Oruc tutan şəxslərin imsak etməsi və imsakdan yarım saat əvvəl 4-5 stəkan su içməsi lazımdır.
Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında həkim-dietoloq Leyla Zülfüqarova deyib.
O bildirib ki, doğru qidanlanmazlarsa, oruc tutanların səhhətində problemlər yarana bilər:
“Ramazan ayında oruc tutanların orqanizminin təmizlənməsi prosesi baş verir. Lakin düzgün qidanlanmasalar, onun ziyanları ortaya çıxa bilər. Orqanizmdə fəsadlar yaranmamasın deyə, imsakda doymamış yağ turşularının qəbul edilməsi vacibdir. Bunun üçün günaşırı olaraq qoz, fındıq, badam kimi çərəzlər və 1-2 dilim çovdar çörəyi ilə 20 qram kərə yağı qəbul edilə bilər. Xurma isə əslində iftar zamanı deyil, imsakda qəbul edilməlidir. Çünki o, orqanizmin ehtiyac duyduğu şəkərin 80 faizini ödəyir. Buna görə səhərlər xurmadan istifadə edənlərin iftarda onu yeməsinə ehtiyac yoxdur.
Həmçinin onu da qeyd edim ki, imsakdan dərhal sonra yatmaq insan səhhətinə ziyandır. Yaxşı olar ki, imsaka duranlar yemək yedikdən yarım saat sonra yatsınlar.
İftarda isə ərik, gavalı və alma qurusu mütləq istifadə edilməlidir. Bu, həm oruc tutanları tox tutacaq, həm də orqanizmin vacib maddələrə olan ehtiyacını ödəyəcək”.
L.Zülfüqarova onu da bildirib ki, oruc tutanlar doğru qidalanmasalar, bu, onların koronavirusa yoluxma ehtimalına təsir edə bilər:
“Oruc tutanların doğru, yəni imsak və iftarda düzgün qidalanması onların immun sisteminin güclü olması üçün kifayətdir. İmmun sistemi üçün vacib olan vitamin D-ni günəş və qidalarla ala bilərik. Qidalarda bu vitamini dəniz məhsulları, yumurta, kərə yağı və süd məhsulları vasitəsi ilə almaq mümkündür. Həmçinin sink və vitamin C çərəzlər, dəniz məhsulları vasitəsi ilə alına bilər”.
Müstəqil.Az