Müstəqil.Az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir:
– Qüdrət bəy, Azərbaycan Ordusu tariximizin şanlı səhifələrini yazır. Ordumuza zəfər yürüşünü başa çatdırıb, torpaqlarımızı işğaldan azad etməyə xarici güclər mane ola bilərmi?
– Zorakı separatizmin beynəlxalq hüquq normalarına zidd olması ilə yanaşı bütün dövlətlərin ərazi bütövlüyü və daxili sabitliyi üçün böyük təhlükə yaratması səbəbindən dünyanın və regionun böyük gücləri neytrallıqlarını qoruyub saxlamağa və beynəlxalq hüquqa hörmətlərini nümayiş etdirməyə çalışırlar. Sevgiləri işğalçı dövlətlə olanlar isə humanitar faciələri önə çəkməklə Azərbaycanın hücumlarını dayandırmaq istəyirlər. Ermənistan bu işdə onlara kömək etmək, həm də mülki əhali arasında qorxu yaratmaq üçün şəhər və kəndlərimizə ballistk raketlərlə zərbə endirir, zorla Türkiyə və Rusiyanı bu münaqişəyə cəlb etmək istəyir.
Amma Ali Baş Komandan sözünü deyib, bu dəfə bizi torpaqlarımızı azad etməkdən heç kim çəkindirə bilməz, çünki həm büynəlxalq hüquq, həm qardaş Türkiyə bizimlədir. Yox, hər hansı yolla Azərbaycanı dayandıra biləcəklərsə, o halda nə indi, nə də 100 il sonra nəzəri cəhətdən olsa belə Qarabağı Azərbaycandan qopara biləcək heç bir sənəd imzalanmayacaq. Sülh müqaviləsinin bağlanmasının və müharibənin bitməsinin tək yolu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və işğalçı qoşunların torpaqlarımızdan çəkilməsidir. İnşallah, biz Ordumuzun qələbəsini diplomatik müstəvidə rəsmiləşdirəcəyik. Siyasət mümükün olanı əldə etmək bacarığıdır. Amma biz ölkəmizdə siyasi istiqrarsızlıq hökm sürəndə, iqtisadiyyatımızın ağır vaxtlarında, beynəlxalq güclərin əleyhimizə olduğu və 20% torpaqlarımız erməni faşistləri tərəfindən işğal olunduğu 90-cı illərdə belə Qarabağı bizdən ayıracaq heç bir sənədə imza atmamışıqsa, indi bunu etməyimiz mümkünsüzdür. Madrid prinsiplərindən danışmağımız xalqımızı narahat etməməlidir. Azərbaycan heç vaxt Dağlıq Qarabağın son statusunun referendumla, Azərbaycanın ərazi bütövlüyündən kənarda müəyyən olunmasına imkan verməyəcək. Bəzi insanlarımız fikirləşir ki, referendumla Qarabağın müstəqilliyi elan oluna bilər. Prezident min dəfə söyləyib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmayıb və bizim üçün keçilməz qırmızı xəttdir, Azərbaycan torpaqlarında biz ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Artıq Ordumuz başqa reallıq yaradıb. Biz məğlub dövlətdən qalib dövlətə çevrilməkdəyik. Qarabağda azərbaycanlıların yaşadığı şəhər və kəndlərə (Şuşaya, Xocalıya və s.) ev-eşiyindən didərgin düşmüş vətəndaşlarımızı Azərbaycan dövləti köçürəcək, əgər Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul edib öz evlərinə qayıdacaqlarsa, son status müəyyən olunana qədər müvəqqəti yerli özünüidarəetmə orqanlarını da azərbaycanlılarla ermənilər birlikdə formalaşdıracaq. Ona görə də xalqımız Ali Baş Komandana və Ordumuza döyüşlərdə uğurlar arzulamaqla şəhidlərimizin qanı bahasına əldə etdiyimiz qələbələrin sevincini yaşamalıyıq.
Allah şəhidlərimizin ruhunu şad etsin!