Alternativ güc münaqişə “monopolist”lərini gücə salır: Yaxın Şərqdəki iplər Cənubi Qafqaza atılır

Alternativ güc münaqişə “monopolist”lərini gücə salır: Yaxın Şərqdəki iplər Cənubi Qafqaza atılır

Alternativ güc mərkəzi, hətta Rusiya kimi strateji müttəfiqi ilə rəqabətdə olan Çin beynəlxalq siyasi nizamı arxayın etmək istəyir: siz mənə güvənin və gələcəyin bütün ipləri mənim əlimdədir. Pekinin bu mesajları strateji şüurlara yeritmək istəməsinə şahidlik edirik.

Çin bunu bacarır, Qərblə Rusiyanın rəqabəti arasında sıxışan dövlət və ya təşkilatları nəzəri olaraq özünə cəlb etmək üçün əməli dairələrdə aktiv fəaliyyət göstərir.

5G texnologiyasının böyük hissələrini əlində saxlamaq, tarixi İpək Yolunu canlandırıb qitələr arasında ticarət dəhlizləri yaratmaq, böyükhəcmli investisiyalar yatırmaq, Rəqəmsal İpək Yolu layihəsi ilə nəhəng elektron-virtual hab bərqərar etmək yönündə Çin inamla irəliləyir.

Onun qarşısını nə Qərb, nə də Rusiya kəsə bilir, elə buna görədir ki, Çinlə hesablaşmaq zamanı gəlib və tərəflər Pekini öz cəbhəsinin komandanına çevirmək üçün əlləşirlər.

Qərb Çini hər nə qədər ən təhlükəli rəqibi kimi görsə də, onunla körpüləri yandırmaq deyil, əksinə, yenilərini inşa etmək istəyindədir.

Lakin Çin hələlik daha çox Rusiya tərəfə meyil edir, daha doğrusu, Pekin Moskvanı öz orbitinə sarı əyir.

Bu, qarşılıqlı ehtiyaclardan doğan maraqların təmini üçün hər iki dövlətə lazımlıdır. Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın əsas ehtiyac meyarı silah idxalına yönəlir. Çin isə alternativ bazardır və hiss etdirilir ki, Çində müharibənin taleyini əsaslı şəkildə dəyişə biləcək silahlar mövcuddur.

Ancaq Çin onu asanlıqla Rusiyaya verən deyil, əgər Moskva Pekinin tələblərini qarşılasa, o zaman Pekin də “barıtlı jest” edə bilər.

Çin üçün müttəfiqlik və ya dərin əməkdaşlıq kimi terminlər formal xarakterə malikdir, yəni Pekin Moskvanın müharibə aparmaq taktikasını cani-dildən dəstəkləmir.

Lakin dünya nizamının perspektivində özünə daha layiqli yer tutmaq üçün Pekin bəzi gedişləri göstərməlidir, başqaları üçün cəlbedici ehtiraslarını nümayiş etdirməlidir.

Çin Rusiya vasitəsilə dünya siyasətini redaktə edəcək və gələcəkdə Qərb üzərində böyük təsirlər qazana bilmək vərdişlərini inkişaf etdirəcək.

Bunun üçün Çin Rusiya bazarlarında elə bir yerə sahiblənməlidir ki, hətta Qərbin Moskvaya qarşı tərtib etdiyi planlarda belə, öz sözünü desin.

Çinin planını təsvir edən əlamətləri konseptual şəkildə belə göstərə bilərik:

– Rusiya Çinə güzəştli enerji tədarük etmək sözü verir;

– Çin Ukrayna müharibəsi başlayandan sonra Rusiya bazarlarını tərk edən Qərb şirkətlərinin yerinə unikal çıxış qazanır;

– Rusiya Çinin ballistik raketlərdən tutmuş sualtı gəmilərinə qədər hərbi texnologiyalarına, Çinin qlobal liderlik üçün ortaya çıxan ambisiyalarına taktiki şəkildə tabe olur;

– Belə tabelilik şişərək böyüyür və Qərb də Çinlə hesablaşaraq Pekinin iradəsini rədd edən addımlardan çəkinir.

Ukraynadakı şiddətli döyüşlər Çini qlobal qaydaları formalaşdırmaq üçün sistemli fəaliyyətə sövq etdikcə ona olan ümidlər də dinamikləşəcək.

Çin bu ümidləri canlı saxlamaq üçün hətta bu zamana qədər etmədiyi, münaqişələrin, dövlətlərarası kəskinləşən münasibətlərin nizamlayıcı moderatoru olmaq fəaliyyətlərinə də baş vurur.

Onun İranla Səudiyyə Ərəbistanını eyni masa arxasında oturtması Pekinin başqa münaqişəli regionlardakı vasitəçiliyi üçün mühüm presedentdir.

Çinin addımı münaqişələrin həllində monopoliya yaratmaq üçün bir-birini didən ABŞ ilə Rusiyanın moderatorluq qabiliyyətlərinə həlledici bir həmlə kimi başa düşülməlidir.

Çin ABŞ-ni Yaxın Şərqdən kənarda tutmaq üçün bəlkə də, Rusiya ilə birlikdə hərəkət edir, amma dominantlığı da özü qazanır.

Çin, yəqin ki, öz potensialını cazibə mərkəzində saxlamaq üçün başqa mübahisəli məsələlərin və ya münaqişələrin yoluna qoyulması üçün başını başqa regionlarda göstərəcək. Yaxud da ən azından, Çin belə bir genişlənən nizamlayıcı plana sahibdir və gedişatlara uyğun olaraq onu müxtəlif səviyyələrdə nümayiş etdirəcək.

Çinin ambisiyalı axtarışları, qlobal arenada uzunmüddətli təsirlər saxlaması ABŞ-Britaniya ikilisinin və Rusiyanın buna hansı səviyyədə reaksiya göstərməsindən asılı olacaq.

Görünən odur ki, Çin, ən azından, Yaxın Şərqdə ABŞ-ni bir pillə aşağı salmağı bacarır.

Proseslər bir-birilə zəncirvari əlaqədə olduğu üçün Çinin ekspansiya siyasətinə yeni elementlər əlavə etməsinin Cənubi Qafqazda da əks-sədası ola bilər.

Zəngəzur dəhlizi layihəsi və Cənubi Qafqazdakı reallıqların tələb etdiyi nəhəng investisiya həcmləri Çinin nüfuz dairəsi üçün məqbuldur.

Ancaq inandırıcı deyil ki, Çin Cənubi Qafqaz səhnəsindəki problemlərin həlli üçün sinəsini qabağa versin.

Bu region daha çox Rusiya, Böyük Britaniya, ABŞ və Türkiyənin maraqlarından irəli gələn kontekst əsasında fırlandığından Çinin burada siyasi çəkisini artırması üçün xeyli vaxt lazım olacaq. Ancaq bir tabloya baxmaq mütləqdir:

Rusiya ilə Çin yaxınlaşır, Azərbaycan və Türkiyə, onların çətiri altındakı Türk Dövlətləri Təşkilatı Çinlə əməkdaşlığı böyüdür.

Beləliklə, Çin mərkəzli nizam artıq maraq doğurur və bunun ölçüləri Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər zolaqda da müşahidə olunacaq.

Aqşin Kərimov

Share: