Azərbaycanda şadlıq sarayında nöqsanlar aşkarlanıb, qapısı möhürlənib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları Ağdam rayonu, Əhmədağalı kəndində fəaliyyət göstərən fiziki şəxs Kərimov Ələddin Məmməd oğluna məxsus “Ağdam” şadlıq evində keçirdikləri yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığını və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğunu aşkar ediblər.
Manqal və soyuq qəlyanaltıların hazırlanması sahəsinin asan təmizlənməsinə və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə təchiz edilmədiyi, manqal və qazan yeməklərinin hazırlanması sahəsində havalandırma sisteminin qurulmadığı, pəncərələrin zərərvericilərə qarşı qoruyucu torla təmin edilmədiyi məlum olub. Həmçinin müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasını təsdiq edən müvafiq sənədlər də yoxlamaya təqdim olunmayıb.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.