Adapterləri cərəyana qoşanda niyə partlayış baş verir?

Adapterləri cərəyana qoşanda niyə partlayış baş verir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar telefonların adapterlərinə görə dəhşətli partlayışlar baş verir. Təəssüf ki, daha çox xarici ölkələrdə baş verdiyini düşündüyümüz bu cür hadisələr artıq Azərbaycanda da telefon istifadəçilərini sınağa çəkən məqama çevrilib. Belə ki, ölümlə nəticələnən hadisələrin təfərrüatını araşdıranda məlum olub ki, telefonu enerji yığması üçün elektrik yuvasına qoşan zaman şiddətli partlayış olur.

Maraqlıdır, həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar və onların enerji cihazları doğrudan təhlükəlidir? Faciəli hadisələrlə üzləşməmək üçün insanlar telefon və ehtiyat hissələrini necə seçməlidirlər?

Bununla əlaqədar Oxu.Az-a danışan Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin dekanı, texnika elmləri namizədi, dosent Hüseynqulu Quliyevin sözlərinə görə, keyfiyyətsiz və istifadəyə yararsız telefon batareyalarından istifadə zamanı partlayış və ya yanğın baş verə bilər:

“Belə ki, batareya enerji yığan zaman həddindən artıq qızma baş verə bilər və bu səbəbdən batareyada yanma və partlayış yarana bilir.

İnsanlar düşünürlər ki, telefonlara fərqli adapterlərin və “USB” adlanan əlaqələndirici naqillərin qoşulması da belə təhlükələrə gətirib çıxarır. Bu iddialarda əsas var. Çünki telefonu uzun müddət istifadə etmək mümkündür, amma onun ehtiyat hissələri daha tez sıradan çıxır. İnsanlar məcbur olub, telefon aksesuarlarını, o cümlədən adapterləri dəyişməli olurlar. Bu zaman keyfiyyətsiz adapter seçilməsi problemlərə səbəb olur. Qeyd etdiyim kimi, keyfiyyətsiz adapterlərin istifadə edilməsi adapterin özündə və telefonda qızmaya səbəb ola bilir”.

Mütəxəssis adapterlərin elektrik cərəyanına qoşulması zamanı diqqət edilməli məqamları da vurğulayıb. H.Quliyevin sözlərinə görə, adapterin göstəriciləri zəif, elektrikin gücü yüksəkdirsə, bu da ciddi problemdir:

“Adapterlər elektrik avadanlığı olduğu üçün onların işçi-elektrik xarakteristikaları var: giriş gərginliyi, tezlik, çıxış gərginliyi və cərəyan.  Bu sadalanan parametrlər adapterin pasportunda göstərilən kəmiyyətlərə uyğun olmalıdır. Məsələn, giriş gərginliyinin diapazonu 100-240 V nəzərdə tutulubsa, bu xarakteristikadan kənara çıxaraq istifadə edilməməlidir. Əks halda, qeyd olunan mənfi halların baş verməsi mümkündür.

Hazırda uşaqdan böyüyə hər kəs telefon istifadə edir. Amma bu cihazların uzun müddət və təhlükəsiz istifadə edilməsinə də diqqət etmək lazımdır. Telefon və onun ehtiyat hissələrini necə gəldi, işlətmək, düzgün deyil. Adapterlərdən yüksəkrütubətli yerlərdə istifadə edilməməli, havalanma olmasına diqqət göstərilməlidir. Batareyalara 0%-ə qədər boşalma imkan verilməməli, 10-30% olduqda doldurmalıdır. Çalışmaq lazımdır ki, 95% qədər dolsun. Bu zaman həmin batareyaların xidmət müddətini uzatmış oluruq. Sıradan çıxmış, yəni “şişmiş” batareyalardan istifadə edilməməsi tövsiyə olunur”.

Xatırladaq ki, adapterlərin ölümə səbəb olduğu sonuncu partlayış hadisəsi bu il sentyabrın 25-də Kürdəmirdə yaşayış evində baş vermişdi. İlkin araşdırma zamanı aydınlaşıb ki, ailə üzvləri evə daxil olaraq telefonu şarj etmək məqsədilə adapteri elektrik cərəyanına qoşublar. Bu zaman mənzildə güclü partlayış baş verib. Təəssüf ki, partlayışda yaralanan ər və arvadın həyatını xilas etmək mümkün olmayıb.

Aysel Aslan 

Share: