2 yaşlı Abdullazadə Nərgiz Tofiq qızı təcili əməliyyat olunmalıdır.
Bu barədə Oxu.Az-a onun valideyni Qazıyeva Nabat Natiq qızı məlumat verib.
O qeyd edib ki, övladı 1 yaş 4 aylıq olarkən başında 3-cü dərəcəli maye aşkarlanıb:
“Qızımın başının sol arxa tərəfində qatı maye aşkarlanıb. Həkimlər bildirirlər ki, o, təcili əməliyyat olunmalıdır, yoxsa çox yaşamayacaq. Qeyd edim ki, Nərgiz mənim tək övladımdır. Mən yenidən ana ola bilməyəcəm. Onu itirmək mənim üçün ən böyük fəlakət olar. Balamın həm də qanında leykoza meyillilik aşkarlanıb. Biz Bakıda bunun üçün də müalicə alırıq. Türkiyənin “Medical Park” xəstəxanasında Nərgizimin əməliyyat edilməsi ilə bağlı danışıq aparmışıq. Amma biz lazım olan məbləği hələ də toplaya bilməmişik. Bizə 8 min manat pul lazım idi. Onun 3 min manatını toplamışıq. 5 min manat əskiyimiz var. İmkanlı şəxslərdən bizə yardım etmələrini xahiş edirəm”.
Ailə ilə əlaqə nömrəsi: 055 526 91 09
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Nərgizin valideyni Qaziyeva Nabat ilə əlaqə saxlanılıb:
“Valideynin verdiyi məlumata əsasən, övladına Milli Onkologiya Mərkəzində beyin kistası xoşxassəli törəmə diaqnozu qoyulub. Nəzərinizə çatdırmaq istərdik ki, “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, onkoloji xəstəliklərin müayinə və müalicəsi Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həyata keçirilir.
Bu baxımdan vətəndaşa Səhiyyə Nazirliyinə müraciət edilməsi tövsiyə edilsə də, vətəndaş cərrahi əməliyyatın icrasının yalnız Türkiyə Respublikasında mümkünlüyünü qeyd edib”.