“Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı nəticəsində suveren ərazilərimizdə yaratdığı qondarma separatçı rejimin üzvlərinin Azərbaycan tərəfindən həbsinə etiraz olaraq 4 oktyabr tarixində verdiyi bəyanatı qətiyyətlə pisləyirik.
Sözügedən bəyanat Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində yürütdüyü təcavüzkar siyasət və əməllərdən əl çəkmədiyini nümayiş etdirir. Bu bəyanat, həmçinin həbsi həyata keçirilmiş şəxslər tərəfindən törədilmiş əməllərə bəraət qazandırılması cəhdidir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Azərbaycan tərəfindən erməni separatçıların həbs edilməsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair Azərbaycan XİN-in şərhində qeyd edilib.
“Azərbaycana qarşı təcavüzdə, separatçılığın təşviq edilməsində, terror əməllərində, əsirlikdə olan hərbi qulluqçular və mülki şəxslərə qarşı sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlər törədilməsi və digər faktlar üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrilə başlanmış cinayət işi çərçivəsində qeyd edilən şəxslərin həbsi ədalətin bərpasına xidmət edir və bu addımların legitimliyinin şübhə altına alınması qəbuledilməzdir.
Qeyd edilənlərlə yanaşı, tərksilaha razı olan minlərlə Ermənistan hərbçilərinin və qanunsuz hərbi birləşmələrin Azərbaycan tərəfindən humanist addım olaraq sərbəst buraxıldığı və heç bir maneə olmadan Ermənistana getdiyi Ermənistan XİN-ə yaxşı məlumdur və bu xüsusda Ermənistanın apardığı saxta kampaniyanın heç bir əsası yoxdur.
Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana getmiş erməni sakinlərin öz yaşayış yerlərinə geri qayıtmasını təşviq etmək əvəzinə, onlar arasında təşviş yaratmaq və Azərbaycana qarşı irqi və etnik nifrət aşılamaq məqsədi daşıyan bu bəyanat Ermənistanın sülh səylərinə mane olan destruktiv fəaliyyətinin tərkib hissəsidir.
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində düçar olduğu uğursuzluqlara rəğmən yenə də əsassız olaraq və beynəlxalq hüququn norma və prinsiplərinə zidd şəkildə məhkəmə qarşısında iddialar irəli sürməkdə davam etməsi bu ölkənin Azərbaycanla sülh və normallaşma prosesində maraqlı olmadığını nümayiş etdirir.
Ermənistanın bu kimi fəaliyyəti bölgədə sülhün, təhlükəsizliyin və ədalətin bərqərar olmasına əsas təhdid mənbəyidir”, – açıqlamada vurğulanıb.