AFFA-nın vitse-prezidenti: “Klublarımızın Avropada öz sözlərini demələrinin vaxtıdır”

AFFA-nın vitse-prezidenti: “Klublarımızın Avropada öz sözlərini demələrinin vaxtıdır”

Azərbaycan klubları bu gün avrokubokların III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

“Qarabağ” UEFA Avropa Liqası, “Neftçi” və “Sabah” isə UEFA Konfrans Liqasında rəqiblərini doğma arenada qəbul edəcəklər.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda Finlandiya HİK-ini sınağa çəkəcəksə, “Neftçi” “Neftçi Arena”da Türkiyə nəhəngi “Beşiktaş”la, “Sabah” isə “Bank Respublika Arena”da Serbiyanın güclü komandası “Partizan”la üz-üzə gələcək.

AFFA-nın vitse-prezidenti və qurumun İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov “Report”a müsahibəsində komandaların şanslarını dəyərləndirib.

– Azərbaycan klubları avrokubokların növbəti mərhələsində bu gün ilk oyunlarına çıxacaqlar. Komandalarımızdan nə gözləyirsiniz?

– Hər üç klubumuz ilk matçını eyni gündə Bakıda keçirəcək. Buna baxmayaraq, hər birimiz həm “Qarabağ”lı, həm “Neftçi”li, həm də “Sabah”lı olmalı, onlara dəstək verməliyik. Ümid edirəm ki, hər üçü mərhələni adlayaraq, azarkeşləri sevindirəcəklər.

– “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa “Rakuv”una iki oyunun cəmində (2:3, 1:1) məğlub olduqdan sonra Premyer Liqanın da ilk turunda “Zirə”yə (0:1) uduzdu. Bunun psixoloji təsiri ola bilərmi?

– “Qarabağ” ekstremal vəziyyətdə toparlanan, ən yaxşı oyununu göstərməyi bacaran klublardandır. Qurban Qurbanovun kollektivinin bu gün bizi sevindirəcəyinə inanıram. Öncədən proqnoz verməyi xoşlamıram. Amma həm indiki, həm də pley-off mərhələsindəki potensial rəqibi nəzərə alaraq, əminliklə deyə bilərəm ki, “Qarabağ” turnirin qrupuna düşəcək. Ağdam təmsilçisi bu gün Avropa səviyyəli komandadır, özünü çoxdan təsdiq edib. Ümumiyyətlə, nəticəyə həmişə son məqamda fikir verən adamam. Qurban Qurbanov da gözəl oyunla uğur qazanmağa çalışan mütəxəssisdir. Komandasını da buna uyğun formalaşdırıb. “Qarabağ” istənilən ağır durumdan çıxış yolu tapmağa qadirdir.

– “Neftçi”nin “Beşiktaş”la qarşılaşacağını nəzərə alsaq, paytaxt təmsilçisinin püşkdə bəxtinin gətirmədiyini deyə bilərik?

– İstənilən halda, bu mərhələdə iddialı rəqib düşəcəkdi. Hər kəs gələcəkdə güclü “Neftçi” görmək istəyir. Hesab edirəm ki, rəhbərlik tərəfindən bu yöndə ilk addımlar atılır. “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş doğru qeyd etdi ki, qardaş ölkələr olsaq da, meydana qələbə üçün çıxacağıq. “Neftçi” də azarkeşlərini sevindirmək üçün gücünü göstərməyə çalışacaq. Rəqibin “Beşiktaş” olmasının motivasiya baxımından da xeyri dəyəcək. “Neftçi” bu gün istənilən rəqiblə mübarizə aparacaq səviyyədədir. Kağız üzərində favorit qardaş ölkə komandası “Beşiktaş” göstərilsə də, “Neftçi”nin şansı heç də ondan az deyil.

– Avrokuboklardakı debüt mövsümündə artıq bir mərhələ adlayan “Sabah”a əksəriyyət “Partizan” önündə çox şans vermir. Siz bu cütdə nəyə ümid edirsiniz?

– “Sabah”ın ardıcıl uğurları elə-belə deyil, planlı şəkildə görülən işlərin nəticəsidir. Düzdür, “Partizan” güclü komandadır. Amma fikrimcə, şişirtməyə ehtiyac yoxdur. “Partizan”ı görmüşük, tanıyırıq. Bizdə isə sabahı uğurlu görünən “Sabah” komandası formalaşır, oyundan-oyuna, ildən-ilə daha güclü olur. Əminəm ki, “Sabah” bugünkü matçda da inamlı çıxışla öz gücünü göstərməyə çalışacaq. Avrokuboklarda yeni addımlar atırlar və qısa müddətdə ilklərlə yadda qaldılar. Bunun davamlı olmasının tərəfdarıyam. Ən əsası odur ki, baş məşqçi Murad Musayev həm özünə, həm komandasına, həm də rəhbərliyə inanır. Belə olan təqdirdə, istənilən uğura imza atmaq mümkündür.

– “Qarabağ” hücum xətti gücləndirmədi, “Neftçi” transferlərini gec həyata keçirdi, “Sabah” isə Aleksey Kaşukdan sonra Coy Lens Mikelsi də itirdi. Komandalarımız bunun acısını çəkə bilərmi?

– Ola bilsin ki, bu komandaları aparıcı oyunçuları tərk etdilər. Amma onlar ən yüksək formalarına məhz burada çatdılar. Avrokuboklardakı təmsilçilərimizin üstünlüyü kollektiv şəkildə güclü olmalarıdır. Hansısa futbolçunun olmaması elə də böyük təsir göstərməz. Nəyəsə səbəb axtarmayaq.

– Havanın çox isti olması təmsilçilərimizə, yoxsa rəqiblərə daha çox təsir edəcək?

– Hava şəraiti hər kəs üçün eyni olacaq. Matça qədər hamının şansı bərabərdir. Topa ilk toxunuşdan sonra kimin üstün olacağına hava yox, meydandakı mübarizə aydınlıq gətirəcək. Klublarımızın hər üçü mərhələni adlamaqda çox istəklidirlər.

– UEFA-nın hər üç komandamızın ilk görüşünü Bakıya salmasını necə qarşıladınız?

– Bu məsələdə UEFA-nı qınamaq da istəmirəm. Klublarımız məhz buna görə uğurlu nəticə qazanmalıdırlar ki, növbəti dəfə belə vəziyyət yarananda UEFA futbol nüfuzumuzu nəzərə alaraq, bizə güzəşt etsin. Necə ki, bu dəfə Türkiyə klublarına həmin güzəşt olundu. Digər tərəfdən qitə futbol qurumu məsələyə peşəkar şəkildə cavab verdi. Çünki belə məqamda hər iki tərəfin razılığı olmalıdır. Bizə bildirdilər ki, rəqib komandaların heç biri matçların yerinin dəyişdirilməsinə razılıq verməyib. Həmin rəqibləri də başa düşürəm, bizdən çəkinirlər. İlk görüşdə müdafiədə oturaraq, vətənlərinə sərfəli nəticə ilə qayıtmaq və doğma meydanlarındakı cavab qarşılaşmasında mərhələ adlamaq istəyirlər. Ancaq bir şeyi başa düşmürlər ki, klublarımız hər varianta hazırdırlar. Komandalarımızın inamlı çıxışla Avropada öz sözlərini demələrinin vaxtıdır. Hər birinə uğurlar arzulayıram. Ümid edirəm ki, növbəti mərhələdə bundan da güclü rəqibləri Azərbaycana gətirəcəklər.

Share: