“Birinci Qarabağ müharibəsi vaxtından qalmış mina və hərbi sursatlara da rast gəlirik. Mina xəritələri dəqiq olmadığı üçün biz onun miqyasını təyin etməkdə çətinlik çəkirik. Ümumiyyətlə, bütün döyüş getmiş, azad olunmuş yerləri biz təhlükəli ərazi hesab edirik. Beynəlxalq standartlarda da bu, belədir ki, əgər döyüş gedən ərazi varsa, deməli, həmin ərazilərdə çirklənmə səviyyəsi yüksəkdir”.
Bu sözləri ANAMA-nın Minatəmizləmələr şöbəsinin müdiri Adil Aslanov Oxu.Az-a müsahibəsində deyib. Mütəxəssislə işğaldan azad olunan ərazilərdə bu günədək nə qədər mina aşkarlanması, ermənilərin daha çox hansı əraziləri çirkləndirməsi, əməliyyatda istifadə olunan texnikalar, minatəmizləmə geyimlərinin təhlükəsizliyi və digər məsələlərlə bağlı həmsöhbət olduq.
Müsahibəni təqdim edirik:
– Üçtərəfli Bəyanatın imzalandığı gündən işğaldan azad edilən rayonlarımızda nə qədər ərazi minalardan təmizlənib?
– İndiyədək ANAMA tərəfindən 210 milyon kvadratmetrdən artıq ərazi təmizlənib. Bu statistik göstəricilər hər gün dəyişir. Çünki ANAMA-nın minatəmizləmə coğrafiyası genişdir. Biz işğaldan azad olunmuş ərazilərdə – şəhər və rayon mərkəzlərində, kənd yerlərində yolların açılması, su hövzələrinin, suvarma kanallarının, elektrik xətlərinin keçdiyi ərazilərin təmizlənməsi, ümumiyyətlə, kommunikasiya xətlərinin keçdiyi ərazilərdən tutmuş kənd təsərrüfatı üçün yararlı sahələrədək bütün ərazilərin təmizlənməsi ilə məşğuluq. Bu əməliyyatlarımızı isə dövlətin işğaldan azad olunmuş ərazilərlə bağlı inkişaf proqramına uyğun həyata keçiririk. Eyni vaxtda müxtəlif ərazilərdə işlər gedir. Əməliyyatlar çərçivəsində indiyədək 38 min partlamamış mina və hərbi sursatı zərərsizləşdirmişik.
– Daha çox hansı ərazilər yüksək səviyyədə çirklənmiş hesab edilir və hansı növ minalar üstünlük təşkil edir?
– Şərti sərhəd olan ərazilər ən çox çirklənmiş ərazilər hesab olunur. Birinci Qarabağ müharibəsi vaxtından qalmış mina və hərbi sursatlara da rast gəlirik. Mina xəritələri dəqiq olmadığı üçün biz onun dəqiq miqyasını təyin etməkdə çətinlik çəkirik. Ümumiyyətlə, bütün döyüş getmiş, azad olunmuş yerləri biz təhlükəli ərazi hesab edirik. Beynəlxalq standartlarda da bu, belədir ki, əgər döyüş gedən ərazi varsa, deməli, həmin ərazilərdə çirklənmə səviyyəsi yüksəkdir.
Coğrafiyamız genişdir, ona görə müqayisəli şəkildə demək, əslində, bir qədər çətindir. Ermənilər tərəfindən 30 il ərzində minalar basdırılıb. Bir neçə gün öncə Laçın rayonunda ordumuzun nəzarətinə götürülən ərazilərdə tədqiqat aparılandan sonra həmin ərazilərdə də çirklənmənin hansı səviyyədə olduğunu demək mümkün olacaq. Ümumiyyətlə, 10 noyabr 2020-ci ildən indiyədək 13 mindən artıq piyada, 6 500-dən çox tank əleyhinə mina aşkarlamışıq.
– Minatəmizləmə əməliyyatlarında iştirak edən xüsusi təlim keçmiş itlərin fəaliyyətindən məlumat verərdiniz, onların əməliyyatlardakı rolu nədən ibarətdir?
– Minatəmizləmə əməliyyatlarında müxtəlif vasitələrdən istifadə olunur. Əsas təmizləmə növü əllə minatəmizləmədir. Minaaxtaran itlər isə əməliyyatlarda yardımçı dəstək kimi istifadə edilir. Onların əsas işi mina xətlərinin tapılması, mexaniki minatəmizləmə vasitələrinin emal etdiyi torpaq sahələrinin keyfiyyət yoxlamasından ibarətdir. Rolları, doğrudan da, minatəmizləmədə əvəzsizdir.
– Bildiyimiz qədər, ANAMA minatəmizləmə sahəsində ən son avadanlıq və texnikaya malikdir, bu texnikalardan hansı istiqamətlərdə istifadə edilir?
– Döyüş ərazilərinin metal ilə çirklənmə səviyyəsini müəyyən etmək və daha dərin təmizləmə əməliyyatları aparmaq üçün “Sensys” və “Ferex” adlı skaner avadanlıqlardan istifadə edilir. Əl ilə minatəmizləmə əməliyyatları zamanı maqnetik-lokatorlar və detektorlardan istifadə edilir. Fəaliyyətini ən keyfiyyətli minaaxtaran avadanlıqlarla beynəlxalq standartlar və metodologiyalar çərçivəsində həyata keçirən ANAMA, eləcə də müasir texnologiyaların istifadəsinə üstünlük verir.
Təmizləmə əməliyyatlarında biz minatəmizləmə maşınlarından da istifadə edirik. Uzaqdan idarə olunan xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları texniki tədqiqat prosesində şübhəli ərazilərin təhlil edilməsi məqsədilə istifadə olunan səmərəli və təhlükəsiz vasitə hesab olunur. İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən aparılan əməliyyatlara “MV-4”, “MV-10”, həmçinin “Bozena-4”, “Bozena-4+” və “Bozena-5” mexaniki minatəmizləmə maşınları cəlb edilib.
– Mina sahələrinin tədqiqatında istifadə olunan və dünya təcrübəsində ilk olan dronların istifadəsi haqqında da məlumat əldə etmək istərdik. Fəaliyyətinizə nə kimi müsbət təsirləri var?
– İşğaldan azad olunmuş ərazilərdə məqsəd çirklənmə səviyyəsini müəyyən etmək üçün tədqiqat aparmaqdır. Biz də ərazilərin ilkin tədqiqatında dronlardan istifadə edirik. Onlar relyef məlumatlarının toplanmasına xidmət edir. Dronlar vasitəsilə ərazinin müşahidəsi aparılır, ərazidə olan dəyişikliklər məlumat bazasına yerləşdirilərək bizim mütəxəssislər tərəfindən xəritələşdirilir. Sonra isə həmin ərazidə hansı təmizləmə üsulunun tətbiq olunması müəyyən olunur.
Minatəmizləmə əməliyyatları dörd hissədən ibarətdir. Əvvəlcə, tədqiqat aparılır. O tədqiqatın nəticələri analiz edilir, sonra əldə olan məlumatlara əsasən, texniki tədqiqat vasitələri ilə həmin ərazilərə qruplar göndərilir və girişlər açılaraq əraziyə fiziki müdaxilə olunur. Müdaxilə olunarkən həmin ərazinin çirklənmə səviyyəsi öyrənilir və ondan asılı olaraq təmizləmə üçün müxtəlif resurslar yerləşdirilir. Bu zaman əllə təmizləmə qrupları, mexaniki minatəmizləmə vasitələri və minaaxtaran itlərdən istifadə edilir.
Detektorlar, maqnetik-lokatorlar, dərinlik ölçən cihazlar vasitəsilə mina və partlamamış sursatlar aşkar olunur. Həmçinin dərinliyi axtaran cihazları var, mina dərindədirsə, o, skaner vasitəsilə aşkarlanır. Bu yüksək səviyyəli texnologiyalar müxtəlif xarici ölkələrdən gətirilmiş avadanlıqlardır və texniki göstəriciləri bizim tələblərə uyğundur.
– Minatəmizləyənlərin üzərindəki geyimlər təhlükəsizliyi tam təmin edirmi?
– Bizim minatəmizləmə əməliyyatlarında istifadə etdiyimiz qoruyucu geyimlər dünya standartlarının tələblərinə görə hazırlanır. Onlar xüsusi testlərdən keçib sertifikatlar almış geyimlərdir. Hər hansı bir mina partlayışı zamanı bu geyimlər həyati vacib orqanları qoruma imkanına malikdir.
– Məlum olduğu qədər fəaliyyət istiqamətlərinizdən biri də partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmədir. Təhlükəli ərazilərdə davranış qaydaları, təhlükəli ərazilərin əlamətləri barədə məlumat verərdiniz.
– Biz minatəmizləmə fəaliyyəti ilə paralel olaraq işğaldan azad olunmuş ərazilərdə inşaat işləri ilə məşğul olan digər qurumların nümayəndələrinə mütəmadi olaraq maarifləndirmə tədbirləri keçiririk. Bu maarifləndirmənin əsas məqsədi o insanların təhlükəli ərazilərə girməməsi və istifadə olunan yollardan hərəkətlərinin təmin olunmasıdır ki, bu insanların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Nəhayət, bildiyiniz kimi, artıq Qarabağa ilk sakinlər qayıtmağa başlayıblar və əhalinin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi ilə də ANAMA məşğul olur.
Sayad Həsənli