Azərbaycan Litvada Çörək Festivalında təmsil olunub.
“Report” Vilnüsdəki əməkdaşı xəbər verir ki, tədbir Litva hökuməti yanında Milli Azlıqlar və Miqrasiya Departamentinin təşkilatçılığı ilə paytaxtdakı Milli Azlıqlar Evində təşkil edilib.
Festivalda Azərbaycan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Moldova, Estoniya, Latviya, Rumıniya kimi ölkələrin çörəkləri nümayiş etdirilib. İştirakçıların hər biri ölkələrini həm də milli geyimləri ilə təmsil ediblər.
Tədbirdə Azərbaycandan olan iştirakçısı Nərmin Əliyeva çörəyin dostluq simvolu olmasından söz açıb:
“Bu gün süfrəmizdə təndir çörəyinə, milli çalğı alətlərimizə və hər il ölkəmizdə festivalı keçirilən milli meyvəmiz nara diqqət çəkmək istədik. Bunlar bizim simvollarımızdır. Ümid edirəm xüsusi hazırlanma metodu olan təndir çörəyimizi dadacaq və bəyənəcəksiniz”.
Festivalda Azərbaycanın təmsilçisi olan digər iştirakçılar isə Fidan Mehdiyeva və Fərhad Şərifli olub.
Qeyd edək ki, tədbir iştirakçılarının əksəriyyəti çıxışları zamanı, əsasən, Ukraynanın bu gün üzləşdiyi çətinliklərə diqqət çəkib və “Slava Ukraine” deyərək Ukrayna xalqına dəstək nümayiş etdiriblər.