“Yasamal rayonundakı Əsəd Əhmədov küçəsi Bakının ən başıbəlalı küçələrindən biridir. Bu küçə barədə eşidəndə şəhid Milli Qəhrəmanımız Əsəd Əhmədovun ruhu qarşısında xəcalət hissi adamı bürüyür. Amma bu gecə baş verən məlum su borusu qəzası tamam başqa bir biabırçılıqdır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov öz sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, yəqin ki araşdırmalar və səbəblər barədə fikirlər olacaq. Lakin publik xidmətlərdə baş verən bu tipli fövqəladə hadisələr ciddi problemlərdən, hətta təhlükələrdən xəbər verir: “Bütün bunların hamısı məsuliyyətsizliyin, laqeydliyin, səriştəsizliyin, strateji əhəmiyyətli işlərə “yola vermək” stili ilə yanaşmanın və s. nəticəsidir. Bu tipli hadisə sadəcə dövlətə, cəmiyyətə, ətraf mühitə, konkret insanlara vurulan maddi ziyan deyil. Orada çox asanlıqla ölüm də ola bilərdi. Sadəcə, bu dəfə hamımızın bəxti gətirdi…
Görünən odur ki, belə olmamalıdır. Məsul insanlarda məsuliyyət hissi olmalıdır. Vətəni sevmək, həm də vicdanlı iş görmək deməkdir. Vicdanlı olmaq lazımdır…”