Bakının bir sıra küçə və prospektlərində günün istənilən saatında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Bu artıq sakinlərin gündəlik qarşılaşdıqları problemdən çox, vərdiş etdiyi bir hal olub. Sanki belə də olmalıdır. Həftəsonları, bayram günləri və məktəb tətilləri zamanı yolları nisbətən boş görəndə insan gözlərinə inanmır…
Uzun sözün qısası, əhalinin sayı artdıqca paytaxtda nəqliyyatın yükü də ağırlaşır. Bir neçə il öncəyə qədər yerüstü nəqliyyatın yükünü yeraltı nəqliyyat azalda bilirdisə, bu gün bunu demək çətindir. Artıq yeraltı nəqliyyatın da yükünün azalması üçün alternativ sərnişindaşımalara ehtiyac yaranıb.
Sərnişinlər arasında aparılan kiçik sorğu zamanı çoxu tramvay xəttinin fəaliyyətinin bərpasının daha rahat ola biləcəyini deyib.
Bu məqam taksi sürücüləri tərəfindən elə də sevinclə qarşılanmayıb. Bir neçə taksi sürücüsü alternativ variantların onların qazancını nisbətən azaldacağını düşündüyündən mövcud vəziyyəti qənaətbəxş qiymətləndirib.
Hazırda avtomobil yollarında sərnişin avtobusları üçün nəzərdə tutulan zolaqlar ayrılıb. Bu, bir qədər də olsa, avtobusların interval üzrə hərəkətinə xidmət edir.
Lakin Bakı-Sumqayıt yolu, eləcə də paytaxtdaxili yollarda günün pik saatlarında ciddi yüklənmələr görürük. Bu da paytaxt yollarının onsuz da gərgin olan hərəkət dinamikasına təsirsiz ötüşmür. Nəticədə zəncirvari effektlə digər küçə və prospektlərdə də yüklənmələr və yollarda tıxac yaranır.
Bəs tramvay yolunun bərpası çoxmu çətindir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, bu, nəqliyyat sektorunda yükü azaltmaq baxımından çox önəmli və vacib məsələdir:
“Tramvay yüngül relsli dəmiryol sistemidir. Bu, həm yükgötürmə baxımından, həm də sonradan şəhərətrafı elektrik qatarı ilə transformasiyası baxımından qiymətləndirilə bilər. Misal olaraq, İstanbulu götürək. İstanbul böyük şəhər olduğu üçün nə qədər tramvay xətti olsa da, yenə də azdır. Lakin Bakı üçün kifayət edəcək qədər tramvay xətləri var idi.
2014-cü ildə çeşidli ictimai nəqliyyatın ləğv edilməsi heç düzgün qərar deyildi. Biz bu gün həmin qərarın çətinliklərini yaşayırıq. Nəinki tramvayı, trolleybusu, şəhərətrafı elektrik qatarlarını ləğv etdilər. Bunlar hamısı bərpa olunmalı və bir-biri ilə keçidlərlə təmin edilməlidir”.
Ekspert qeyd edib ki, əhalinin rahat istifadəsi üçün vahid nəqliyyat kartları da hazırlanmalıdır:
“Müasir dövrdə nağdsız ödəniş sistemləri tətbiq edilir. Bu halda kart sistemi geniş qiymətləndirilməlidir. Vahid bir kart formalaşdırılmalıdır ki, bütün nəqliyyat vasitələrində istifadə edilə bilsin. Ola bilər ki, kartlar günlük, həftəlik, aylıq paketlər olsun ki, sərnişinlər nəqliyyatdan istifadə tezliyinə uyğun olaraq həmin paketlərdən istifadə etsinlər. Bu, pul ekvivalenti baxımından da çox uyğun olacaq. Bu məsələ öz həllini tapsa, paytaxtda hər kəsi yoran parkinq problemi də aradan qalxacaq.
Çox adam küçələrin dar olmasını arqument gətirərək, tramvay xəttinin münasib olmadığını irəli sürür. Lakin İstanbulda Topqapı sarayının, Aya Sofyanın, Sultan Əhməd məscidinin ətrafı dar küçələrdir və orada çox rahat şəkildə tramvay hərəkət edə bilir. Bizim küçələr İstanbulun küçələri kimi dar deyil. Üstəlik, bizdə əvvəl bu nəqliyyat vasitəsi olub və yenidən yaratmaq deyil, bərpa etmək lazımdır. Mətbuat və aidiyyəti qurumlar bu məsələni gündəmdə saxlasalar, çox yaxşı olar”.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Cavid Qurbanov da mətbuata açıqlamalarından birində məsələnin gündəmdə olduğunu bildirmişdi. O, açıqlamasında çəkiləcək tramvay xətlərinin sxeminin də müzakirə olunduğunu qeyd etmişdi:
“Vaxtilə Bakıda mövcud olmuş tramvay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Bu səbəbdən xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.
Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”.
Könül Cəfərli