ÇÖRƏK APARAN OĞLAN
(Bundan belə hər günümüz Şuşalı olsun!)
Sənin gülümsər üzün,
O sevincək gözlərin
Yadımızdadır hər an, –
Bahar qaranquşutək
Bizə müjdə gətirdin,
Alınmaz qalamıza
Çörək aparan oğlan.
Nə vaxtdı intizarla,
O qürurla andığın
Şuşa adlı qibləyə
Bağlanmışdı ürəklər.
Yaralı könlümüzün
Don vurmuş həsrətini
İsitdi
apardığın
Yurd ətirli çörəklər.
28.12.20.
QAZİ
Onun nə dövləti,
Nə rütbəsi var,
Nə bank hesabında bir qalaq pulu,
Nə də ki, bir evin açarı, Vətən!
Amma ürəyində yurd sevgisi var –
Qözünü qırpmadan keçib canından,
Səni qorumağı bacarır, Vətən!
Zülümlə çıxarıb ruzini daşdan,
Nə dünyanı gəzib, nə “işə” gedib;
O öz qismətinin yaralarıyla
Kasıb komasından döyüşə gedib.
Kəsili ayağı,
Yaralı – başı,
Yenə gülümsəyir gözləri onun.
Tapşırıb torpağa dostu, yoldaşı,
Geri dönməyənlər bir yaddaş olub
Cəbhə yollarında gözləyir onu.
Görünməz gözünə nə şöhrət, nə ün…
Tanrının qatında əzizdir xətri!
Sobanın hisinə qarışır hər gün
Ətsiz bişirdiyi xörəyin ətri.
Sevgini paylayıb gəlib-gedənə,
Ona gözlərini bağlama, Vətən!
Əlindən gələndən çox edib sənə,
Əliñdən gələni saxlama, Vətən!
HƏYAT HƏNDƏSƏSİ
(Cəmi şəhidlərimizə ithaf edirəm!)
Bir Vətəndə,
Bir şəhərdə,
Bir məhlədə doğulduğum,
Dəcəlliyi ucbatından
Hər gün saçını yolduğum…
Hörüyümü dartdı deyə
Arxasınca daş atdığım,
Bəlkə özüm də bilmədən
Acı, şirin
xatirələr yaşatdığım;
Dərsdən evə qayıdanda
“Sinfimizin qızlarına baxma” deyə
Oğlanlarla hey dalaşan,
Gah qızarıb köks ötürən,
Gah da ki, həddini aşan
Əski dostum!
Məktəbdə də biz yanaşı otururduq,
Yadımdadır.
Yoxlamadan çox qorxurduq –
sevmirdik heç həndəsəni.
Evə gələn müəllimlər
Hər gün məni öyrədirdi,
Mən də səni.
Yollar boyu çantamı sən daşıyırdın…
İllər keçdi,
Köçüb getdik,
Heç bilmədim
Mənsiz necə yaşayırdın…
Dərslərini doğru-dürüst edirdinmi
Mən gedəli?..
Gəzirdinmi məhəllədə
Əvvəlkitək dəli-dəli?..
İllər sonra
Cəbhəboyu xəbərlərdə gördüm səni –
Qürur duydum, bilirsənmi?
Bir vaxt bizi qoruyantək
Qoruyurdun bu Vətəni!
Heyrətləndim!
Necə də tez yaşa doldun?!
Sən nə zaman əsgər oldun?
İndi daha
Əllərində çanta deyil,
tüfəng vardı.
Geyiminlə
Duruşunda
Qəribə bir ahəng vardı…
Qarabağdan duyulurdu indi səsin.
Savaşın haqq savaşıydı,
Fənnin – həyat həndəsəsi.
Sonra isə…
Sonra səni ekranlardan…
xiyabanda gördüm, dostum.
Gülə-gülə bir mərmərə həkk olmuşdun.
Çiçəklərlə bəzənmişdi dörd bir yanın.
İnanmadım
Belə soyuq olduğuna
Bu dünyanın.
Bu soyuqluq şaxta kimi
vurdu
məktəb illərini.
Göz yaşları arasından baxdım…
Baxdım…
Mələklərmi oxşayırdı
mərmər üstə dalğalanan tellərini?!
20.01.21.