Tofiq Həsənli, Sənə bu ilhamı, bu ürəyi verən Allaha həmd olsun!
Qarabağ sevgisini son iki misradan gözəl verən bir şeir görməmişəm! Hanı bəstəkarlarımız? Bu şeirə mahnı bəstələnməlidir!
Əsəd CAHANGİR
Gözəl, dur çıx görüşünə,
Qapına bir qərib gəlib.
Səngərin gülü bitmədi,
Gülləsini dərib gəlib.
Baxma ki, əli soyuyub,
Ağır yol gəlib uyuyub.
Köynəyini qanla yuyub,
Sinəsinə sərib gəlib.
Gözlərinə dolub getdi,
Məhəbbətin olub getdi.
Ürəyini alıb getdi,
Həyatını verib gəlib.
Vaxt yetdi, ara yaylığı,
Qoyubsan hara yaylığı?..
Dur bağla qara yaylığı,
Elçilərin durub gəlib.
Saxla ürək sözlərini,
Torpağa qoy dizlərini.
Öp doyunca gözlərini –
Qarabağı görüb gəlib.