Onlar qoşa doğulub….

Onlar qoşa doğulub….

1992-ci ildə Lənkəran rayonun Xolmili kəndində, Aygün xanım əkiz oğlanlar dünyaya gətirdi. Seyid ailəsində doğulan uşaqlar Zakir və Zahid Ağazadələr idi. Eyni gündə məktəbə getdilər. Eyni vaxtda məktəbi bitirib, hərbi xidmətə yollandılar…

Uşaqlıq illəri, gənclik illəri 30 illik savaş dövrümüzə düşdü. Oxuyub, təhsillərini bitirdikdən sonra eyni hərbi hissədə hərbi polis kimi çalışırdılar. Ali Baş Komandanımızın sentyabr ayının 27-də səfərbərlik çağırışını ikisi birlikdə qəbul etdi və cəbhə bölgəsinə yola düşdülər. Eyni istiqamətdə düşməni məğlub etdilər… Mir Zahir və Mir Zakir əkiz qardaşları döyüş yoldaşları onları “əkizlər” deyə, çağırırlar.
Harada yurd yeri varsa, orada siz varsınız, Vətən qaziləri. Yolları yorub, zirvələri aşıb, əlində üç rəngli bayrağımız, Zəfər günlərinin şirinliyini bizlərə yaşatdınız, Müzəffər ordumuzun şanlı əsgərləri! Bir əsgər şəhid olarsa, yüz əsgər doğular… Şəhid analarını eyni boyda, eyni biçimdə, eyni dərdin daşıyıcılarıdır! Saçları dağ qarı kimi, gözlərinin dərinliyində qəmi, kədəri bulanmış su kimidir. Şəhid məzarları Vətənin yüksəklindədir. Balasının qanına xına kimi boyanmış, Şəhid anaları, oğullarınızın ruhu qarşısında, sizlərin önündə baş əyirik!
Mirzahir və Mirzakir kimi oğulların vuran qolunda, ürəyində vətən sevgisi, vətən eşqinin sayəsində Qələbənin xoş günlərini yaşadıq! Yurd üçün savaşan igidlərim, Zəfərlə hamımız dirçəldik. Yaralıların yaralarına məlhəm oldu vətənin azadlığı. Səhərlər üfüqdən boylanan günəş vətənin səmasına zərrin şəfəqlərini saçanda, bax, onda da qəlbiniz də üzünüz kimi nurlanır, şölə saçır.
Sizi öz rahiyyəsinə-ətrinə bələyir, igidlərim.
Hökm Allahındır, hünər sizindir. Qəhrəmanlıq tariximizə qızıl hərflərlə igidliyiniz həkk olundu. Azərbaycan adını ucalarda tutdunuz. Qürurla, fərəhlə hissi ilə yastığı vətən daşı olan, ağ qar yorğanı olan qazilərimizə can sağlığı diləyirəm. Aygün xanım, bir ana kimi qəhrəman oğullarınızla fəxr edin! Nur üzlü şəhidlərimizə Tanrıdan rəhmət diləyirəm. Var olsun, Azərbaycan ordusunun igid əsgərləri. Qarabağ Azərbaycandır!
Səmayə Güləliqızı
22-12 2020.
 
Share: