Avropa Rusiyadan qurtulmağa çalışır

Avropa Rusiyadan qurtulmağa çalışır

Almaniya rus qazından asılılığı azaltmaq üçün Şimal dənizindəki Vilhelmsaven limanında üzən LNG terminalı açıb. Bu, Almaniyanın tikməyi planlaşdırdığı beş qurğudan biridir. Üç futbol meydançası böyüklüyündə olan xüsusi gəmi 170 milyon kubmetr LNG ilə doldurulur. Bu həcm 50 min ailəni bir il ərzində qazla təmin etməyə kifayət edir.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Avropanın enerji böhranı davam edir. Düzdür, hazırda qitənin yeraltı anbarları qazla doludur. Lakin Avropa İttifaqı (Aİ) ölkələri qışdan çıxmaq üçün böyük həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) idxal etməli olacaqlar. Gələn il və ya 2024-cü il  Avropanın uzunmüddətli enerji böhranının qarşısını ala biləcəyi ilə bağlı suallar da qalmaqdadır. Nüfuzlu “Oil Price” nəşri yazır ki, Rusiya qazının tədarükü olmayacağı 2023-cü ildə Aİ 27 milyard kubmetr qaz defisiti ilə üzləşə bilər. Beynəlxalq Valyuta Fondunun dərc etdiyi Avropanın “Brueghel” analitik mərkəzinin hesablamalarına görə, Avropa ev təsərrüfatlarının və müəssisələrinin elektrik enerjisi xərcləri artıq 1,06 trilyon dollar artıb. Mərkəzin analitiklərinin fikrincə, Avropa hökumətləri enerji daşıyıcılarının bahalaşmasına görə maliyyə dəstəyi təklif etsələr, bu məbləğ Aİ-nin illik ÜDM-nin 6 faizini təşkil edəcək. “Geniş miqyaslı dövlət dəstəyi yeni qiymət tarazlığına uyğunlaşmanı gecikdirə və daha çox dəstəyə ehtiyac yarada bilər”, – deyə mərkəzin ekspertləri qeyd edirlər.

Soyuqlar düşdü, qaz anbarları boşalmağa başladı

Avropanın enerji sistemləri artıq dekabr ayında ilk dəfə sınaqdan keçdi. Arktika siklonu qitənin şimal-qərbinin çox hissəsini vurdu, Böyük Britaniyaya güclü qar yağdı, Almaniyaya şiddətli küləklərlə soyuqlar gəldi. “Gas Infrastructure Europe”un məlumatına görə, hazırda Aİ-nin anbarlarından təbii qazın çıxarılması davam edir. Vəziyyət bu qışdan sonrakı anbar səviyyələrindən asılı olacaq. Fevral-sentyabr aylarında Aİ-nin qaz bazarında Rusiyanın payı 40 faizdən 9 faizə düşüb. Lakin bu il Rusiya qazının tədarükündə ciddi azalma yalnız iyun ayında baş verib. Gələn il qış ərəfəsində Rusiya qazı olmadan Avropada “mavi yanacaq” qıtlığı daha çox olacaq. Rusiya qazının Ukrayna və “Türk axını” vasitəsilə nəqli dayandırılacağı təqdirdə Avropaya idxal azalacaq. Bu gedişlə gələn il Avropanın külli miqdarda LNG-yə ehtiyacı olacaq. “Avropa bu qış ehtiyatlardan istifadə edərək və tələbi azaltmaqla işıqların kəsilməsindən qaça bilsə də, gələn qış çətin olacaq. Avropa ölkələri Rusiyadan tədarükün kəskin azalmasını nəzərə alaraq, 2023-cü ildə böyük həcmdə LNG idxal etməli olacaqlar”, – deyə şirkətlər əlavə ediblər.
Yeri gəlmişkən, Aİ ölkələrinin enerji nazirləri qazın tavan qiyməti ilə bağlı razılığa gəliblər. Məhdudiyyətlər gələn il fevralın 15-dən qüvvəyə minəcək. Yeni mexanizm qiymət üç gün ərzində 180 avro səviyyəsində (yəni min kubmetri üçün 1850 avro) qalarsa işə düşəcək.

Moskva qiymət tavanını “bazar proseslərinə qəsd” kimi qiymətləndirir

Aİ-nin yeni addımına ən böyük qaz bazarına malik Almaniya skeptik yanaşır, Niderland, Avstriya və Macarıstan onu dəstəkləyir. Almaniyanın iqtisadiyyat naziri və baş nazirin müavini Robert Habek deyib ki, “Almaniyada heç kəs qaza aşağı qiymətlərin tətbiqinin əleyhinə deyil. Amma biz bilirik ki, ən yaxşı məramla olsa belə, işə ziyan vurmamaq üçün ehtiyatlı olmalıyıq”.
Moskvada Aİ-nin bu qərarını “bazar proseslərinə qəsd” kimi qiymətləndiriblər. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya cavab tədbirlərinə əl atacaq. Ukraynada müharibəyə başlayandan bəri Rusiya Aİ-nin bir neçə ölkəsinə qazın nəqlini dayandırıb. Polşa, Bolqarıstan, Finlandiya, Niderland və Danimarka Rusiya qazından özləri imtina ediblər. Aİ-yə üzv 15 ölkə, o cümlədən Belçika, Yunanıstan və Polşa ən yüksək qiymət həddinin 1 meqavat/saat üçün 200 avrodan aşağı olmasını tələb edirdilər.

Rus qazından asılılığı azaldan ilk ölkə

Ən önəmli qərar isə Almaniyadan gəlib. Almaniya rus qazından asılılığı azaltmaq üçün Şimal dənizindəki Vilhelmsaven limanında üzən LNG terminalı açıb. Berlin bunu ölkənin Rusiya qazından asılılığının azaldılması istiqamətində mühüm addım adlandırıb. Bu, Almaniyanın Rusiya qazından imtinadan sonra yaranan boşluğu doldurmaq üçün tikməyi planlaşdırdığı beş qurğudan biridir. Üç futbol meydançası böyüklüyündə olan xüsusi gəmi “Esperanza” 170 milyon kubmetr LNG (bunun çoxu ABŞ-dan gətirilib) ilə doldurulur. Bu həcm 50 min ailəni bir il ərzində qazla təmin etməyə kifayət edir. Yaxın həftələrdə LNG qaza çevriləcək və ölkənin qaz kəməri sisteminə veriləcək. Hökumət həmçinin daimi LNG terminalları tikməkdə israrlıdır. “Putin bizi qazın kəsilməsi ilə şantaj edə biləcəyini düşünürdü” deyən alman kansler Şoltz əlavə edib ki, “ancaq o, səhv etdi”. Almaniya tezliklə ölkənin şimal sahillərində 30 milyard kubmetr LNG tutumuna sahib olacaq. Bu da keçən il Rusiyadan Almaniyaya daxil olan ümumi boru kəməri qazının yarısından çoxdur. Vilhelmsavendə üzən reqazifikasiya zavodunun infrastrukturu 10 ay ərzində tikilib. Bu, rekord göstəricidir.  

Böhran Azərbaycan qazına ehtiyacı artırıb

Yeri gəlmişkən, Avropada enerji böhranının yaşanması qitənin Azərbaycan qazına olan ehtiyacını daha da artırıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir. Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan Avropaya 10 milyard kubmetr qaz ixrac edir. Bu rəqəm gələcəkdə 5 milyard da artırılacaq. Transanadolu (TANAP) və Transadriatik kəmərləri vasitəsilə ixrac olunan qazın həcmi 2025-ci ildə “Şahdəniz” yatağından hasil olunan təbii qazın hesabına artırılacaq. Azərbaycan yalnız öz qazının deyil, Türkmənistan qazının da Avropaya nəql olunmasında mühüm tranzit mövqeyə sahibdir. Rusiya Avropaya qaz tədarükünü dayandırarsa, Aİ ölkələri Azərbaycanla qaz tədarükü barədə danışıqlar aparacaq. Təsadüfi deyil ki, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycan və Aİ-ni “strateji enerji tərəfdaşı” adlandırıb.

Share: