ONUN 90 YAŞI OLUR

Ya da BİZİM YAZIÇIMIZ ƏFQAN ƏSGƏROV

Onu çoxdan tanıyıram, 80-ci illərdən. O vaxtlar ”Kommunist” qəzetində  Mədəniyyət  və  ədəbiyyat şöbəsinin rəhbəri idi. Yaşa, vəzifəyə, ada baxmazdı, bəyəndiyi yazıları verərdi. cavanlara daha çox yer ayırardı. O dövrdə “Kommunist” qəzetində çap olunmaq indiki onlarla saytda çıxış etməkdən üstün idi, qonararı da yüksək idi. Özü də hörmətlə yanaşardı hər kəsə, təmkinli, sadə, yüksək mədəniyyətli, yaraşıqlı, özünəməxsus duruşu, hərəkətləri olan biridi. Bu il 90 yaşı olur.

O, 1929-cu ildə indiki Şirvan rayonunun Qarabağlılar kəndində anadan olub. Uşaqlığı müharibə illərinə təsadüf edib. Amma oxumaqdan vaz keçməyib. 8 illik təhsildən sonra Tibb texnukimuna daxil olub. Ədəbiyyat sevgisiylə yaşayıb. Ona görə də ADU – nin filalogiya fakültəsinə daxil olub. 1953 – cü ildə oranı bitirəndən sonra “Azərbaycan gəncləri” qəzetində, sonra C.Cabbarlı adına kinostudiyada redaktor işləyib. Onun ssenariləri əsasında bir sıra sənədli filmlər çəkilib. 1962-1990-cı illərdə “Kommunist” qəzetində Mədəniyyət və ədəbiyyat şöbəsinin rəhbəri olub, 1990-cı ildə “Sovet kəndi”qəzetinə baş redaktor təyin edilib. 1991-93-cü illərdə müstəqil dövlətimizin ilk qəzeti “Həyat”- indiki “Azərbaycan”qəzetinin, 1994-cü ildən “Bərəkət” qəzetinin baş redaktoru olub. 1996-cı ildə təqaüdə gedib. 1958-ci ildən AYB-nin üzvü,1985-ci ildən Əməkdar incəsənət xadimidir. Bu onun haqqında öyrəndiklərim və bildiklərimdi. AYB-nin “Azərbaycanın şair və yazıçıları” siyahisində onu tapmadım, heç özümü də tapmadım. Yəni ordan heç bir məlumat əldə edə bilmədim. Amma 61 ildir AYB – nin üzvüdü. Bu il 90 yaşı olur. Ssenariləri əsasında  bir – neçə sənədli filmin çəkildiyini öyrənə bildim internetdən. Amma bilirdim ki, bir çox pyesləri: “Sarı əlcək”, ”Dağ seli”, ”Qız atası”, ”O mənim oğlumdur”, ”Gülməyən adam” və s. Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şuşa, eləcə də respublikamızdan kənarda dram teatrların səhnəsində tamaşaya qoyulub. Sovet dönəmində ”Gecikmisən”, ” Gözəllik sorağında”, ”Sən tək deyilsən”, “Gülyanaq”, ”Qartal əfsanəsi”, ”Katib”, ”Dünya gözəlliyindir”, ”Bəy Ünal” və s. əsərləri 20000 – 50000 tirajla çap olunub. Müstəqillik illərində də durmadan işləyir, yazır, yaradır: ”Şahlar şahı, ”Cənnətməkan” kimi tarixi romanlar, ”Cənnət alması”, ”Qeys və Leyla”, ”Türk oğlu türk”, ”Lənət şeytana” və s. əsərlər məhz bu illərdə yaranıb.”Oliqarx” Milli Dram teatrımızın səhnəsindədi, Hal – hazırda “Molla Nəsrəddin” tamaşasının məşqləri gedirdi bir vaxtlar. Adam işdən təqaüdə çıxa bilər, amma yazıçı olmaqdan çıxa bilməz. O da çıxa bilmir. Amma bu il 90  yaşı olur.
Və O, yazıçı olmaqdan yorulmur, hətta diqqətsizlikdən də, laqeydlikdən də yorulmur. Yeni əsərlər yaradır. Yəni bu gün və ya bir gün laqeydliklə hamımız üzləşirik. Yazılara görə ən azı yüksək qonarar aldığımız illər tarixdi artıq. İndi üzdə olmaq üçün üzün olmalıdı, üzlü olmalısan. Mədəni olmaq zamanı ötüb.İndi yazıçı, yaradıcı kimi gəzib – tozmaq da, AYB-nin, ya Mədəniyyət nazirliyinin hesabına çap, ya tərcümə olunmaq da, Üzdə olmaq da üzdü olmaqdı bir az da. Onunsa 90 yaşı olur.
O həmişə işləyib, necə deyərlər, yazıb – yaradıb: Yeni tamaşalar, pyeslər, hekayələr, tarixi romanlar. Mən son illərin ”Rəvayət”ini oxudum. Əslində rəvayətlər maraqlıdı, öyrədicidi, yəni çox mənalar var rəvayətlərdə. O, rəvayətləri öz yazıçı süzgəcindən keçirib, onları özünəməxsus şəkildə ərsəyə gətirib. Oxuduqca düşünürsən, müəyyən həqiqətləri görürsən, anlayırsan, öyrənirsən:
– Ədalət Dövlətin şahıdır.
– Öldürüb peşiman olmaqdansa, bağışla peşiman ol.
– Bina təkcə künc daşlarla tikilmir. Üz daşları da, ara daşları da var. Hələ kişik boşluqları doldurmaq üçün əyri – üyrü xırda daşlar da olmalıdı. yəni tikilən bina onda möhkəm olar ki, hər daş yerində olsun və ya hər yerin öz daşı olsun. Uçub dağılmaz onda.
-Tanrı heç kəsi qocalanda kötüyə çevirib üstündə çırpı doğratmasın. Kaş mən odun olaydım ocaqlarda yanaydım.
-“Padşahın on min cəlladı ola ölkə qorunmaz. On igid ər oğlu ola ölkə də qorunar, padşah da.”- nə gözəl deyimdi, nə gözəl həqiqətdi. Və bu rəvayətlərdə o qədər maraqlı fikirlərə rast gəlmək olur ki:
Deyir – bir dəli meydanda mayallaq aşıb pul qazanırmış. Qəfil ayağı qazinin ətəyinə toxunur. Qazi ətəyini çırparaq dəlini danlayır: Dünyanı yaman günə qoyan sənin kimi dəlilərdi. Dəli: Dəlinin dərdi özünə bəsdi. Sən dünyanı  ağıllılardan qoru qazi.
Deyir: – Süleyman peyğəmbər müəllimini çox sevərmiş atası Davud öldükdən sonra müəllimini başda oturdarmış. Səbəbini soruşanlara – Allah insanı göydən yerə endirib, müəllim yerdən göyə qaldırır.
DEYİR: Şər allahı Əhrimandan soruşurlar: Divlər, cinlər, əcinnələr üçün niyə ev tikmirsən?
– Bədxah, yolunu azanların ürəyi ola – ola evi neynirlər?
Deyirlər, bir gün Bəhram Gur Təlxəyindən soruşur – Mən kiməm?
– Sən əyan – əşrəfin üçün yumşaq yastıqsan. Deyirlər bu sözə görə Bəhram Gur xalq arasında  adı bədxahlığa çəkilən məclisi qovur.
Düşünmək üçündü. Hamımız üçündü. Ürəyimizi qorumaq üçündü. Bədxah olmaqdan asan və qorxulu heç nə yoxdu. Ürəyimizi xeyirxahlığa, sevgiyə açaq ki, sonra da “Şeytan yoldan çıxardı”, ya “Şeytana uydum” kimi anlamsız bəraət yapmayaq. Yəni Şeytana uymayaq. Elə “Lənət şeytana”pyesində də bundan bəhs edir yazıçı. Pyesin əvvəlində Şeytan bağban Tapdığın qurduğu tələyə düşür. Ahıl bir kişi simasında yaratdığı Şeytan kömək istəyir insandan. Tapdıq “Lənət şeytana” deyib, Şeytanı yamanlaya – yamanlaya Ahılı – əslində Şeytanı  zəncirdən qurtarır. Yəni insan istəsə, şeytanı da tələyə salar, istəsə azadlıq da verər. “Azadlığımız da, zəncirimiz də öz əlimizdədi” deyir yazıçımız. Mən onun  aydın dilindən, həqiqəti rahatca çatdırmasından, əsərlərini oxuyarkən oxucuda özünü qəhrəmanlardan biri kimi hiss etmək duyğusu yaratmağından, yazıçı məharətindən danışmaq istəmirəm. Bunu istənilən oxucu, söz adamı bilir.
90 yaşı olur. Və bu ömrü o, sözə həsr edib, oxucuları üçün yaşayıb. Bir vaxtlar əsərləri 30, 40, 50 000 tirajla çap olunan yazıçımızın son illərdə cap olan kitabları azdı. Amma yazıçı kimi, vətəndaş kimi, insan kimi bizə demək istədikləri çoxdu. Bizimsə onun sözünə-yazıçı sözünə ehtiyacımız var. Çünki O, həmiişə bizim yazıçımızdı. O – ƏFQAN ƏSGƏROV. Və sentyabrın 23 – ündə ƏFQAN müəllimin 90 yaşı olur. Onu onu sevənlər, unutmayanlar adından təbrik etmək istədim. Çox istədim, lap çox.
 
KAMALƏ ABİYEVA
Qadinkimi.com
Share: