“Ümid edirik ki, Fransa digər ölkələri, o cümlədən ölkəmizi günahlandırmadan öz müstəmləkə keçmişi ilə üz-üzə gəlmək üçün ən qısa zamanda kamilliyə çatacaq”.
Bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Fransa Prezidenti Emmanuel Makronun Ankaranı hədəfə alan açıqlamalarına cavabında deyib.
O, Makronun Əlcəzairə səfəri zamanı bəzi digər ölkələr kimi Türkiyəni də hədəf alan açıqlamalarını qəbuledilməz adlandırıb.
“Afrikada, xüsusilə Əlcəzairdə müstəmləkə keçmişi ilə üzləşməkdə çətinlik çəkən Fransa Prezidenti Makronun digər ölkələri, o cümlədən ölkəmizi ittiham edərək, müstəmləkə keçmişindən qurtulmağa çalışması qəbuledilməzdir. Düşmənçiliyi deyil, dostluğu təşviq edən, Afrika Birliyinin strateji tərəfdaşları arasında yer alan Türkiyə həm Əlcəzair, həm də Afrika qitəsinin digər ölkələri ilə münasibətlərini günü-gündən inkişaf etdirir və bu münasibətlər qarşılıqlı etimad üzərində qurulub. Əgər Fransa Afrika qitəsində özünə qarşı reaksiyaların olduğunu düşünürsə, bu reaksiyaların mənbəyini müstəmləkə keçmişində, həmçinin bunu müxtəlif üsullarla davam etdirmə səylərində axtarmalı və bunu düzəltməyə çalışmalıdır”, – deyə XİN sözçüsü əlavə edib.
Tanju Bilgic öz keçmişi ilə bağlı problemlərlə üzləşib həll etməkdənsə, bu reaksiyaların üçüncü ölkələrin fəaliyyətindən qaynaqlandığını iddia etməyin nəinki sosioloji hadisəni və tarixi inkar etdiyini, həm də bəzi siyasətçilərin təhrif olunmuş mentalitetini əks etdirdiyini vurğulayıb.