Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kubra Məhərrəmova yazır…
Biri var adam öz etdiyi hərəkətlərə görə utansın, biri də var başqalarının etdiklərinə görə. Buna “İspan utancaqlığı” (spanish shame) da deyirlər. Yəni axmaq adamların etdiklərinə və ya dediklərinə görə utanmaq. Bu barədə ingilis mənbələrindən daha geniş məlumat ala bilərsiniz.
Bu gün cəmiyyətdə yeni bir qövm peyda olub, mənbəyi məlum olmayan üç-beş kitab oxuyursan, olursan “xadim”. Elə bu qəbildən olanlardan biri də dini kitablar oxuyub “din xadimi” kimi cəmiyyətə “zühur” edənlərdir. Doğrusu mənim tanıdığım bir struktur var, onun da adı DİN-dir.
Yerdə qalanlar isə din adı altında min oyundan çıxanlardır. Nə dedikləri həqiqətdir, nə də etdikləri. Hərəsi əyninə bir əba geyinib, əlinə bir təsbeh alıb, olub “imam övladı”. Dünyadan bixəbər olan kəslər də özlərinə “din xadimi” deyənlərin toruna düşərək həqiqətdən uzaqlaşırlar. Özü də ildırım sürəti ilə. Həqiqət isə elmli, dünyagörüşlü olmağı tələb edir. Gərəkdir ki, biliyin, savadın çox olsun ki, hər deyilənə inanmayasan. Çində istehsal olunan qaşında qırmızı işıq yanan üzüyü sənə “İlahi möcüzə” kimi sırımasın bəziləri.
Belə də ki, bu məsələni bir əsr əvvəl Cəlil Məmmədquluzadə “Ölülər”də yazmışdı. Savadsız insanlar necə ki, o vaxt ölünün dirilməsi üçün Şeyx Nəsrullaha inanırdılar, bu gün də bəzi insanlarımız çox heyif ki, digər “şeyx”lərin dediyinə inanırlar.
Amma müqəddəslərin məzarına and olsun ki, burada dindən, haqq-ədalətdən söhbət getmir. Həqiqətən də ara qarışıb, məzhəb itib.
İllərdir dini qarşıdurmadan qaçan cəmiyyət, digər dinlərə belə tolerant yanaşan insanımız ara-sıra elə hadisələrlə qarşılaşır ki, adam deməyə söz tapmır.
Məsələn bu gün səhər bizə agah oldu ki, sən demə siğə çox vacib məsələ imiş. Hətta tibb ocaqlarına gedəndə belə siğə eləmək lazım imiş. Kiminlə? Həkimlə.
Necə?
Tanınmış ilahiyyatçı Hacı Təyyar Hüseynli deyir ki, “siğə həm də tibbi müdaxilələr zamanı mütləq olmalıdır. Kişi həkim tərəfindən edilən estetik, ginekoloji müayinə və əməliyyatlar və digər başqa hallarda bunun olması dini cəhətdən zəruridir. Doğrudur, müasir dövrdə çox insan buna o qədər də ciddi yanaşmır. Ancaq dini nöqteyi-nəzərdən bu olduqca vacib haldır”.
Və elə bunu oxuyan kimi düşündüm ki, ay Allah, məni o dünyada, cəhənnəmin qaynar qazanında yandıracaqlar ki… Çünki illərdir diş həkimim kişidir. Gör ki, saysız-hesabsız qədər həkim mənə toxunub, dişlərimi müalicə edib, əlləri ağzımda olub.
Ya Rəbb! Bu qədər günahın altından mən necə çıxacağam? Bəlkə elə indi gedim diş həkimimə deyim ki, “ay Kərim doktor, daha keçib, bu yaşdan sonra mənə günah etmək yaramaz, gəl gedək siğə edək?”
Yaxşı, bəs həkim deməz ki ay Kubra, deyəsən sənin başın xarab olub, get başını MRT-yə sal?. Yaxşı, birdən MRT-də həkim kişi olsa onda necə, onunla da siğə etməliyəm?
Vay dədəm, vay. İndi mən birdən İcbari Tibbi sığortayla bir neçə həkimin qəbulunda olmaq istəsəm, hərəsi də bir dəfə mənə toxunmalı olsa onda necə? Növbə ilə hər biriylə siğələnməliyəm? Yoxsa bir saatlıqdır siğə?
Xüsusən də, əgər qadın öz əri ilə kəbindədirsə, o zaman necə olacaq? Ərindən boşanıb həkimlə siğə kəsir, sonra yenə əri ilə kəbin kəsir? Yoxsa elə əri ilə kəbində qalır, həkimlə siğə olur?
Siğənin bir saatı dolmamış, o biri həkimin qəbuluna girə bilərəmmi?
Yoxsa gərək gözləyim ki, birinci həkimlə olan siğənin vaxtı bitsin, sonra o birisinin icazəsi qüvvəyə minsin?
Bu, Hicri təqvimlə hesablanır, yoxsa Qəməri təqvimlə? Bakı vaxtı ilə tənzimlənir, yoxsa Qum vaxtı ilə?
Bu siğənin bir onlayn forması varmı görən? Hər həkimin qəbuluna girəndə siğənin QR kodunu üstümüzə yapışdırıb girək kabinetə? Yoxsa köhnə üsulla, yazı-pozu ilə olur?
Mənə maraqlıdır ki, bu axmaq düşüncə hansı saatlarda “din xadiminin” ağlına gəlib?
Səhər, yoxsa gecə?
Siğə heç şübhəsiz ki, fahişəliyin dini pərdə altında leqallaşmasını özündə ehtiva edir. Bir günlük, üç saatlıq və s. Bəs niyə dini hər vəchlə insanımızın gözündən salmağa çalışırlar? Hansı qüvvələr cəmiyyətdə qarşıdurma yaratmaqda maraqlıdır? Dünya Marsa, Aya elmi ekspedisiyalar göndərdiyi halda, biz niyə hələ həkimə gedəndə siğə elətdirək, ya elətdirməyək haqqında düşünməliyik?
İlahiyyatçı Hacı Təyyar Hüseynli daha sonra əlavə edib ki, “bir sıra hallarda siğə bağlamaq olar. Bunu bir növ anlaşma, müqavilə kimi də izah etmək mümkündür. Əgər kişi hər hansı bir xanımla eyni yerdə qalacaqsa, günaha batmamaq üçün siğə edə bilər”.
Sual olunur kişi həkimdirsə, pasiyenti müayinə edirsə, burada nə günah var?
Yoxsa söhbət digər kişilərdən gedir? Hansılar ki, qadınla bir yerdə qalmağı özü üçün müəyyən edib və anlayır ki, bunun sonu “günahdır”, bunu dini tərəfdən ört-basdır etmək istəyir?
Uzun sözün qısası çalışın elmli, bilikli, savadlı olun.
Çünki fizika dərsliyindən anlayışı olmayan biri üçün bütün təbiət hadisələri “möcüzə” olacaq. Kimyadan anlayışı olmayanlar adi rəng və qoxu dəyişməsini “ilahi hadisə” biləcək.
Halbuki miladi təqvimdən bu yana xeyli sayda elmi kəşflər olub. Sadəcə qalır bu kəşfləri mənimsəmək.
Yoxsa meyxanaçı Elşən Xəzər “Tanrının möcüzəsi” adlandırdığı və suya salarkən işıq saçan qırmızı daşlı üzüklə hələ çoxlarına dini dərs keçəcək, İlahiyyatçı Hacı Təyyar Hüseynli də deyəcək ki, “arvadı həkimə siğəsiz buraxmayın”!