Ötən gün Azərbaycana münasibətdə beynəlxalq hüquq kobud şəkildə pozulub. Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin binasına özlərini dini qruplaşma üzvü sayan şəxslər hücum ediblər.
Onlar binaya daxil olaraq, vandalizm aktı törədib, eyvanda diniyönümlü bayraqlar qaldıraraq, dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıblar.
“Mehdinin xidmətçiləri birliyi” kimdir?
Azərbaycan səfirliyinə hücum edən “Mehdinin xidmətçiləri birliyi” (“The Mahdi Servants Union”) adlanan qrupun lideri Yaser Yəhya Abudulah əl-Habib 1979-cu il yanvarın 20-də Küveytdə anadan olub. Orada universitet bitirib. O, özünü bu ərəb ölkəsindəki “sağ radikallar” qrupunun nümayəndəsi, şiə təriqətinin əsas fiqurlarından sayır. Əl-Naser Qumda təhsil alıb və Məhəmməd Ridhi əl-Şirazinin tələbələrindən olub. Sadiq əl-Şirazini təqlid edir. Ayətulla-üzma Seyid Sadik əl-Hüseyn əl-Şirazi 1942-ci il avqustun 20-də anadan olub. Onun valideynləri XIX əsrdə Şirazdan Kərbəlaya mühacirət edib. Ana babası Mirzə Şirazi İranda tütün hərəkatının iştirakçılarından olub. Seyid Sadik əl-Hüseyn ilk dini təhsilini Kərbəlada alıb. 1971-ci ildə İraqda Bəəs Partiyasının hakimiyyətdə olduğu vaxtda ölkədən sürgün edilib. 1980-ci ildən İranın Qum şəhərində yaşayır. O, fəaliyyəti ərzində sakit davranışı ilə seçilib. İranda hakimiyyətdaxili sərt xətt tərəfdarları (mühafizəkarlar), ayətullah Seyid Əli Xameneinin Böyük Britaniyadakı nümayəndəsi Möhsün Əraki əl-Şirazini Böyük Britaniya və Səudiyyə Ərəbistanından maliyyə dəstəyi almaqda ittiham etdilər. O, ünvanına söylənilən ittihamları rədd edib. Bildirilib ki, Seyid Sadık əl-Hüseyn müstəqil olduğu və İrandakı mövcud hakimiyyəti sərt tənqid etdiyi üçün rəsmi dairələrin hücumuna məruz qalır. Əl-Şirazi və tərəfdarları İslam məzhəbləri arasında barışın tərəfdarıdırlar.
Yaser Yəhya Abudulah əl-Habib Müctəba əl-Şirazinin kürəkənidir. Əl-Naser sünnilərə, xəlifə Ömərə və peyğəmbərin xanımı Aişəyə qarşı çıxışlar edir. O qrupun “Fadak” adlı peyk televiziyası da mövcuddur.
“Birlik” “Xoddam əl-Mehdi” təşkilatı adı altında 2010-cu il fevralın 23-də təsis olunub. Həmin il iyulun 21-də İngiltərə və Uelsdə xeyriyyə təşkilatı adı altında qeydiyyatdan keçib. Qrupun rəhbərliyinə Böyük Britaniya vətəndaşları (təbəələri) Adel Salah, Əli Şubber, Məhəmməd Salah və Yasir Fovcan daxildir. 2012-ci ildə xeyriyyə təşkilatı özünü rəsmi olaraq buraxılmış elan etdikdən sonra xeyriyyəçilik üçün pul toplamağa və daşınmaz əmlak almağa başlayıb. 2013-cü ildə Bakinqemşir qraflığının Fulmere şəhərində keçmişdə kilsə olmuş binanı 1,2 milyon funt sterlinqə alaraq yerində “Əl-Muhasin” adlı məscid qurub.
2021-ci ildə 15 milyon dollarlıq büdcəsi olan “Cənnətin xanımı” bədii filminin çəkilişinə sponsorluq ediblər. Onların fəaliyyəti və davranışı 12-ci əsrdə fəaliyyət göstərmiş Həsən Sabbahı xatırladır. O da şiəliklə bağlı təlim almışlardan sayılırdı. 1090-1124-cü illərdə Ələmut qalasında yaratdığı Nizari İsmaililər dövlətinin ilk hökmdarı olmuşdu.
Beynəlxalq hüququn kobud pozulması
Qrupun Azərbaycan səfirliyinin binasına hücumu və onu ələ keçirməsi həm yerli, həm də beynəlxalq hüquqa əsasən cinayət sayılır. Çünki Londondakı diplomatik missiyanın binası, hətta onu icarəyə götürsə belə, Azərbaycanın ərazisidir. Səfirlik, konsulluq və başqa bu tip diplomatik nümayəndəliklərin fəaliyyəti 1961-ci il aprelin 18-də qəbul edilmiş “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyası ilə tənzimlənir. Konvensiyanın 22-ci maddəsində yazılıb:
“Nümayəndəliyin binaları toxunulmazdır. Qəbul edən dövlətin hakimiyyət orqanları nümayəndəlik rəhbərinin razılığı olmadan bu binalara daxil ola bilməzlər”. Orada vurğulanıb ki, qəbul edən dövlət nümayəndəliyin binalarını hər hansı müdaxilədən və ya zədələnmədən qorumaq, nümayəndəliyin dincliyinin pozulmasının və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir. Bu maddəyə əsasən, diplomatik nümayəndəliyin binaları, onların avadanlığı və orada yerləşən digər əmlakı, habelə nümayəndəliyin nəqliyyat vasitələri axtarışdan, rekvizisiyadan, həbsdən və icradan immunitetə malikdir. Konvensiyanın 25-ci maddəsində isə göstərilib ki, qəbul edən dövlət diplomatik missiyanın funksiyalarını yerinə yetirməsi üçün bütün şəraiti yaratmalıdır.
Baş verən hadisə Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıq olaraq qiymətləndirilə bilər. Səfirliyin əməkdaşlarına qarşı zorakılıq halları müşahidə olunmadığı deyilir. Ancaq binaya hücum bir dövlətin ərazisinə qanunsuz soxulmaqdır. Bu, Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək, ölkə ərazisində iğtişaş yaratmağa, qadağan olunmuş mövzularda təbliğat aparmağa bərabər tutula bilər. Təşkilatın irəli sürdüyü tələblər hələ ki, məlum deyil. Ancaq bütün hallarda onların davranışı Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşları və binasının lazımı səviyyədə qorunmadığını təsdiqləyir.
Rəsmi Londona da Azərbaycanla Ermənistan münasibətlərinin gərginliyi məlumdur. Ancaq hadisə nəticəsində məlum oldu ki, səfirliyin binasının qorunmasına xüsusi diqqət yetirilmir. Əks halda hücum edənlər səfirliyin binasının eyvanına çıxarkən müqavimətlə üzləşərdi və s. Odur ki səfirliyə hücum isbatlayır ki, onun mühafizəsi ilə məşğul olan polis və ya başqa bir qurum məsuliyyətsizlik, ən yumşaq halda isə ehtiyatsızlıq edib. Hücum edənlər səfirliyin əməkdaşlarına xəsarət yetirə bilər, yaxud onları girov götürərdi. Bu baxımdan məsələnin daha dərindən araşdırılmasına ehtiyac var.
Diqqət ediləcək başqa məqamlar nələrdir?
Hadisə Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin terror-təxribat əməlinə cavab olaraq keçirdiyi “Qisas” əməliyyatından bir gün sonraya təsadüf edir. Nəzərə almaq lazımdır ki, ermənilərin ASALA və başqa terror təşkilatları var. Onlar yarandıqları gündən Türkiyə və Azərbaycana qarşı fəaliyyət göstərirlər. İndiyədək Türkiyənin onlarla səfir və başqa ranqdan olan diplomatlarına qarşı terror aktı törədərək qətlə yetiriblər. Hətta terrorçu İŞİD qruplaşması da İraqın Mosul şəhərində Türkiyənin konsulluğunun binasını ələ keçirmişdi. Ona görə bir sıra göstəriciləri ilə “Mehdinin xidmətçiləri birliyi”nin hücumu terror aktı kimi də qiymətləndirilə bilər.
Bu hücumun arxasında erməni terror qruplarının da dura biləcəyi ehtimalı az deyil. Azərbaycana qarşı olan bu kimi qüvvələr belə bir hücumun reallaşması üçün Yaser əl-Naseri və ya onun qrupundan olanları maliyyələşdirə də bilərlər. Sirr deyil ki, Azərbaycanla Britaniya və İsrail arasında normal münasibətlər var. Bir sıra hallarda bu əməkdaşlıq müttəfiqlik səviyyəsindədir. Onlar arasında əlaqələrə, münasibətlərə zərər vurmaq məqsədi ilə belə bir insidentin təşkil edildiyini də ehtimal etmək olar.
Daha bir vacib məsələni də qeyd etmək yerinə düşər: hadisə Məhərrəm ayında baş verib. Bu günlərdə Azərbaycandakı şiə məzhəbinin təəssübkeşləri İmam Hüseyn və tərəfdarlarının İraqın Kərbəla şəhərində üzləşdikləri faciəni anırlar. Bu hücumun İslam dininə, şiəliyə qarşı olduğunu da ehtimal etmək olar. Belə qruplaşmaların arxasında duranlar İslam dini parçalamağa, ona qulluq edənlər arasında təfriqə salmağa çalışırlar. Bu həm də cəmiyyətdə parçalanmalara səbəb olur. Belə hal isə ölkəni, dövləti içindən zəiflədir.
Avqustun 4-də baş verən hadisə Azərbaycanın diplomatik missiyası olan ölkələrdə səfirlərin, konsulların və başqa əməkdaşların, o cümlədən binaların təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlərin güclənməsinin vacibliyini də gündəmə gətirir. Çünki belə hücumu ASALA kimi təşkilatlar da törədə bilər…
“Report” İnformasiya Agentliyi