Ovqat Ayələrindən Əsintilər – Xan Rəsuloğlu Əli Vəlioğlunun “Mənim dünyam” kitabı haqda yazdı

Nüvədi – dağlar qoynunda sərt qayalıqlara hopmuş, yazılmış böyük Türk tarixinin, dünya durduqca silinməyəcək, övladlarının isə heç bir zaman  yaddaşından çıxmayacaq şərəfli səhifələri.

Amansız-allahsız-şərəfsizlərin, siyasət dəllallarının insana-insanlığa xəyanəti üzündən o torpaqların əzəli sakinləri də öz el-obasını, yurdunu tərk etdi,  çəlayi-vətən oldu.

Zaman etibarı ilə çox da uzaqda  olmayan bir keçmişin hələ də yaddaşlarda qövr eləyən xatirələri… Ulu Zəngəzurun Mehri rayonunun Nüvədi kəndi. Ərənlər yurdunun el ağsaqqalının, müəllim-ziyalısının –  Əli Vəlioğlunun yaradıcılıq nümunəsi – gündəlik tipli bədii deyimlər, ədəbi düşüncələrindən  ibarət olan “Mənim dünyam” kitabı ( Bakı, “Gənçlik” nəşriyyatı, 1993) .

Bu yazım ədəbi tənqid deyil. Sadəcə olaraq, dedim, duyğuları dilləndirən, qayğıları selləndirən fikir-düşüncə bulağından su içək, ruhumuzu – ovqatımızı yansıyan – oxşayan, qəlbimizə doğmalıqdan – yaxınlıqdan əsən dağ yeli tək canımıza can gətirən bir ab-havada nəfəs dərək.

Azərbaycan xalqının milli mentalitetinin hər yönündən Əli Vəlioğlunun düşüncə dünyasına, oradan da insanlığı şərəfləndirən, ucaldan əxlaqi-mənəvi aləmlərə paralellər çəkmək olar. Atalar sözlərinin təmiz ruhdan, saf niyyətdən süzüldüyünə şəhadət verirəm. Cünki insan öz nəfsinə və şeytani ovqatına köklənməsinin də hansısa siyasi-iqtisadi səbəbləri olmamış deyil, əksini söyləsək, onda gərək ulu yaradana da asi olaq. Bu yöndən yanaşaraq bir kənd müəlliminin qələmindən süzülən bədii ifadə və deyimlərində, oxuyanlara bir dərs, bir öyüd, bir ibrət olduğunu görürük. Bəzən ovqata uyğun fərqli rakurslarda-baxışlarda, gah cılğıncasına, gah da şuxluq-zarafatla, gah pıçıltı ilə deyilən, söylənən, yaşanan fikirləri oxuduqca, hərdən söz üstünə söz də demək istəyirsən. Səlis məntiqin önündə susmağın gərəkliliyini də anlayırsan, hərdən də heyrətamiz reallığın, gözəlliyin önündə, sadcə, gözlərində məmnunluq işartıları bərq vurur.

Əli Vəlioglu öz fikirlərini Atalar sözlərimizdə olduğutək çərçivədə, yek və yekun nətiçə kimi, ştamplarlavermir, bədii cəhətdən çilalayır, poetik nəsr örnəyi tək duyğuların-təxəllüyün zərif süzgəçindən kecirir, eləcə də Müəllim qəlbi ilə irqi mənsubiyyətindən olmayaraq, dünyada yaşayan bütün insanlara ən humanist baxış bucağını sərgiləyir. Hər bir insanın yaşamını, ömrünü dəyərləndirən ən gözəl hissləri dilə gətirir, qələmə alır.

Həm də deyimlər və duyumlar, “ovqat ayələri” gursulu dag çayı deyil, şırıltı ilə axan bulaqdır ki,  ovuçlayıb içə bilərsən və bu bulaqdan içdiyin suyun hər qurtumunun cana məlhəm olduğunu duyarsan.

Hər birimiz böyük bir sosial-ictimai şəbəkənin ayrı-ayrı üzvü olsaq da, əslində, bəlkə də hamımız eyni bir informasiya daşıyıcılarıyıq və nə qədər qayğı və ehtiraslarımıza bər-bəzək vursaq da hamısı hamımızda tam olaraq üst-üstə düşə bilər və eyni olar. Eyni ilə bu kitabdakı deyimlərdə də hamımızdan bir parça, bir qədər nəisə var.  Bu fikrimi kitabın özündən örnəklərlə isbatlayım…

Əli Vəlioğlunun fikirlərini verəcək, mötərizədə öz şərhimlə yanaşmam olacaq.

  1. Elə bil bu günümüz üçün yox, gələcək günlərimiz üçün yaşayırıq. (70-80 yaşlı birisindən soruşsaq ki, yaşaya bildinmi, başını bulayacaq, heç başım açıldımı deyəcək, bir az da özüm üçün yaşayım, Belə çıxır ki, heç birimiz yaşamırıq, sanki yaşamağa hazırlaşırıq…)
  2. Əqidəm məni özünə qul götürmüşdür.( Hamımız hansısa əqidənin, əxlaqın, mentalitetin qolubağlı qulu deyilikmi?)
  3. Vətəndə həqiqət olmadıqda, o öz şirinliyini itirir. (Bizi özümüzdən uzaqlaşdırmaq üçün institutlar işləyir ee, xəbərlərimiz yox…)
  4. Həqiqətdə, “ayıbdır” sözü yoxdur. (yəni təbii olan heç nə günah deyil, hər şeyi yerinə görə qiymətləndirmək gərəkdir.)
  5. Şüurun qavramadığı hadisə möcüzə adlanır. (Əli müəllim burada çox sadə izahat verir.)
  6. Vəzifə elə bir həbdir ki, dovşan ürəklilərə də pələng cəsurluğu verir. (Başına furajka qoyan, çiynində poqon gəzdirən və ya hansısa idarəni təmsil edən birisi səninlə elə danışır ki, sanki sən onun nökərisən, qolu bağlı əsirisən.)
  7. Ölüm həyatın dəyər-qiymətini artırıb. (Dogrudan da ömrün ölümlə sonuçlanması insanları ayıldır. Bu fəhm olmasa, insanların çoxu heç yerilərindən də tərpənməz, dünya da ətalət içində olar.)

Əli Vəlioğlunun daha bir kitabı “Alatoran” yayımları tərəfindən 2018-ci ildə işıq üzü görüb, “Mənim mənalı dünyam” adıyla.  “Kommunizm kabusu və sosializm sisteminin ideoloji basqısı götürüləndən sonra, sanki beyinlərdə özgür düşüncə vulkanları püskürməyə başladı. Elə, Əli müəllimin deyimləri də sərtlik, açıqlıq və uyğun düşüncələrə rast gəlincə, sanki ədəbi aydınlanma, arınma prosesi yaşayırdım, özümü, dövrümüzün tarixi, taleyimizi yenidən kəşf edirdim. Bu kitabdan də örnəklər gətirirəm:

  1. Ağıl güclü tamahın ov tulasıına cevrilir. (Şərhsiz)
  2. Z. Balayanın “Ocaq” kitabı erməni millətinin iç üfunətidir. (Bu kitabın yalanlarını çözməyə ehtiyac da yox. “Erməniçilik” («армянство») xəstəliyini bu millətin canından çıxa biləcəyinə, onların normal insan kimi  kinsiz, nifrətsiz yaşaya biləcəklərinə o zaman inanaram ki, öz murdar məxluqlarını özləri ifşa edələr, biz türklərə və dünya xalqlarına qarşı xəyanətlərini boyunlarına alalar. Bəli, onların bu səviyyəyə düşmələrinin səbəblərdən biri də tarixi şərait olub, amma insan qanı və gen daşıyırlarsa günahlarını etiraf edəcəklər.  F. Ekozyants kimi, Yeqişe Carents, Robert Arakelov  kimi. Və biz də öz tarixi torpaqlarımıza  – İrəvana,  Göyçəyə, Zəngəzura dönəndən sonra onlarla yenidən qonşuluq münasibətlərimizi bərpa edə bilərik. Başqa yolu yox…
  3. Gərnəşmək-süstləşmiş, sahmansız, qırışlı bədənin ütülənməsidir. (Bir həkim deyərdiki, 10-15 saniyəlik gərnəşmək 10-15 dəqiqəlik kross qaçışı qədər faydalıdır.)
  4. Ümidin kəndiri yadların əlindədir. (Öz kitablarımdan birinin adı elə buna bənzəyir: “Ümidlər zindan imiş” və mən hamınıdan soruşuram, bəs Siz necə il yatmısınız öz ümidlərinizin həbsxanasında? Yoxsa, hələ də oradasınız?!)
  5. İradə-insanın yanacağıdır. (Yadıma X. L. Borxesin bir fikri düşdü: bu dünya ona görə dəyərlidirki, orada Şopenhauerin əsas kitabının adı bilirsinizmi neçədir? – “Dünya iradə və təxəyyül kimi”… Həyatımız və dünya iradəmizlə və təxəyyülümüzlə müəyyənləşmirmi?!)

Bəli,  mən Əli Vəlioğlunun hər fikrini belə öcəşərək oxudum, ola bilsin ki, bir çox anlarda heç bir sözə ehtiyac duymadan da. Cünki, həqiqətin, gəldiyimiz nəticələrin çox vaxt sözlərlə ifadə edilməsinə, doğrudan da ehtiyac olmur.

Əli Vəlioğlu bu dünyada sanki 2 ömür yaşadı. Birini hamının gözü önündə, ikincisini hamıdan pünhan yaşadı yazılarında.  İçinin enerjisiylə dünyamızı işıqlandıran hər kəsə Tanrıdan rəhmət diləyirəm.

Xan Rəsuloğlu

 

 

 

Share: