Almaniyada özünü idarə edən sınaq avtomobili qəza törədib. Avtomobil qarşıdan gələn nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə bir nəfər ölüb, doqquz nəfər ağır yaralanıb.
Bu barədə ölkənin cənub-qərbindəki Roytlingen şəhərinin polisi məlumat yayıb.
Elektrikli BMW avtomobilinin içində bir azyaşlı uşaq da daxil olmaqla beş nəfər olub. Dönüş etdiyi zaman hərəkət zolağından çıxıb və qarşıdan gələn “Citroen”lə toqquşub. “Citroen”in 70 yaşlı sürücüsü idarəetməni itirərək, maşını içərisində iki nəfərin olduğu başqa avtomobilə çırpıb və avtomobil yoldan çıxaraq alovlanıb.
Nəticədə dörd avtomobilin zəncirvari qəzası baş verib.
Avtomobillərdən birinin 33 yaşlı sərnişini ölüb.
Yaralılar bölgədəki xəstəxanalara aparılıblar.
BMW şirkəti sınaq avtomobillərindən birinin adıçəkilən ərazidə qəzaya uğradığını təsdiqləyib. Lakin avtomobilin tam avtonom – özünü idarə edən olduğunu təkzib edib.
Mənbə: Yevropeyskaya pravda