“Azərbaycan Türkiyəyə ən peşəkar xilasetmə və hərbi tibbi heyətini göndərib”

“Azərbaycan Türkiyəyə ən peşəkar xilasetmə və hərbi tibbi heyətini göndərib”

“Azərbaycan ən peşəkar, ən güclü xilasetmə və hərbi tibbi heyətini Türkiyəyə göndərərək oradakı xilasetmə prosesinə ən yüksək şəkildə öz dəstək verir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O, Azərbaycan və Türkiyənin hər zaman bir-birinin həm sevincli, həm də kədərli günlərində bir yerdə olduqlarını vurğulayıb:

“Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanla Türkiyə arasında əlaqələr yeni bir mərhələyə daxil olub. Hər iki ölkə arasında çox sıx əməkdaşlıq mövcuddur”.

Deputat bildirib ki, Türkiyədə dəhşətli zəlzələ baş verəndən sonra ilk yardıma gedən, orada öz dəstəyini əsirgəməyən də məhz Azərbaycan oldu:

“Bu gün də Azərbaycan xilasediciləri zəlzələ baş verən ərazilərdə öz fəaliyyətlərini davam etdirirlər”.

C.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev, XİN başçısı, Milli Məclis və digər dövlət qurumlarının rəhbərləri də türkiyəli qardaşlarımızla əlaqə saxlayaraq onların qayğıları, həmçinin problemləri ilə maraqlanıblar, öz dəstəklərini ifadə ediblər:

“Bundan sonra da qardaş ölkəyə yardımlar davam edəcək. Azərbaycan xalqı bu prosesə aktiv şəkildə qoşulub və bu addımı ilə Türkiyənin yanında olduqlarını bir daha nümayiş etdirirlər”.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Zəlzələdən dərhal sonra Azərbaycanda zərərçəkənlərə yardım aksiyası başladılıb. Ümumilikdə, təbii fəlakət baş verdiyi dövrdən bu günə qədər FHN-in 725 nəfərlik şəxsi heyəti və Müdafiə Nazirliyinin 20 nəfərlik hərbi tibb personalı Türkiyəyə göndərilib.

Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin, modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və s. əhatə edir.

Share: