Oraların sirri: Şuşanı görməyən rəfiqəmə məktub – Bircə yazır…

Oraların sirri: Şuşanı görməyən rəfiqəmə məktub – Bircə yazır…

Müstəqil.Az Bircənin “Bakılı rəfiqəm Təranəyə” silsiləsindən “O görünən Şuşadı, gülü qoşa-qoşadı” yazını təqdim edir.

Təranə, sənin Şuşa alınan günü dediyin heç qulaqlarımdan getmir: “Mən Qarabağı, Şuşanı heç görməmişəm. Oraları qızımla gəzmək istərdim.”

Sənə Qarabağdan kiçik nağıllar danışmaq istəyirəm.

Başlayaq.

Qafqazın Konservatoriyasından

Yaşıl otlaqların bürüdüyü sıldırım dağ döşündə bir şəhər düşün. Qədim üslubda tikilmiş binalar, çay daşları döşənmiş yol, möhtəşəm Gövhər Ağa məscidi, əvvəllər Üzeyir bağı, sonralar Cıdır düzü adlanan seyrəngah, Ərimgəldi təpəsi.

Bunlar Şuşanın atributlarıdır.

Şuşanın bir dikdirindən baxsan, bütün Dağlıq Qarabağı görərsən.

Bu şəhər Zaqafqaziyada xalq musiqisinin beşiyi olub. “Şuşa musiqiçiləri”Azərbaycan musiqisinin tarixini yaratmış, onu Şərqin başqa ölkələrində də təmsil və tərənnüm etmişlər.
Ümumiyyətlə, oxumaq Qarabağdakı kimi heç yerdə yayılmamışdı. Burda hamı evdə, bağda, şənlikdə oxuyardı. Balaca, böyük, cavan, qoca hər kəs musiqiylə iç-içə olardı.

Əsrin əvvəllərində qadınları toy məclislərində, səhnələrdə oxutmazdılar.

Səsi gözəl olan xanımlar, cavan ölən yas məclislərində gözəl səsləriylə növhələr, bayatılar deyib ölənə layla çalarmışlar. Cavan oğlan yaslarında qadınlarımız ,”Bayatı Qacar”, “Yetim Segah” üstündə yanıqlı səslə bayatı deyib ağlarmışlar.

Qarabağda “Məhərrəmlik mərasimləri” bir başqa olardı.

Seyid Şuşinski, Cabbar bu mərasimlərdə Kərbəla çöllərindəki şəhidlərimizə xalqla birgə yas tutarmışlar. Qətl sınan günü böyüklərimiz də bizi qanımıza bələrdilər. Xəstələnən, niyyət olunan uşaqları qətl sınan kimi “qırmızı köynək” edərdi mollalar. Uşağın yaxasına ağ, köynəyə oxşayan bir şey salınardı. Ülgüclə alnından bir az yuxarı balaca çərtilərdi. Başdan axan qan yaxamızdakı ağı qıp-qırmızı eləyərdi. Beləcə, olardıq qırmızıköynək.

İllər öncəki Kərbəla şəhidlərinə yas saxlayan canımızı qarşıda hansı müsibətin gözlədiyini bilmirdik.

Fəqət, hələ bizlər yol gəlirmişik Şuşa müsibətinə, Şuşa şəhidlərinə, Xocalı soyqırımına…

Bizim Qarabağda bir el məsəli dillər əzbəriydi: “Şuşanın uşaqları “Segah” üstə ağlar, “Şahnaz”üstə gülərlər.”

Evində musiqi aləti olmayan ailəyə bir az köndələn baxardılar.

Bir sözlə, hər evdən, hər daşın altından, hər ağacın dibindən qarmon, tar, ney, kaman səsi ucalardı.

Ailə mərasimlərimizin ən gözəli, ən yaddaqalanı olan toylarımızdan da sənə bir balaca danışım.
Qarabağda toy, evlənmə mərasimi çərçivəsindən çıxaraq, ictimai-mədəni bir əyləncəyə çevrilmişdi.

Kukla teatrından məsələn, “Kilimarası”ndan tutmuş, “Bəy gizləmə”, “Bəy paklanması”, “Bəy başının (saçının) vurulması, Cıdıra çıxmaq kimi mərasimlərin hamısı bizim toylarımızın bəzəyi idi.

Yeddi gün, sonralar üç gün davam eləyən toylarımızı, Qarabağın məşhur xanəndələri aparırdılar. Cabbarın, Xanın, Seyidin apardığı toyların şahidlərini görmüşəm. Özümsə, Qədirin, Yaqubun, Sara xanımın, Səxavətin, İdrisin oxuduqları toyların şahidi olmuşam.

Üç günlük toyların ilk günü “ye gəl” adlanırdı. Yəni birinci gün toylarda gündüz yemək verilməzdi. Axşama, xətir aşı deyilən bir düyü dəmlənirdi.

Hamı öz evində yeyib gələrdi, böyük toy mağarlarında dövrün məşhur xanəndələrinə qulaq asardı.

Ən maraqlı tədbirlər toyun məhz ikinci günündən başlanardı.

“Qazan açma”, “yuxa üstü vermə”, “nəmər paylama”, “şabaş səpmə” və sair.

Pahhh! Gəlirdi toyun son günü. Günorta gəlin gətiriləndən sonra əsil həngamə başlanırdı. Məzəli rəqslər, kukla oyunları, bəyin bər-bərlənməsi, sonra hamam, sonra cıdır, sonra bəyin oğurlanması, sonra bəyin tərifi….

Bütün bunlar hər biri xüsusi törənlə, sevgiylə, sevinclə yerinə yetirilirdi.

Bəzən toylarımız sübhə qədər davam edərdi. Bəy tərifindən öncə mağara xüsusi zövqlə bəzənmiş iri şax gələrdi. Şaxı bəyin əmisi qızı, xalası qızı, yaxud da bibisi bəzəməliydi. Şax satlığa çıxardı. Şaxı alan adam pulu bəzəyənə təqdim eləyəndən sonra, ağacdakı yeməli şirniyyatlar bütün mağara dağıdılırdı. Gecə yarı olanda möhtəşəm bir “bəy tərifi “başlanardı…

Toy mağarından salamat çıxan bəyin ayağı altında qurbanı kəsilib, əlləri xınalı, bər-bəzəkli, telli-toqqalı gəlinin otağına yola salınardı. Sağ dışla, sol dış bəyin atdığı tüfəngdən sonra evlərinə gedərdilər…

Canım Təranəm, kiçik toylar, böyük toydan o qədər də fərqlənməzdi.

Mağar, yeyib-içmək baxımından.

Ailələr bəyəndiyi bir nəsli uşaqlarına kirvə tutardı. Ağsaqqallarla o adamın evinə gedib fikrini bildirərdi. Qarşı tərəf kirvəliyi qəbul etsəydi dərhal məclis qurulardı.

Kirvəlik, müqəddəs qohumluq hesab olunurdu Qarabağda. Kirvə kirvənin damına çıxmazdı ki, ev adamının gözünə toz düşər.

Kirvə kirvədən qız almazdı, qız verməzdi. Kirvəliyə bir el adamla, matah sovqatla, qiymətli bəxşişlə gedilərdi.

Kirvə, qucağına qoyulan uşağa at, inək, torpaq, gəbə, qızıl bağışlardı. İnsanlar beləcə qohumlaşıb, sovqatlaşıb, qaynayıb-qarışıb ömür sürərdilər.

Kulis.az

Share: