“Onu öz silahı ilə güllələtdirdim…”

“Onu öz silahı ilə güllələtdirdim…”

Faiq BALABƏYLİNİNTürmə əhvalatları” layihəsində

Cənub hövzəsindəki limana daxil olmaq üçün buraxılış vərəqəsini təqdim etdim. Mühafizəçi sənədimə gözucu baxdıqdan sonra “keçin”, – dedi. Gülümsədi, gözləri qıyıldı, qırışlandı. Təbəssümü sifəti boyu yayıldı, dodaqları aralandı, dişlərinin boş qalmış yerlərindən dilinin ucu göründü:

– Necəsən, şair? Tanımadın? Mənəm də Telman…

Qıyılmış gözlərinin arxasından sanki köhnə bir tanış boylanırdı mənə tərəf. Bu qədər doğma, isti təbəssümün sahibi səhv edə bilməzdi, o, məni tanıyırdı. Müraciəti də bunu deyirdi. Adımı çəkməməsi, gəmidəki görəvimlə bağlı müraciət etməməsi də bunu deyirdi. Yaddaşıma acığım tutdu. Amma özümü o yerə qoymadım, rus dilində dedim bu sözləri:

– Baho… Neçə qış, neçə bahardır görünmürsən… Haralarda idin?

Mənə cavab vermədi. Yanında dayanan və hər ikimizə təbəssümlə baxan həmkarına tərəf çevrildi:

– Sən o torpağı qurumayan nəvənin goru, nə dedim sənə? Demədim ki, yerişindən, qolunu yelləməsindən bu o olacaq?

– Sən başqa aləmsən e… Yaddaşın bülöv kimidir… – bunu nəvəsini təzəlikcə itirdiyi bəlli olan digər mühafizəçi dedi.

Telman həmin doğma təbəssümlə yenə də mənə tərəf baxışlarını çevirdi:

– Balamın canı üçün, səni “naxadu” tanıdım. Zarafat deyil e… Düz 10 il keçib. Mən 2 ildən çoxdur çıxmışam. “Volnı xojdeniyada”da idim. Bu dəfə əfvə düşdüm. İndi burda işə düzəlmişəm. 8 il “sedmoy” kalonda oldum. Kənd Əhmədlidə, düz evimin böyründə…

Dedi və birdən məni bağrına basdı, sifətini boynuma söykədi, məni sinəsinə tərəf sıxdı, eynən qardaşlarım, dostlarım kimi. Səsində titrəyiş vardı:

– Nurəliyə, – iş yoldaşını nəzərdə tuturdu, – demişəm, dədəmin qərib məzarına and olsun. Səni o dəfə uzaqdan görüb oxşatmışdım, o zaman demişdim, kişiliyi çatırsa, təsdiq etsin, demişdim ki, bu adam mənim Bayılda ilk dəfə tanıdığım dustaq olub. Əncir ağacının dibində oturmuşdun ha… səni üzləşməyə gətirmişdilər. Vəkilin də, müstəntiqin də yanında idi. Bir nəfər də üzündən işverənlik yağan adam vardı. Sonra dedin ha mənə, üzünə durub bu adam.

Sonra üzünü Nurəliyə tutdu:

– Allaha and olsun, bu adama elə yazığım gəldi ki… Papirosu necə çəkirdi. Vəkillə müstəntiq danışıb gülürdü, bu isə daşın üstündə oturub tüstülədirdi. Baballığım gəldi. Amma bir-neçə gündən sonra öyrənə bildim ki, bu adam yazıq-zad deyilmiş. Delovoy oğlan idi… – yenə də boynumu qucaqladı…

… Yadıma düşdü. Tanıdım. Etiraf edim ki, bu illər ərzində heç bir dəfə də olsun yadıma düşməyib. Məni isə şair Hikmət Məlikzadə ilə üzləşdirməyə gətirmişdilər. Mənə tikilən torbada onun xüsusi rolu olmuşdu. Qorxudub yalan ifadə alıb, üzümə durdurulanlardan biri də daim qayğısına qaldığım, yazılarını dərc edib qonorar verdiyim Hikmət olmuşdu.

Telmana gecə saatlarında dənizə çıxacağımı dedim:

– Vaxt tap gəl gəmiyə, bir az dərdləşək.

– Yox, ay şair, postu tərk etmək olmaz. Qalsın sonraya.

– O zaman hava qaralsın çay qoy, yan-yörəsinin tədarükünü mən görərəm, gələcəm…

Gəminin dayandığı körpüyə qədər mənimlə çiyin-çiyinə addımladı. Daha doğrusu, qolunu boynuma dolamış, çiynimi qanadının altına almış halda yeridik.

Bir neçə saatdan sonra artıq xudmani çay süfrəsinin arxasında oturub söhbət edirdik.

Onunla Bayıl türməsində bir neçə dəfə qısa görüşümüz, söhbətimiz, salamlaşmalarımız olubmuş.

Söz sözü çəkdi və onun nədən həbs olunması ilə maraqlandım.

– Məni möcüzə xilas etdi. Ömürlük də verilə bilərdi. Yüksək rütbəli polis zabitini güllələdim. Xəstəxanada öldü.

Çayından bir neçə qurtum da içib davam etdi:

– Günah özündə oldu. Gərək yekəbaşlıq etməyəydi.

Söhbətin mövzusunu dəyişmək istəsə də, çalışırdım ki, yenə də həmin günlərə qaytaram onu, görünür, o anları yaşamaq ürəyincə deyildi. Amma məndən də keçə bilmirdi.

– Nə danışım e… İnsan ölümüdür, ağırdır, əlbəttə. Amma bu adam hərəkəti, rəftarı ilə sanki deyirdi ki, gəl, məni öldür. Çox dedim ki, adə, çıx get, yazıqsan, özüm gələrəm, yaxud da həbs edirsənsə elə, daha niyə söyüş söyürsən, təhqir edirsən məni ailəmin, qonum-qonşunun yanında… Çox dedim, eşitmək istəmədi. Tapançasını çıxartdı, dedi, soxaram bunu ayıb yerinə, gülləni ataram başından çıxar… Baxdım yoldaşım, uşaqlarım, qonum-qonşu, bununla gələn, məni tanıyan, əlimdən ruzi alıb dolanan polis əməkdaşlarının yanında göylə gedir. Əlindən tutub burdum öz barmağı tətikdə idi, barmağını sıxdım, 3 gülləni vurdum özünə. Elə bil, özü-özünü güllələdi də… Bu, mənim xeyrimə işlədi, dedim ki, məni vurmaq istədi, biləyini burdum və tətiyi özü çəkdi. Qorxutmaq istəsəydi, qoruyucunu çəkməzdi ki… Özüm kömək etdim, mindirib maşına apardılar xəstəxanaya. 2-3 ay çapaladı, öldü.

Telmanın sifətində gördüyüm sevincdən, təbəssümdən əsər-əlamət belə qalmamışdı. Qayğılı idi. Dirsəklərini masaya, çənəsini isə hər iki ovcuna söykəmişdi. Gözlərini qıyıb qaranlıqda ağaran, köpüklənən sulara dikmişdi. Dərindən ah çəkdi:

– Özümü çox qınayırdım. Adam ölmüşdü axı. Amma sonradan mənimlə görüşə gələndə məktəbli oğlum dedi ki, ata, nə yaxşı sən onu vurdun. Onsuz da səni həbs edəcəkdilər. O təhqirə, söyüşə görə də biabır olacaqdıq. Əgər sən onu vurmasaydın, özüm onu öldürəcəkdim. Nə vaxtsa o bunu edəcəkdi, bilirəm, şair, o, mənim oğlumdur. Bizi təhqir etmək, aşağılamaq olmaz. Cinayətim, günahım varsa, cəzamı çəkərəm, pulumu verərəm, özümü qurtararam. Yoxsa sən gəl məni qonum-qonşunun yanında alçalt, ailəmin yanında yekəbaşlıq elə… Bu olmaz!

– Telman, sənin cinayətinin adı nə idi axı?

– Belə götürsək, heç nə… Mənim yanacaq satmaq üçün lisenziyam vardı. Balaca benzindoldurma işlədirdim. Həyətimin bir tərəfində, yolun kənarında. Qeyri-qanuni aldığım benzinlər də olurdu. İdarələrdən gətirib ucuz qiymətə satırdılar mənə. Həmin gün 15 ton artıq benzinim vardı. Sənədlə isə 5 ton olmazdı heç. Bir də gördüm evi basdılar. Çıxdım qarşılarına. Xoş gəldin etdim. Dedim, 15 ton artıq benzinim var, alın gedin. Razı olmadı. Dedi, sən müftəxorsan, sovet əmlakını dağıdırsan. Dedim, ay bədbəxt, sovet qalıb ki onun da əmlakı olsun? Polislərə dedi ki, götürün qol-qıç edin, atın maşına. Onlar da mənə dedi ki, Telman, gəl, min maşına. Bu polislərin mənə hörmət etdiyini görüb asdı-kəsdi, sizə belə-belə edərəm, dedi. Dedim, aya, get öz evinin, arvad uşağının yanında söyüş söy, burda yekəbaşlıq eləmə. Yenə də söydü. Çəkdim qırağa, dedim, səninlə işim olmayacaq, gəl söhbət edək, ya da zəng et filankəsə. Dedi, filankəsi də belə-belə edim. Nə isə, dedim, yaxşı gedək. İstədim maşına minəm, dedi, yox, bunun qolunu qandallayın. Polislər qandallamadı, eləcə, maşına minməyim üçün qapını açdılar. Bu isə getdikcə aşıb-coşurdu. Ətrafdakı adamlara baxıb lap özündən çıxırdı. Çox çək-çevirdən sonra silahını çıxartdı, mən də bayaq dediyim kimi, öz silahı ilə özünü özünə güllələtdirdim.

Telmanın həyatının qaranlıq günləri bundan sonra başlayır. Xeyli iztirab çəkdiyini, mənəvi sarsıntı keçirdiyini dedi:

– İçəridə şəkər tapdım, dişlərim töküldü. Amma nə edə bilərdim ki? Gərək oğul-uşağın gözünün içinə baxa bilməyəydim, köçüb burdan gedəydim, qonum-qonşu nələr danışardı. Mən də göbələk deyildim, yerdən çıxmamışdım. Adım, hörmətim vardı. Adamlarım da vardı, dəstək oldular, vəkillərim yaxşı işlədi və 13 il həbs cəzası aldım. İndi bax burda səninlə çay içirəm, o isə öldü. Gərək dilinə yiyəlik edə biləydi.

Telmanla ara-sıra görüşürük. Daha nə mən o günlərdən bəhs edirəm, nə onun özü ötənlərə qayıtmaq istəyir. Deyir ki, mənə görə balalarımın xeyir işləri də yubandı. İndi bir nəvəm var. Kiçik oğlum da ali məktəbi bitirəcək. Yaxşı bir iş düzəldim, onu da evləndirəcəyəm, deyir və gələcək günlərinin xoş anlarını xəyalında yaşadır.

Faiq Balabəyli

axar.az 2016.08.21

Share: