ORXAN PAŞANIN “YAĞMUR QOXUSU” KITABININ KÖNÜL DÜNYAMA YAYDIĞI DOĞMA QOXU – İsgəndər Fərhadoğlu

ORXAN PAŞANIN “YAĞMUR QOXUSU” KITABININ KÖNÜL DÜNYAMA YAYDIĞI DOĞMA QOXU – İsgəndər Fərhadoğlu

 

 

Şairlik də gözəldir, alımlık də gözəldir. Şair-alım

qələmindən çıxan əsərlərin isə özgə hüsnü var.

 

…Sevib həzin tütək oldun,

Könül oldun, ürək oldun.

Hərdən dəli gerçək oldun,

Hərdən nağıl, Orxan Paşa…

 

Gənc dostum, folklorşünas Elnur Baxışın kitabları arasında bir kitab diqqətimi çəkdi. Bu, müəllifi Orxan Paşa olan “Yağmur qoxusu” kitabı idi. Kitabın titul vərəqəsində yazılmışdı: “Sazın-sözün qeyrətkeşi əzizim Elnur Baxışa can sağlığı və uğurlar arzusu ilə. İmza və 20.09.2016”.

Nəsə qeyrətkeş sözü vücudumu təlatümə gətirdi. Kitabın müəllifini aradım. Onun

Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı olduğunu bildim.

Ürəyimdən belə bir fikir keçdi: “Ustad, sazın və sözün əsl qeyrətkeşi elə siz özünüzsünüz. Siz onsuz da tanınmış alım kimi özünü öz dəsti-xətti ilə təsdiq etmiş şəxsiyyətsiniz”. Siz sözün, sənətin, mənəvi sərvətlərimizin qeyrətini çəkən alimlərimizdənsiniz. Sizin YUNESKO təmsilçisi ilə mükaliməniz alım – siyasətçi dialoqu fonunda, reallıq meydanında alim məntiqinin zəfəri kimi dəyərləndirilməlidir. Mükaliməni yada salıram:

…YUNESKO təmsilçisi Jan Dürinq:

– Dünyada hər xalqın bir milli musiqisi var, siz beş il bundan qabaq muğamı milli musiqiniz elan etdiniz. İndi də aşığı, sazı ikinci bir milli musiqi kimi irəli sürüsünüz. Belə şey ola bilməz. Bunun ikisindən biri sizindi.

Alim:

– Bəs cənab Dürinqin fikrincə, bu sənətlərin hansı bizimdi?!

Jan Dürinq:

–Hansına yaxın durmaq istəmirlərsə o…

Kitabı bir müəllim, bir oxucu kimi oxumağa başladım. Söz arası deyim ki, mən roman oxuyanda çox düşünmürəm Çünki yaxşı yazar romanda hadisələri elə təsvir edir ki, oxucu üçün düşünməyə ehtiyac qalmır. Mən yığcam hekayələri, təmsilləri və poeziyanı düşüncələrə dalmadan oxumağa davam edə bilmirəm. Şerlər kitabını ardıcıl oxumaq vərdişim yoxdur.

Kitabı təhlil etmək fikrində deyiləm. Heç buna ehtiyac da yoxdur. Əsər göz önündədir. Alim, şair, söz ustadı qələmindən çıxmış əsəri tənqid etmək fikrinə düşmək günah sayılmalıdır. Belə əsərləri tənqid etməzlər, qəbul edərlər, təhlil edərlər, tətbiq edərlər.

Kitab vətənpərvərlik şeirləri ilə başlayır. “Türklüyümüz yenikməz”, “Xəzər qalxır, “Ürəyimin səcdəgahı“, ” Yol verin”, “Gedək Təbrizə-Təbrizə”, “Xudafərin körpüsü”, “Azərbaycanım”, “Getdim, gördüm”, “Bir daha enməz”, “Şuşanın xarı bülbülü”, “Türklər Krıma qayıdır”, “Laçınım”, “Göyçə dedim, yaralarım göynədi”… və başqaları. Bütün bunlar və kitabı əsər məqamına yetirən şeirlər hər bir müəllim üçün vətənpərvərlik tərbiyəsinin zəngin pedaqoji materialıdır. Kitabın giriş qapısından başlayaraq bu şerlər adamın ruhunu Dəmirqapı Dərbəndə daşıyır, Göyçəyə endirir, Xudafərindən Təbrizə addadır, Azərbaycanın hər guşəsinə səpələyir vətən və vətənə məhəbbət libasına bürüyür.

“Taleyimdən və ürəyimdən keçənlər” – bölümü əsl alim təvazökarlığı ilə saf duyğularla qələmə alınmışdır. Şair-professor bu sətirləri təbii bulaq suyu kimi saf duyğularla qələmə almağa müvəffəq olmuşdur. O, duyğularını hər bir kəsə doğma olan çalarlarda təsvir və təqdim edir: “Mənim otuz yaşım olanda babamın yüz yaşı olmuşdu. Ondan bu yüz ilin necə göründüyünü, çox uzunmu olduğunu soruşdum. Fikrə gedib dedi: “Elə bil ki, yatıb bir yuxu görüb durmuşam”.

O, ata və ana məhəbbətini də sadə, kövrək, ülvi, doğma, müqəddəs… hislərlə təqdim edir: “…Atamın acığı tutar”, “…Anam məni danlayar”.

…Ata yurdunda balasını qarşılayan ana çəliyinə söykənərək onun başına dolanır. Bala müqavimət göstərir, ana çəliyini onun kürəyinə vururaraq deyir: “Uşaqsan, harda qoymuşam, orda dur” – deyərək öz işini görür. Bu doğma etiraflar qarısında kövrəlməmək üçün ürək daşdan olmalıdır. Budur ana-bala məhəbbətinin qoşa zirvəsi. Bu epizodda ana da, bala da öz məqamını fəth etdiyi üçün ehtirama layiqdir.

Təki analar övladlarının başına dolansın. Qoy bütün analara qoca körpələrinin başına dönmək qismət olsun…

Ustad Allah Sizə ömür versin. Milli, mənəvi sərvətlərimizin tarix dəryasının dərinliklərindən çıxarmaq, qorumaq və xalqımıza təqdim etmək yolunda Sizə müvəffəqiyyətlər diləyirəm. Qoy Allah Sizə şifahi və yazılı folklorumuzun keşiyini çəkmək, el sənətkarlarımızın, aşıqlıq sənətinin qorunması və təqdim edilməsi yolunda yardımçınız olsun.

 

P.S. Hörmətli alimimiz, məni bir dəfə də görməyib. Mən isə onu televiziya və elm məkanında həmişə fəxarət və qürur hissi ilə izləməkdəyəm.

 

 

İsgəndər Səklikov (İsgəndər Fərhadoğlu)

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

 

Goranboy rayonu Səfikürd kəndi.

19 may 2020-ci il

Share: