
Qəşəm Nəcəfzadə- 66
Təəssüf ki, bu gün yazıb yaradan yazıçı və şairlərin böyük əksəriyyəti klassiklərimiz kimi geniş oxucu kütləsi tərəfindən birmənalı qarşılanmırlar. Nədənsə onları zəif və güclülərə bölüb, ayrıseçkilik salmağa çalışırlar. Maraqlısı da odur ki, bu çalışanların çoxu, elə şair və yazıçıların özləridir.
Bəli, sovet dövründə yaşayan Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nüsrət Kəsəmənli, Musa Yaqub, Cabir Novruz, Nəbi Xəzri, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Bayram Bayramov, Fərman Kərimzadə, Vidadi Babanlı və s. kimi ümumxalq məhəbbəti qazanan şair və yazıçılarımız indi çox azdır. Yəni bu gün meydanda olan yazarlarımızın çoxu onların fonunda çox balaca görünürlər…
Deyir ki:- “Sovet dövrünün ədəbiyyatı ilə müstəqillik dövrünün ədəbiyyatını istər dil baxımından, istər sənətkarlıq baxımından, istərsə də yazı baxımından müqayisə etsək, mən deyərdim ki, elə də ciddi bir yenilik yoxdur. Bəlkə də səviyyə bir az da aşağı düşüb. Amma texniki baxımdan müəyyən dəyişikliklər var. Məsələn, deyək ki, sovet dövründə kitab ticarəti var idi, kitablar ünvanlara çatdırılırdı, həm də dövlət bu kitabları çap edirdi və müəlliflərə də qonorar verilirdi. Balaca oxucular da kitabları oxuyurdular. İndi bu bağlar demək olar ki, qırılıb. Bax burdan görünür ki, indi bizdə texniki tərəfdən geriləmə var. Amma obraz baxımından isə heç bir dəyişiklik yoxdur. Yenə də eyni obrazlar uşaq ədəbiyyatında yaşayır. Baxın 20-ci əsrin əvvəlində olan tülkü, xoruz, keçi, pişik və s. obrazlarına… Elə 21-ci əsrin də əvvəlində də bu personajlar əsas obyekt kimi qalmaqda davam edir. Hələ də tülkünün xasiyyəti dəyişməyib, inkişaf etməyib. Yenə də canavar yırtıcıdır, dovşan da elə eyni qorxaq dovşandır. Əslində bu obrazalar müasir dövrə uyğun inkişaf etməli idi və ya yeni obrazlar yaranmalı idi. Axı nə vaxta qədər dovşan və tülkü ilə oynamalıyıq? Axı indi texnika, kompüter əsridir. Uşaqlar dovşana və tülküyə daha inanmır. Düzdür, heyvanlara olan sevgi baxımından bu obrazları yaşatmaq olar, amma bu qədər də yox. Uşaqları da, valideynləri də bu obrazlar demək olar ki qane eləmir. Uşaq ədəbiyyatında mütləq inkişaf olmalıdır…”
1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Uzun illər öz kəndlərində, İmişli rayonunda, Bakıda orta məktəblərdə müəllim, Təfəkkür və Slavyan unversitetlərində baş müəllim işləyib. Dövri mətbuatda şeirlərlə yanaşı, hekayələri, esseləri, elmi- tənqidi məqalələri və publisistik yazıları ilə müntəzəm çıxış edir. Son 3 ildə dövri mətbuatda, eləcə də internet saytlarda 300-dən çox koşə yazısı dərc edilib. İndiyə kimi 40 şeir, 1 hekayə və 2 elmi-publisistik kitabı işıq üzü görüb. Hazırda Mədəniyyət Tv-də “Və ya” verilişinin aparıcısıdır. Əməkdar mədəniyyət işçisidir. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq Ədəbiyyatı Şöbəsinin müdiridir. Xeyli vaxtdır ki, “Azərbaycan” jurnalının poeziya şöbəsinə rəhbərlik edir…
“Əslində, mən uşaq ədəbiyyatı ilə böyüklər üçün yazılan ədəbiyyat arasında elə də bir fərq qoymuram. Hər şey, vəzn, ölçü, qafiyə və s. eynidir. Uşaq şeirində əsas meyarlardan biri dil məsələsidir. Şeirin dili yumşaq və həlim olmalıdır. Şeir uşağın dilində yumşaq və rahat nəfəs almalıdır. Nizamidən bu günə qədər bütün ədəbi məqamlarda fikir aydınlığı, sözün semantik mənasına, təfəkkür çevikliyinə, dilin daxilinə nüfuz etmək əsas məqsəd olub. Nizami heç bir əsərini uşaqlar üçün yazmayıb. Sadəcə olaraq Nizaminin dövründə və sonralar da yazılan əsərləri uşaqların yaş mərhələlərinə görə müəllimlər qruplaşdırıblar və bununla dərsliklər, məktəblər, qiraətxanalar yaranıb. Kim deyə bilər ki, Ənvər Məmmədxanlının “Buz heykəl” hekayəsi ancaq uşaqlar üçündür və ya əksinə. Kim deyə bilər ki, “Od tutub qırmızı atəşlə yenə yandı üfüq” şeiri ancaq böyüklər üçündür və ya əksinə. Kim deyə bilər ki, M.Cəlilin “Saqqallı uşaq”, “Poçt qutusu”, “Pirverdinin xoruzu”, A.Şaiqin “Məktub yetişmədi” hekayələri ancaq böyüklər üçündür və ya əksinə. Demək, uşaq və böyük ədəbiyyatı bölümü ən çox pedaqoji termindir. Və bu gün uşaq ədəbiyyatınn əsas problemlərindən biri də böyük və uşaq ədəbiyyatına kəskin fərq qoymağımızdı. Uşaqlar ilk dəfə mənsub olduqları xalqın dilini onun ədəbiyyatı vasitəsilə daha mükəmməl öyrənir. Şübhəsiz ki, dişləri çıxmayan körpə çörək yeyə bilmədiyi kimi, təfəkkürü formalaşmayan uşaq da dediyi sözlərin mənasını öyrənə bilməyəcək. Çünki ona ən əvvəl ilıq, aydın tələffüz olunan sözlər, bir növ təfəkkür lazımdır. Təfəkkürü isə dil yetişdirir. Məhz M.Ə.Sabir müəllim olduğu üçün “Uşaq və buz” şeirini çox aydın, sadə və mənalı, həm də əruz vəznində yazmışdır…”- söyləyir…
Şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında müntəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə edilib. Hollandiyada ingilis və holland, Tehranda fars və Azərbaycan (ərəb qrafikası ilə), Türkiyədə türk və Kolumbiyada ispan və başqa ölkələrdə 18 kitabı müxtəlif dillərdə nəşr olunub. 2023-cü ildə Ulu Öndərə həsr etdiyi “İki iyirmi üç arasında” pyesi Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilib. Tənqidçilər onun yaradıcılığını realist üsluba aid edirlər. Son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir…
Deyir ki:- “Zəmanə ilə ayaqlaşmaq lazımdır. Bu gün uşaqlar üçün yazılan ədəbiyyat uşaqların istədiyi formada da onlara gətirilməlidir. Uşaq nağıllarımız səhnələşdirilməlidir. Kompüterin yaddaşına köçürülməlidir, çünki uşaqlar kompüteri sevirlər. Artıq uşaqlar kitab oxumaqdan, nənəsinin nağılını dinləməkdən yorulublar. Onlara bu nağıl və şeirləri kompüter vasitəsi ilə də çatdırmaq olar. Müxtəlif ölüm-dirim mübarizəsi oyunlarının yerinə hər hansı bir uşaq nağılımızı səhnələşdirmək olar. Sonra bizim uşaq ədəbiyyatı ilə bağlı ən böyük problemlərimizdən biri də budur ki, bizim uşaq ədəbiyyatımız gedib ünvanlara çatmır. Televiziya kanallarının da böyük rolu olmalıdır. Çünki kanalların hər yana çıxışı var, amma bu gün Bakıda çap olunan kitabların çoxu gedib rayonlara çatmır. Saysız-hesabsız uşaq ədəbiyyatı kitabları çap olunur. Mən təklif edərdim ki, Təhsil Nazirliyi, Mədəbiyyət və Turizm Nazirliyi və Azərbycan Yazıçılar Birliyinin birgə layihəsi əsasında bir avtobus ayrılsın, rayonlara səyahət etsin. Məktəblərdə uşaqlarla görüşlər keçirilsin və tamaşalar hazırlansın…”
Yox, yox, səhv etmirsiniz. Bəli, mən Qəşəm Nəcəfzadədən danışıram. Mehriban, istiqanlı, gülərüz adamdır. Xalq arasında olmağı, insanlarla ünsiyyəti çox xoşlayır. Yaxşı həmsöhbətdir. Davranışığında mədəni, rəftarında mülayimdir. Doğrudur, o, yetərincə böyüklər üçün gözəl poeziya nümunələri yaradıb, amma nahaq yerə bu söhbətimdə onun uşaq ədəbiyyatı haqqında söylədiklərinə geniş yer ayırmadım. Çünki doğulub böyüdüyü Əliqulular kəndindən Bakıya gətirdiyi uşaq saflığını, sadəliyi hələ də qoruyub saxlaya bilib. Qaldı ki, onun ən böyük əsərinə, sözsüz ki, oğlu Kəramət Böyükçöldür…
Aprelin 1-i Ümumdünya Gülüş Günüdür. Və həmin gün şair, yazıçı-jurnalist Qəşəm Nəcəfzadənin 66 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram…
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu