“İnnovativ sahibkarlığın inkişafı Azərbaycan Hökumətinin strateji fəaliyyət gündəliyində də əks olunub”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan-İsrail İnnovasiya Forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, ötən il təsdiq edilmiş “2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası”nda ortamüddətli dövr üçün keyfiyyətcə yeni inkişaf modelləri müəyyən edilib:
“Rəqabətli iqtisadiyyatın təməli olan məhsuldarlığın, innovasiya və müasir texnologiyalar hesabına yüksəldilməsi təsbit olunub. Bu məqsədlə, innovasiyaların özəl və dövlət sektorunda tətbiqinin stimullaşdırılması, startaplar və investorlar üçün məqsədli fiskal imtiyazlar sisteminin hazırlanması, innovasiya klasterinin yaradılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.
O.Məmmədov qeyd edib ki, 2026-cı ilə qədər yüksək və orta-yüksək texnoloji sənayenin ümumi əlavə dəyərdə xüsusi çəkisinin 15%-ə qədər artırılması hədəflənir:
“Azərbaycanda da mikro, kiçik və orta sahibkarlıq subyektləri fəaliyyət göstərən bizneslərin mütləq əksəriyyətini təşkil edir və ölkənin dayanıqlı və innovativ inkişafı KOB-ların inkişaf səviyyəsi ilə sıx bağlıdır.
2021-ci ildə KOB subyektləri tərəfindən elmi-tədqiqat xərcləri 21,4 milyon manat və ya təqribən 13 milyon ABŞ dolları təşkil edir. Əvvəlki dövr ilə müqayisədə təqribən 36% artım olsa da, qarşıya qoyulmuş hədəflərin əldə edilməsində bu göstəricinin həm dövlət, həm də özəl sektor vasitəsilə yüksəldilməsinə ehtiyac var”.
O.Məmmədov qeyd edib ki, bizneslərin fəaliyyətinin müasir tələblərə uyğun təşkili və rəqabət qabiliyyətinin artırılması baxımından elmi yeniliklərin biznesə inteqrasiyası vacibdir:
“Bu məqsədlə, 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verdik. “Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır. Bu günədək 90-a yaxın sertifikat təqdim edilib”.
Nəzrin Vahid