“26 il əvvəl Rusiyaya gəldim. İndi də öz Vətənimə qayıtmaq istəyirəm, amma mümkünsüzdür. Səbəb isə mənim guya ölməyimdir”.
Bu şikayətlə “Qafqazinfo”ya 2011-ci ildən bəri ölü kimi qeydiyyatda olduğu bildirilən Abil Zeynalov müraciət edib.
1955-ci ildə Quba rayonunun Rustov kəndində anadan olan Abil Zeynalov 1996-cı ildə Rusiyaya gedib:
“Bura gələndə evli idim. Lakin həyat yoldaşım Azərbaycanda qalası oldu. Bu illər ərzində Vətənə qayıtmadım. Burada bir qadınla yaşamağa başladım və müxtəlif işlərdə çalışdım. 2001-ci ildə anam vəfat edəndə ölkəyə gəlmək istəsəm də, yenə alınmadı. 2011-ci ildə isə artıq qəti qərar verdim ki, Vətənə qayıdım. Amma məlum oldu ki, mən guya ölmüşəm. Həyat yoldaşım mənim adıma saxta ölüm kağızı çıxartdırıb. Guya mən 2011-ci ilin oktyabrın 10-da Rusiyanın Xabarovsk vilayətində vəfat etmişəm. Bundan sonra mənim əmlakımı sataraq başqa birinə ərə gedib”.
A.Zeynalov iddia edir ki, bundan sonra özü Rusiyada, qardaşı isə Azərbaycanda aidiyyəti qurumlara müraciət etsə də, məsələ həll olunmayıb:
“67 yaşım var və artıq öz yurduma qayıtmaq istəyirəm. Atam 98 yaşında qoca kişidir. Onun yanında olmaq istəyirəm, amma hara müraciət etsəm, mümkünsüz olur. Hazırda Xabarovsk vilayətindəyəm və işsizəm. Çox xahiş edirəm, mənə kömək edin, Vətənə qayıdım. Qardaşım kənd bələdiyyəsinə və məhkəməyə müraciət edib. Lakin deyiblər ki, “bizlik deyil”.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Abil Zeynalovun qardaşı ilə əlaqə saxlanılıb:
“Fərdi məlumatlara aid olduğu üçün açıqlama verə bilmərik”.
Quba rayon Rustov kənd bələdiyyəsi Aydın Kazımov isə məsələ ilə bağlı bunları deyib:
“Məsələdən xəbərim yoxdur. Onu bilirəm ki, illər əvvəl Rusiyaya gedib və qayıtmayıb. Həyat yoldaşı da başqa biri ilə ailə qurub. Ölüm kağızını da biz verməmişik. Bu barədə məlumatım da yoxdur”.
A.Zeynalov üçün ölüm kağızına imza atan Quba rayon qeydiyyat şöbəsinin rəisi Kamran İbrahimov da məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, ölüm kağızı məhkəmənin qətnaməsinə əsasən hazırlanıb:
“Zeynalov Abil Hacıbaba oğlu barəsində 10 oktyabr 2011-ci ildə Rusiya Federasiyasında vəfat etməsinə dair 2012-ci ildə məhkəmə qətnaməsinə əsasən ölüm faktı müəyyən olunub. Həmin illərdə biz orada işləməmişik və bu barədə məlumat da yoxdur. Lakin biz sənədlərin kökünə baxarkən müəyyən edirik ki, qanunvericilikdə də hüquqi faktların müəyyən olunması var. Yəni məhkəməyə müraciət edərək ölüm faktını müəyyən etdiriblər və buna əsasən qeydiyyat şöbəsinə müraciət ediblər. Bundan sonra ölüm haqqında sənəd açıblar. Ölüm qeydiyyatı hazırda da mövcuddur, ləğv olunmayıb. Bununla bağlı gərək vətəndaş məhkəməyə müraciət etsin. Bundan başqa, o, səfirliyimizə və konsulluğumuza da müraciət edə bilər. Etibarnamə göndərməklə də məhkəmədə o qətnaməni ləğv elətdirə bilər. Yəni qanunvericilikdə bu nəzərdə tutulub ki, itmiş, ölüm faktı çıxmış şəxs varsa, həmin adam gələrsə, qeyd olunan məhkəmə qətnaməsi ləğv olunmalıdır”.