Azərbaycanda 6 və daha çox uşağı olan ailələr hazırda çoxuşaqlı ailələr hesab olunur.
Prezident İlham Əliyevin 13 yanvar 2023-cü il tarixli fərmanı ilə 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği müəyyən edilib. Fərmanda bildirilir:
“Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilsin”.
Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir.
Maraqlıdır, bəs hazırda Azərbaycanda 5-dən çox uşağı olan ailələrin sayı nə qədərdir?
Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasına əsasən, Azərbaycanda 6 və daha çox uşağı olan 16 169 ailə mövcuddur.
Çoxuşaqlı ailələrdən 7 169-u şəhər yerlərində, 9 000-i isə kənd yerlərində yaşayır.
Hazırda Azərbaycandakı çoxuşaqlı ailələr uşaqların sayına görə aşağıdakı rəqəmlərdə əks olunur:
6 uşaqlı – 9 332 ailə
7 uşaqlı – 3 565 ailə
8 uşaqlı – 1 748 ailə
9 və çox uşaqlı – 1 524 ailə
Xatırladaq ki, hazırda Bərdənin Cəyirli kəndində yaşayan İsgəndərovlar Azərbaycanda ən çox uşağı olan ailə hesab olunur.
Ailənin 17 övladı var. İsgəndərovlar ailəsində ən böyük övlad olan Yunisin 25 yaşı var, ən kiçik uşaq olan İnci isə 1 yaş yarımlıqdır.
Ailənin başçısı Taleh İsgəndərov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.
17 uşaq dünyaya gətirən ana Tünzalə İsgəndərovanın ali təhsili yoxdur.