan şəhid qəhrəmanların ailə üzvlərinə təqdim olunub.
Layihə rəhbəri və kitabın müəlliflərindən biri Faiq Balabəyli şəhid tank komandiri, baş gizir Murad Babayevin anası Arizə xanımla, Xüsusi təyinatlı Dəstənin baş leytenantı, “Paşam” ləqəbli Musa Əsgərovun və Xüsusi təyinatlı Dəstənin giziri Davud Abasovun doğmları ilə görüşüb. Qəhrəmanlarımızın döyüş və həyat yolundan bəhs edən kitab şəhidlərimizin ailə üzvlərinə təqdim edilib.
F. Balabəyli Sabirabad kəndindən olan şəhidlərin ailə üzvləri ilə səmimi söhbətlər edib. Bildirib ki, Azərbaycanın ayılmaz tərkib hissəsi olan Qarabağ otuz ilə yaxın bir zaman kəsiyində düşmənin soyuq nəzərləri altında sıxılıb. 44 günlük Zəfər Savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgəri qəhrəmanlıq tarixi yazdı. O tarixi yazanlar arasında Cəlilabad rayonunun Sabirabad kəndindən olan şəhidlər, qazilər də var.
Xatırladqq ki, kitabda birinci Qarabağ və 44 günlük Zəfər Savaşında torpaqlarımızın müqəddəsliyi, suverenliyi uğrunda gedən döyüşlərdə, eləcə də Sovet Ordusu sıralarında – Əfqanıstanda beynəlmiləlçilik borcunu şərəflə yerinə yetirən, Cəlilabad rayonunun Sabirabad kəndindən olan şəhidlər və qazilərin həyat yolundan, göstərdikləri qəhrəmanlıqdan bəhs olunur.
“Maarif” nəşriyyatında 200 tiraj, 104 səhifə həcmində nəfis şəkildə dərc olunan kitabın müəllifləri Faiq Balabəyli, Elnur Nəhmət və Kəmalə Səfərova, redaktoru Hüseyn Sözlü, korrektorları Səyalı Vasifqızı və Aytəkin Həmidlidir.
Tural Balabəyli