“Azərbaycanın Ukraynanı ən azı etibarsız tərəfdaş kimi görmək üçün əsası var”

Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın birinci xanımlar və cənablar sammitində iştirak etmək üçün Kiyevə səfəri, hətta ona Qarabağdakı erməni separatçılarına dəstək məqsədilə çıxış etmək üçün tribuna təqdim edilməsi dostluqdan uzaq addımdır. Bu, açıq şəkildə Cənubi Qafqaz regionunun təhlükəsizliyinə xələl gətirir və Ermənistanı hərbi əməliyyatlara təhrik edir. Kiyev faktiki olaraq separatçılara dəstək verib.

Bunu Oxu.Az-a ukraynalı-israilli politoloq, Yaxın Şərq üzrə ekspert, dövlət idarəçiliyi üzrə elmlər doktoru, “LLC Corporate Research and Consulting International Bureau”nun rəhbəri Denis Kislov deyib:

– Ukrayna Azərbaycanın Türkiyə və İsraillə sıx əməkdaşlıq etdiyini nəzərə almır. Amma Ankara bir növ sülhməramlı kimi çıxış edir, Ukraynada müharibəni dayandırmaq üçün vasitəçilik səylərini təmin etməyə çalışır. Ukrayna artıq İsraillə münasibətlərini mürəkkəbləşdirib. Kiyevin regionda anti-Azərbaycan gündəmini dəstəkləməsi avtomatik olaraq anti-İsrail gündəmini gücləndirir. Bütün bunlar, artıq dediyim kimi, regional münaqişəni daha da gərginləşdirir.

Rusiya üçün Cənubi Qafqazda bəlkə də “ikinci cəbhə”nin açılması ilə bağlı müəyyən məqsədlər güdən Kiyev bunun üçün Azərbaycanla dostluq, çox isti münasibətləri və Cənubi Qafqazda təhlükəsizliyi qurban verməyə hazırdır.

Amma humanitar və iqtisadi məsələlər də var. Azərbaycan Ukraynaya çox böyük yardım göstərir. SOCAR fövqəladə hallar xidmətlərinin, o cümlədən təcili yardım, yanğınsöndürən maşınlar və humanitar təhlükəsizlik məsələləri ilə məşğul olan bütün nəqliyyat vasitələrinin daşınması üçün yanacaq təmin edir. Lakin Kiyev, belə çıxır ki, bunu asanlıqla unudur.

Ukrayna qərar verməlidir: Azərbaycanla tərəfdaşlıq münasibətlərini davam etdirəcəkmi? Bəli, həmin münasibətlərin hərbi sahəyə aidiyyatı yoxdur, lakin Kiyevdə hamını yalnız bu dostluq formatına məcbur etmək istəyirlər. Axı humanitar yardım da az əhəmiyyət kəsb etmir. Görünən odur ki, Ukraynada bu münasibətlərə dəyər verilmir. Bütün dostluqlar situativ xarakter daşıyır və anlıq maraqlardan asılıdır.

Diplomatik və tərəfdaşlıq münasibətlərinin etikası deyilən bir anlayış var, lakin Kiyev bu etik standartlara əməl etmir. Belə siyasətdə yaxşı heç nə yoxdur və Azərbaycanın obyektiv olaraq Ukraynanı ən azı etibarsız tərəfdaş kimi görmək üçün əsası var.

Nair Əliyev

Share: