Onu, mövlud günündə hörmətlə yad edirik…

Onu, mövlud günündə hörmətlə yad edirik…

Onun ölümü ölkədə böyük əks-səda yaratdı. Minlərlə adam dəfninə tələsib, onu son mənzilə yola saldılar. Əməlləri, islami dəyərlərə düzgün yanaşması, xeyirxahlığı ona qarşı xalq sevgisi yaratmışdı. Mövhumatdan uzaq, müasir düşüncəli ruhanilərdən idi. Təkcə dini ədəbiyyatı yox, bədii kitabları da mütaliə etməyi xoşlayırdı…

Deyirdi ki:- “Ümumiyyətlə, ədəbiyyata düzgün baxışla yanaşmaq lazımdır. Məsəl üçün, mən ədəbiyyat nümunələrini mütaliə edəndə təftiş edərək oxumuram. Mən hesab edirəm ki, ədəbiyyatın da, elə digər mədəniyyət sahələrinin də işi maddiyyat dünyasını aşmaqdan ibarətdir. Məsələn, elm maddiyyat çərçivəsindədir, reallığı, təsdiq olunmuşu deyir. İncəsənət isə maddiyyat çərçivəsini aşandır. Ona görə də düşünürəm ki, ədəbiyyat insanlara doğru-düzgün baxış bucağı verməlidir. Bu baxımdan, sənət, ədəbiyyat elmdən də üstündür. Buna görə də ədəbiyyat adamları, mənə elə gəlir, mənəvi cəhətdən təmiz insanlar olmalıdır. Mən istəyərdim ki, ədəbiyyat maddiyyat çərçivəsindən çıxsın, ruha yaxınlaşsın. Hansısa ideologiyaya söykənməsin. Biz ideologiyaya söykənən ədəbiyyatın nə vəziyyətə gəldiyini görmüşük. Sovet dövrünü nəzərdə tuturam. Sənət ideologiyaya deyil, insana xidmət etməlidir. Məsələn, mən görüşməsəm də, Salam Sarvanı bəyənirəm. Aqşin Yeniseyi də oxumuşam. Şəhriyar Del Gerani ilə münasibətimiz olub, hətta məscid kitabxanasında onun kitab təqdimatını da keçirmişdik. Hazırda başqa yazalarını, adlarını xatırlaya bilmirəm, onları da oxumuşam. Ramiz Rövşəni çox sevirəm. İlqar Fəhmi ilə yaxşı münasibətimiz var, kitablarını da oxumuşam. Yaxşı qəzəlləri də var, romanları da…”
Haqqında söhbət açdığım Hacı Şahin 7 iyul 1974-cü ildə Bakıda anadan olub. İlahiyyatçı, ictimaiyyət arasında nüfuzlu din xadimi, Məşhədi Dadaş məscidinin axundu idi. “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qaqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi, eyni zamanda QMİ-nin Qazilər şurasının üzvüydü. Bakı şəhəri, Səbail rayonu 189 saylı məktəbin rus bölməsində orta təhsilini başa vurub. Ali təhsilə isə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsində yiyələnib. 2 mart 2023-cü il tarixində ürəkçatışmamazlıqdan vəfat edib. Özündən sonra iki qızı və iki oğlu yadigar qalıb. “Haradan başlamalı?”, “Yaradılışın hədəfi” və “Xoşbəxt ailə modeli” kitablarının müəllifi idi…
“Ümumiyyətlə, çoxlarının dini ideologiya haqqında təsəvvürləri yanlışdır. Din insanın doğru-dürüst təfsiri, izahı, şərhidir. Dinin missiyası insanları çərçivəyə salmaq, hansısa ideoloji qəlibə atmaq deyil. Dinin missiyası insanın kimliyini və o kimliklə necə yaşamaq lazım olduğunu göstərməkdir. Düşünürəm ki, din insan potensialının maksimum reallaşdırılması imkanıdır. Din, əslində, insanı çərçivədən azad etmək üçündür. Din tək sənətin deyil, bütün həyatın içində olan yaşam tərzi, düşüncə tərzidir. Ona görə də hər sahə ilə bağlı ümumi prinsipləri din insanlara bəyan edir. Və bu prinsiplər insanın ağlı, düşüncəsi, hissi ilə həmahəngdir, yəni qeyri-rasional deyil. Din insana nəyin xeyirli, nəyin ziyanlı olduğunu anladır. Söhbət burda hansısa senzuranın tətbiqindən getmir. Din ədəbiyyatı maddiyyatdan qoparmaq üçün edir bunu. Yəni bir növ onu məhdudiyyətlərdən qurtarır. Dinin qoyduğu məhdudiyyətlər zahirən məhdudiyyət kimi görünsə də, əslində, bu məhdudiyyət sənətin vulqarlaşmasının, bayağılaşmasının qarşısını almaq üçündür. Bunlar hər hansısa bir qadağa deyil. Demir ki, filan şeyə toxunmaq olmaz. Məsələn, bir də görürsən ki, içində aqressiya olan biri əsər yazır və o aqressiyanı ötürür o əsərə və oxucunu da neqativə kökləyir. Mənim bədii əsərdən əsas meyarım mənfi yox, müsbət təəssüratlar almaqdır. Quranda bir ayə var, deyir ki, yediyiniz yeməklərə fikir verin. Məncə, bu, yalnız maddi qidanı əhatə etmir. Biz buna imkan verməli deyilik ki, istənilən insan ruhumuza öz neqativini tökə bilsin.”- söyləyirdi.
Zəngin dünya görüşü, güclü mülahizə qabiliyyəti var idi. Hadisələrə düzgün rəy verməyi bacarırdı. Məsələn, Salman Rüşdinin, Seyid Əzimin, Rafiq Tağının sui qəsdə məruz qalmalarını belə izah edirdi.
Deyirdi ki:- “Seyid Əzimi öldürənlər əsl dindarlar deyildi. Mən Seyid Əzimin əsərlərində təqdim etdiyi dini qəbul edirəm. Seyid Əzimin qəzəllərində də bunu görmək olar. Onu şəxsi məsələ üstündə öldürdüklərini də deyənlər var. Hər halda yaxşı hal deyil. Mənim baxışım bundan ibarətdir ki, ümumiyyətlə, təhqir yolverilməzdir. Hətta ateistin fikirlərinə görə ləyaqətinin, şəxsiyyətinin alçaldılması da. Birmənalı şəkildə olmaz. Onların ölümlərinin bir çox səbəbi var: fikirlər dindarlar tərəfindən radikalca qarşılanır, yaxud da hər hansısa siyasi bir oyunun tərkib hissəsinə çevrilirlər və s. Hansısa siyasi xətlə islamafobiya yaradılır. Karikatura dalğası da bu səbəbdən ortaya çıxmışdı. Qərb bunu ifadə azadlığı adlandırdı ki, peyğəmbərin də karikaturası çəkilə bilər. Təəssüf ki, bəzən siyasət bu mövzulara sirayət edir. Hər bir mövzu tənqidə açıqdır. Kimsə dini də tənqid edə bilər. Din xadimləri bu tənqidə cavab verməli, müzakirələr olmalıdır. Bayaq dediyim kimi, təhqir artıq dəyərlərin ələ salınmasıdır. Bir əsər mənim dünyagörüşümə ziddirsə, mən onu daş-qalaq etməli deyiləm. Mən, ümumiyyətlə, hansısa prinsiplərin hədəfə alınmağını qəbul etmirəm. Fikir versəniz, mən sosial şəbəkədə hansısa ateist də təhqir olunanda buna qarşı çıxıram. Əsərdə nədən yazırsan yaz, fikrini elə ifadə elə ki, orda təhqir elementi olmasın. Bu da dinin diktəsi deyil, müasir dünyanın reallığıdır.”
Ünsiyyətdə çox mehriban adam idi. Necə deyərlər, böyüklə böyük, uşaqla uşaq… Davranışında nəzakətli, rəftarında nəcib olduğu üçün insanlarn rəğbətini qazanmışdı. Bəli, onu eşidirdilər, ona nəvaziş göstərirdilər. Amma təəssüf ki, aramızdan tez getdi. Axı nə yaşı var idi- vur-tut 48. Neçə-neçə arzu və istəkləri ilə yanaşı, görəsi işləri də yarımçıq qaldı. Yaşasaydı iyulun 7-də Hacı Şahinin 49 yaşı tamam olacaqdı. Onu, mövlud günündə hörmətlə xatırlayır, ehtiramla yad edirik. Ruhu şad olsun!
Elman Eldaroğlu
Share: