“Azərbaycanda Heydər Əliyevin kim olduğunu bilməyən yoxdur. Elə ölkədən xaricdə də məlumdur ki, müasir Azərbaycanın qurucusu məhz bu adamdır”.
Bu barədə Rusiyanın “Arqumentı i Faktı” nəşrinin ulu öndərlə bağlı “Heydər Əliyev. Siyasətçinin əfsanəyə çevrilməsi” məqaləsində qeyd olunub.
Müəllif Heydər Əliyevin gənclik illərindən başlayaraq on illərlə Azərbaycan üçün gördüyü əvəzsiz xidmətlərdən danışıb, birinci katibliyi dövründə ölkəmizin ardıcıl on iki dəfə SSRİ-nin ittifaq respublikaları arasında keçirilən sosialist yarışının qalibi olduğunu bildirib.
Məqalədə Heydər Əliyevin Azərbaycanın zəngin mədəniyyətinin tanınması üçün göstərdiyi səylər də qeyd edilib, şair və yazıçıların, elm və incəsənət xadimlərinin yubileylərini qeyd etmək ənənəsinin banisinin məhz o olduğu vurğulanıb.
Məqalədə akademik, diplomat, Rusiyanın baş naziri kimi tanınan Yevgeni Primakovun və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi rəhbərliyində olan Anatoli Lukyanovun H.Əliyev barədə fikirlərinə yer verilib.
Müəllif, həmçinin ulu öndərin Qorbaçovla fikir ayrılığı səbəbindən istefası və həmin müddətdə Azərbaycanda baş verənlər – ölkənin dağılması, müəssisələrin fəaliyyətinin dayanması, Ermənistan-Azərbaycan münaqişəsinin alovlanmasından da danışılıb. Bildirilir ki, bu dəhşətli vaxtda baş verənləri kənarda izləyə bilməyən Heydər Əliyev Naxçıvana vətəninə qayıdır, burada Azərbaycan SSR Ali Sovetinin deputatı, bir ildən sonra isə Naxçıvan MSSR Ali Sovetinin sədri seçilib.
Nəşrdə daha sonra Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsindən prezidentliyə kimi və dövlət başçısı olduğu dövrlərdə fəaliyyəti vurğulanıb, onun 1994-cü ilin yazında Qarabağda münaqişəyə son qoymağa nail olduğu, daxili siyasi təlatümləri dayandırdığı qeyd edilib.
“Ölümdən sonra əfsanəyə çevrilməyə layiqdir”, – deyə məqalə müəllifi ümummilli lider H.Əliyevə həsr etdiyi məqaləsində sözlərini yekunlaşdırıb.