Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın Pakistandakı Səfirliyi Müstəqilliyin Bərpası Günü münasibətilə Pakistan Milli Kitabxanasında tədbir təşkil edib.
Səfirlikdən verilən məlumata görə, səfir Xəzər Fərhadov tədbirdə çıxış edərək Pakistan Milli Kitabxanasının əməkdaşlarına, eləcə də pakistanlı tələbələrə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı məlumat verib.
Səfir müstəqilliyin ilk illərində Azərbaycanın vətəndaş müharibəsi və müstəqilliyini itirmək ərəfəsində olduğunu, ölkədə iqtisadi və siyasi qeyri-sabitliyin hökm sürdüyünü bildirib. Məhz o çətin dövrdə Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana qayıtdığını və 1993-cü ildə hakimiyyətə gəldiyini vurğulayan X.Fərhadov Ulu Öndərin ölkədə hökm sürən xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldırdığını və müstəqil Azərbaycanın yeni inkişaf yolunu müəyyənləşdirdiyini qeyd edib, apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğunu diqqətə çatdırıb. X.Fərhadov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib və onun rəhbərliyi altında Azərbaycanın bütün sahələrdə dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini vurğulayıb.
Səfir Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci ildə Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə 44 gündə son qoyaraq ərazi bütövlüyümüzü təmin etməsindən, Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən, Böyük Qayıdış proqramından, bölgədə sülhün bərqərar edilməsi və Qarabağda yaşayan erməniəsilli şəxslərin ölkəmizə reinteqrasiyası istiqamətində Azərbaycanın atdığı addımlardan, Qərbi Azərbaycan İcmasının yaranma tarixi və fəaliyyətindən, müxtəlif dövrlərdə azərbaycanlılara qarşı aparılmış etnik təmizləmələrdən, eləcə də Azərbaycan-Pakistan münasibətlərindən danışıb.
Tədbir zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Sonda tədbir iştirakçıları Milli Kitabxanada fəaliyyət göstərən Azərbaycan Mərkəzi və Heydər Əliyev Guşəsi ilə tanış olublar.