Azərbaycan səfirliklərinə ermənilərin rahatlıqla basqın etməsinin arxasında kim dayanır?

Azərbaycan səfirliklərinə ermənilərin rahatlıqla basqın etməsinin arxasında kim dayanır?

Ermənilər ardıcıl olaraq Azərbaycan səfirliklərinə hücumlar təşkil edərək beynəlxalq hüququ pozurlar. Son olaraq sentyabrın 18-də Azərbaycanın Fransadakı səfirliyinə basqın edilib. Hətta bu hadisə səbəbilə Fransanın Azərbaycandakı səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və Fransadakı radikal erməni qruplarının törətdiyi cinayət səbəbilə XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Livandakı səfirliyimizin qarşısında isə analoji təxribat iki dəfə – sentyabrın 16-da18-də törədilib.

Bundan öncə avqustun 4-də isə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə “Mehdi xidmətçiləri” (“Xuddam əl-Mehdi”) adlı dini radikal təşkilatın üzvləri hücum çəkmişdilər.

Bütün bunlar “Səfirliklərin təhlükəsizliyində kimlər məsuliyyət daşımalıdır?” sualını ortaya çıxarır.

Xarici ölkələrin Azərbaycandakı səfirliklərinə nəzər salsaq, mühafizəçilərin, demək olar ki, hamısının azərbaycanlı olduğunu görərik. Yəni Bakıda asanlıqla səfirlik binasına daxil olmaq mümkün deyil desək, yanılmarıq. Belə ki, məsul şəxslə görüşənədək siz bir neçə mərhələdən keçməlisiniz. Təcrübədən çıxış edərək bildirməliyəm ki, ilk olaraq giriş qapısında keşik çəkən silahlı mühafizəçiyə yaxınlaşırsan, ona nə üçün gəldiyin barədə tam məlumat verdikdən sonra polisin həmin məlumatı içəriyə ötürməsini gözləyirsən, bu proses 10-15 dəqiqə çəkdikdən sonra qapı açılır və sən rentgen aparatından keçirsən.

Dəmir əşyalarının hamısını və şəxsiyyət vəsiqəni oradakı təhlükəsizlik əməkdaşlarına verirsən. Daha sonra səni müşayiət edən bir nəfərlə binaya yaxınlaşırsan. Burada da bir qədər gözləyirsən, dəvət olunduqdan sonra isə məsul şəxslə görüşmək üçün mühafizəçi ilə birlikdə binaya daxil olursan. Yəni Azərbaycanda ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələrin səfirliklərinin qorunması Azərbaycan polisi tərəfindən ciddi şəkildə həyata keçirilir.

Maraqlıdır, Azərbaycanın həmin ölkələrdəki səfirliklərinə erməni lobbisinin nümayəndələri niyə rahatlıqla daxil olaraq vandalizm aktı törədə bilirlər?

Məsələni Oxu.Az-a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, səfirlikləri mühafizə etmək vəzifəsi olan polisin məsələyə laqeyd qalması heç də səbəbsiz deyil, bu, Fransanın bizə siyasi mesajıdır:

“Səfirlik hansısa hərbi obyekt, qala deyil. Orada çalışan diplomatlar da polis, hərbçi deyillər. Ona görə də onları qəbul edən ölkə təhlükəsizliyi təmin etməlidir. Bu, Vyana Konvensiyası ilə təsdiq edilmiş qarşılıqlı öhdəlikdir. Bəli, səfirliklərin daxilində də müəyyən təhlükəsizlik tədbiri görülə bilər. Amma bu o demək deyil ki, səfirliyimizin olduğu ölkə qanunların pozulmasına imkan versin, beynəlxalq öhdəliklərdən yan keçsin.

Hesab edirəm ki, Azərbaycan bu məsələdə beynəlxalq təcrübəyə uyğun addımlar atmağa davam etməlidir. Öz iradını rəsmi şəkildə Fransaya çatdırıb və rəsmi şəkildə bizdən üzr istəyiblər. Bu baxımdan məsələ bəllidir. Amma pərdəarxası bir məsələ də var. Fransa və onun siyasi elitası öz ermənipərəst mövqeyini göstərməkdə həmişə israrlıdır. Ona görə də səfirlikləri mühafizə etmək vəzifəsi olan polisin bu məsələyə laqeyd qalması heç də səbəbsiz deyil. Bu bizə siyasi mesajdır. Biz isə başa düşürük, nəticədə beynəlxalq hüquqa uyğun olaraq addımlarımızı atırıq və atacağıq”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev də qeyd edib ki, səfirliklərimizin qorunması missiyasını qarşı tərəfin hüquq-mühafizə və xüsusi xidmət orqanları həyata keçirməlidir:

“Təxribat törətmək istəyən şəxslərin qarşısını Fransanın, Böyük Britaniyanın hüquq-mühafizə orqanları almalıdır. Cavabdehliyi onlar daşıyırlar. Çünki ilk növbədə bu məlumatları alanlar həmin dövlətlərin orqanlarıdır. Ancaq çox təəssüf ki, onlar öz funksiyalarını həyata keçirə bilmirlər və ya keçirmək istəmirlər.

Məsələn, ABŞ-ın İraq və Əfqanıstan kimi ölkələrdəki səfirliklərinə özünün nəzarət etməsi istisna hallar idi. Bu ondan qaynaqlanırdı ki, həmin yerlər müharibə gedən ərazilərdir. Yəni o dövlətlərə etibar edilmədiyi üçün ABŞ hərbi kontingentini də səfirlik ərazisində yerləşdirmişdi. Fransa, İngiltərə kimi ölkələrdə belə bir addıma ehtiyac yoxdur.

Bu gün səfirliklərimizdə fəaliyyət göstərən Azərbaycan mühafizə orqanlarının kifayət qədər gücü var, sadəcə, əsas məsələ xaricdən olan təxribatın qarşısını almaq üçün həmin dövlətlərin yerli xüsusi xidmət orqanlarının çalışmasıdır”.

Sayad Həsənli 

 

Share: