Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanlı məktəblilər ABŞ-nin nüfuzlu ali təhsil müəssisəsi olan “Yale” Universitetində keçirilən “The World Scholar’s Cup” beynəlxalq bilik olimpiadasının yekun turunda iştirak edirlər.
“Report” xəbər verir ki, yarışın son mərhələsində 40-dan çox ölkədən istedadlı şagirdləri var.
Tədbirin açılışında ABŞ-dəki azərbaycanlı diplomatlarla yanaşı, Tanzaniya, Malayziya, Rumıniya, Tayland və Qazaxıstanın diplomatik nümayəndəliklərinin təmsilciləri də qatılıblar. Gənc istedadlar 2-8 noyabr tarixləri arasında mövsümün son çempionlar turnirində öz bilik və bacarıqlarını yoxlayacaqlar.
Mərasimdə çıxış edən Azərbaycanın Vaşinqtondakı səfirliyinin diplomatı Mahmud Seyidov nüfuzlu yarışda ölkəmizi təmsil edən şagirdləri salamlayıb və onlara finalda uğurlar diləyib. Diplomat bu böyük uğurun Azərbaycanın təhsilə verdiyi diqqət və qayğısının təcəssümü olduğunu vurğulayıb.
Olimpiada çərçivəsində Azərbaycanın Vaşinqtondakı səfirliyinin dəstəyi və ölkəmizin komandasının birgə təşkilatçılığı ilə “Yale” Universitetində Azərbaycan güşəsi yaradılacaq.
Azərbaycanlı şagirdlər universitetin tələbələri və turnirdə iştirak edən xarici ölkədən olan şagirdləri Azərbaycan tarixi, mədəniyyəti və incəsənəti barədə məlumatlandıracaqlar.
Qeyd edək ki, “The World Scholar’s Cup”ın birinci regional mərhələsi bu ilin əvvəlində Bakıda keçirilib və paytaxt 800-dən çox şagirdin gərgin elm mübarizəsinə şahidlik edib. Londonda keçirilən növbəti mərhələdə qələbə qazananlar finalda iştiraka vəsiqə qazanıblar. Olimpiadanın sonunda mükafatlandırma mərasimi keçiriləcək.