2022-ci il Azərbaycanda və dünyada nələrlə yadda qaldı?

2022-ci illə vidalaşırıq. Bununla əlaqədar olaraq ötüb-keçən ilin Azərbaycan və dünya üçün əhəmiyyətli hadisələrindən bəzilərini sizə xatırlatmaq qərarına gəldik.

İlk olaraq qeyd edək ki, BMT-nin qərarı ilə kiçik balıqçılara, balıqçılıq təəsrrüfatlarına dəstək vermək məqsədilə 2022-ci il Beynəlxalq Balıqçılıq və Akvakultura ili elan olunmuşdu.

Azərbaycanda isə Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2022-ci il Şuşa İli elan olunub.

Yanvar

2 yanvar – Qazaxıstanda bazar qiymət mexanizminə keçidlə əlaqədar maye qazın qiymətində yanvarın 1-də kəskin artım oldu. Bununla əlaqədar bir gün sonra ölkəboyu kəskin aksiyalar başladı (sonradan bu etirazlar “Yanvar Hadisələri” və ya “Qanlı Yanvar” kimi tanındı). Nümayişlər iqtisadi tələblərdən siyasi tələblərə keçdi. Bu hadisələr nəticəsində ölkədə baş nazir də daxil olmaqla səkkiz nazir, dövlət katibi, parlamentin Aşağı Palatasının sədri dəyişdi, Nursultan Nazarbayev hakim “Nur Otan” partiyasının lideri vəzifəsini və Qazaxıstan Təhlükəsizlik Şurasında postunu itirdi (Onu Kasım-Jomart Tokayev əvəzlədi).

13 yanvar – Şahzadə Endryu titullarından və “Əlahəzrət” adından məhrum edildi

14 yanvar – Tonqa vulkanında (Hunqa-Tonqa-Hunqa-Haapai) püskürmə. Son min ilin ən güclüsü hesab edilən təbiət hadisəsi nəticəsində yaranan atmosfer dalğaları Yer kürəsini bir neçə dəfə dövrə vurdu. Kül sütunu isə 58 kilometr hündürlüyə qalxaraq stratosferə çatdı. Bundan əlavə, püskürmə beş nəfərin ölümünə səbəb olan sunami ilə nəticələndi.

23 yanvar – Ermənistan prezidenti Armen Sarkisyan istefaya yollandı.

Fevral

4-20 fevral – Pekində Qış Olimpiya Oyunları keçirildi. Azərbaycanı bu yarışda bir idman növü üzrə iki idmançı – fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova – təmsil etdi. Litvintsev yarışı 24 idmançı arasında 18-ci yerdə (239,19 xalla) başa vurdu. Yekaterina Ryabova 179,97 xalla olimpiadanı 15-ci yerdə bitirdi.

24 fevral – Rusiyanın Ukraynaya hücumu. Kiyev vaxtı ilə təxminən səhər saat 5-də başlayan hücumda Rusiya qoşunları Ukrayna ərazisinə Rusiya, Krım və Belarusdan daxil olub.

Mart

13 martVaaqn Xaçaturyan Ermənistanın prezidenti vəzifəsinin icrasına başladı.

18 mart – Türkiyədə dünyanın ən uzun mərkəz açıqlığına malik asma körpü açıldı. Çanaqqala boğazından keçən körpü “1915 Çanaqqala körpüsü” adını aldı. 2017-ci il martın 18-də inşasına başlanılan yeni körpü 2 023 metr uzunluğunda mərkəz açıqlığına malikdir. Altızolaqlı (hər istiqamətdə üç) asma körpünün ümumi uzunluğu isə 4 608 m-ə çatır.

21 mart – Kunmin-Quançjou marşrutunu həyata keçirən “China Eastern Airlines”a məxsus “Boeing 737” sərnişin təyyarəsi Ten qraflığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 123 sərnişin və doqquz ekipaj üzvü olub. Son məlumatlara görə, istintaq tamamlanmayıb.

26 martFərrux kəndi Azərbaycan Ordusunun tam nəzarəti altına keçib. Həmçinin, ətrafındakı yüksəkliklərin alınması ilə Ağdam şəhəri və rayonun doqquz kəndi düşmənin vizual nəzarətindən çıxarılıb, Xankəndi-Ağdərə avtomobil yoluna vizual nəzarət əldə olunub.

Aprel

10 aprel və 24 aprel – Fransada prezident seçkisinin birinci və ikinci turu. Yekunda “En Marche!” (“İrəli!”) hərəkatının lideri Emmanuel Makron Fransada prezident seçkisində 66,06% səs toplayaraq qalib gəlib.

May

10-14 may – “Avroviziya” mahnı yarışı. Turində (İtaliya) keçirilən 66-cı mahnı müsabiqəsində 40 ölkə iştirak edib. Müsabiqənin qalibi “Stefaniya” mahnısı ilə “Kaluş Orkestri” qrupunun təmsil etdiyi Ukrayna olub. Azərbaycanı “Fade To Black” mahnısı ilə təmsil edən Nadir Rüstəmli 106 səslə müsabiqədə 16-cı yeri tutub.

İyun

5 iyun – Qazaxıstanda Konstitusiya referendumu keçirilib.

22 iyun – Əfqanıstanın Paktika və Xost vilayətlərində 6,1 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 1 500 nəfər həlak olub, 2000-dən çox insan yaralanıb.

İyul

7 iyul – Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının əsas ideoloqlarından biri Boris Conson Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar partiyasının lideri vəzifəsindən istefa verdi.

8 iyul – Yaponiyanın keçmiş baş naziri Şinzo Abe seçki proqramı çərçivəsində Nara şəhərində insanlar qarşısında çıxış edərkən sui-qəsdə məruz qalıb. Hücum edənin Yaponiya Hərbi Dəniz Qüvvələrində xidmət edən Tetsuya Yamaqami olduğu üzə çıxıb. Hücumçu saxlanılıb.

31 iyul – ABŞ Əfqanıstanda “Əl-Qaidə” lideri Ayman əz-Zəvahirini məhv edib. ABŞ “Əl-Qaidə” liderini itki vermədən necə məhv etdiyini açıqlayıb. Əməliyyatın uğurlu olmasının səbəblərindən biri də terrorçunun vərdişlərinin öyrənilməsi olub. Mənbənin bildirdiyinə görə, iyulun 31-də Günəş çıxandan bir saat sonra Ayman əz-Zəvahiri Kabilin mərkəzindəki evin eyvanına çıxıb. ABŞ iki raket zərbəsi ilə 71 yaşlı terrorçunu öldürüb. Raket zərbələrinə baxmayaraq, terrorçunun həmin vaxt evdə olan arvadı və qızı xəsarət almayıblar. Həmçinin xüsusi tipli raketlər sayəsində də bu əməliyyatı uğurla tamamlamaq mümkün olub.

Avqust

2 avqust – Nensi Pelosinin Tayvana səfəri. Bununla Tayvan ətrafında vəziyyət daha da mürəkkəbləşdi. Pekin bu səfəri “Vahid Çin” prinsipinin pozulması və ölkənin dövlət suverenliyinə qəsd hesab etdi, bölgədə bir sıra hərbi təlimlərə başladı.

3 avqust – Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı “Qisas” əməliyyatı həyata keçirib. Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı yayılan bəyanatında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin ordumuzun bölmələrinə qarşı terror-təxribat əməli törətdiyini, nəticədə hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlunun şəhid olduğunu bildirib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

12 avqust – hind əsilli britaniyalı yazıçı, “Buker” mükafatı laureatı Salman Rüşdi Nyu-Yorkda təhsil mərkəzində çıxış etməyə hazırlaşarkən 24 yaşlı nyu-cersili Hadi Matarın bıçaqlı hücumuna məruz qalıb. Yazıçı sui-qəsdə cəhd nəticəsində bir gözünün görmə qabiliyyətini itirib və bir qolundan istifadə edə bilmir.

14 avqust – İrəvanda “Surmalu” bazarında partlayış baş verib. Hadisə nəticəsində 16 nəfər ölüb, onlarla insan yaralanıb, bir nəfər isə itkin düşmüş hesab olunur.

26 avqustLaçın şəhəri ətraf kəndlərlə birlikdə Azərbaycan Ordusunun nəzarətinə qayıtdı. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Sentyabr

5 sentyabrLiz Trass Böyük Britaniyanın yeni baş naziri təyin edildi. Trass Böyük Britaniyanın 56-cı (və ya bir neçə dəfə bu vəzifəni tutanlar nəzərə alınmaqla 78-ci), kraliça II Elizabetin dövründə isə 15-ci baş nazir oldu. O, həmçinin Marqaret Tetçer (1979-1990) və Tereza Meydən (2016-2019) sonra Nazirlər Kabinetinə rəhbərlik edən üçüncü qadın idi.

8 sentyabr – Böyük Britaniya kraliçası II Elizabet Şotlandiyanın Balmoral qəsrində 96 yaşında vəfat etdi. Kraliça 1952-ci il fevralın 6-dan 70 il 214 gün taxtda oturub, bu, kraliça Viktoriyanın hakimiyyətindən, demək olar ki, yeddi il çoxdur. Böyük Britaniyanın yeni monarxı mərhum kraliçanın böyük oğlu III Çarlz oldu.

12 sentyabr – gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb. Qarşı tərəfin ümumilikdə 53 döyüş mövqeyi, iki minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, iki ədəd “S-300” və iki ədəd “S-125” divizionlarının start mövqeləri darmadağın edilib. Ümumilikdə düşmənin 450 nəfər canlı qüvvəsi məhv edilib.

16 sentyabr – baş örtüyünü düzgün bağlamadığına görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ilə İranda bu günə qədər davam edən aksiyalara başlanıldı.

21 sentyabr – Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

26 sentyabr – İjevsk (Rusiya) məktəbində qətliam. Məktəbin məzunu 1988-ci il təvəllüdlü Artyom Kazantsev sinif otağına girərək iki tapançadan açdığı atəş nəticəsində 7-15 yaşlarında 11-i uşaq olmaqla 17 nəfər həlak olub, 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bundan sonra o, dördüncü mərtəbədəki kabinetə girərək intihar edib.

26 sentyabr – “Nord Stream Aktiengesellschaft” şirkətinin “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində qəza. İsveç Seysmik Mərkəzinin sözçüsü Byorn Lund sızmaların olduğu ərazidə iki güclü sualtı partlayışın qeydə alındığını söyləyib. Qəza yerində partlayıcı maddələrin izləri aşkar edilib.

Oktyabr

1 oktyabr – İndoneziyada futbol stadionunda izdiham nəticəsində faciə. Basabas nəticəsində 182 nəfər ölüb, 309 nəfər yaralanıb.

6 oktyabr – Tailandda uşaq mərkəzinə hücum. Silahlı şəxs qarşısına çıxanları gülləbaran edib. Nəticədə azı 34 nəfər həlak olub, onlardan 22-si uşaqdır.

8 oktyabr – Krım körpüsündə partlayış.

14 oktyabr – Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə partlayış. Faciə zamanı yerin altında 115 nəfər olub. Onlardan 41-i həyatını itirib.  

20 oktyabrLiz Trass Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın baş naziri vəzifələrindən istefa verdi. O, Britaniya tarixində ən qısamüddətli baş nazir oldu.

26 oktyabr – İranın Şiraz şəhərində ziyarətgaha 20 nəfərin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən silahlı basqın. Terrorda məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürdü.

28 oktyabr – Amerikalı milyarder İlon Mask 44 milyon dollara “Twitter”i aldı.

29 oktyabrSeulda “Hellouin” bayramında faciə. Bayram zamanı yaranan basabasda 156 nəfər həlak oldu.

30 oktyabr – Hindistanın Morvi şəhərində kanatlı körpü uçdu, azı 141 nəfər həlak oldu.

Noyabr

1 Noyabr – İsraildə keçirilən parlament seçkilərində keçmiş baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası qalib gəldi.

3 Noyabr – Pakistanda Qucranvala rayonunda yürüş zamanı keçmiş baş nazir İmran Xana sui-qəsd cəhdi. Odlu silahla hücum zamanı sabiq hökumət başçısı da daxil olmaqla 13 nəfər yaralandı, bir nəfər isə həlak oldu.

5 noyabr – Rusiyada Kostroma vilayətində azərbaycanlıya məxsus “Poliqon” gecə klubunda yanğın baş verib. Hadisəyə səbəb 23 yaşlı Stanislav İonkinin müştərilərlə mübahisədən sonra tavana ovda istifadə olunan siqnal qurğusundan (fişəng) atəş açması olub. Bundan sonra o, hadisə yerindən qaçıb. Klubda baş verən faciə nəticəsində 15 nəfər həlak olub.

15 noyabr – Dünya əhalisinin sayı səkkiz milyard oldu.

20 noyabr – Qətərdə Dünya Çempionatı başladı.

Dekabr

5 dekabr – G7 ölkələri, Aİ və Avstraliya Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollar tavan qiymətini tətbiq edib.

7 dekabrPeruda siyasi böhran: parlamenti buraxmaq üçün uğursuz cəhddən sonra prezident Pedro Kastilyo hakimiyyətdən uzaqlaşdırıldı və həbs edildi, onun yerini vitse-prezident Dina Boluarte tutdu və o, ölkənin ən yüksək vəzifəsində ilk qadın oldu.

12 dekabr – Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Şuşa yolunda etiraz aksiyasına başladılar.

12-13 dekabr – Konqo Demokratik Respublikasında leysan yağışlar nəticəsində 141 nəfərin ölümü ilə nəticələnən güclü daşqınlar. Təbii fəlakət nəticəsində paytaxt Kinşasa suyun altında qalıb, yollar, infrastruktur və bir çox yaşayış binaları dağılıb. Ümumilikdə 12 milyon insan daşqınlardan zərər çəkib.

18 dekabr – Qətərdə keçirilən dünya çempionatının finalı. Argentina millisi finalda Fransa yığmasına penaltilər seriyasında qalib gələrək (əsas hesab 3:3) 3-cü dəfə çempion olub. Final oyunu Lusail şəhərindəki Milli Stadionunda keçirilib.

21 dekabrVasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilib. Rəsmi qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.

29 dekabr – futbol üzrə üçqat dünya çempionu Pele vəfat edib. Uzun müddət bağırsaq xərçəngindən zəiyyət çəkən 82 yaşlı korifey futbolçunun səhhəti son həftələrdə koronavirusa yoluxması ilə daha da ağırlaşmışdı. Onun ölümü ilə əlaqədar vətəni Braziliyada matəm elan olunub. Qeyd edək ki, peşəkar karyerası ərzində Pele 1 363 matçda 1 281 qol vurub. O, “Santos”un heyətində 1 116 oyunda 1 091, millidə isə 92 oyunda 77 qol vurub ki, bu da dünya rekordudur.

31 dekabr – 265-ci Roma Papası XVI Benedikt vəfat etdi. Alman kardinal, görkəmli ilahiyyatçı Yozef Ratzinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq papalıq taxtına çıxıb. 2013-cü ildə o, son 600 ildə papalıqdan imtina edən ilk pontifik olub. Həmin vaxt 85 yaşı olan Benedikt qərarını Roma Katolik Kilsəsini idarə etmək üçün gücünün olmaması ilə izah etmişdi. 

Emilya Tağıyeva


Share: