“Azad edilmiş ərazilərdə tikilən yaşayış məntəqələri ən yüksək standartlara uyğunlaşdırılır”

“Azad edilmiş ərazilərdə tikilən yaşayış məntəqələri ən yüksək standartlara uyğunlaşdırılır”

“Xoşbəxt xalqıq ki, arzularımızı Allah qəbul etdi və torpaqlarımızı 30 illik erməni işğalından azad edə bilmişik. Müharibənin başa çatdığı 2,5 ilə yaxın vaxtdır ki, ermənilərin viran qoyduğu ərazilərə yenidən həyat qaytarırıq. Bu gün işğaldan azad olunmuş ərazilərimizin hər bir bölgəsində quruculuq, abadlıq işləri sürətlə aparılır. Sosial infrastruktur yenidən qurulur, yaşayış məntəqələrinin baş planları təsdiq olunur və artıq Böyük Qayıdışa başlanıb”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O, bu il Novruz bayramında Tərtər rayonun Talış kəndində tonqalımızın yandırıldığını və sakinlərin öz doğma yurdlarında bayramı qeyd etdiklərini qürurla vurğulayıb:

“İşğaldan azad edilmiş ərazilərdə yenidən tikilən yaşayış məntəqələri ən yüksək standartlara uyğunlaşdırılır. Kəndlərin adı kənd olsa da, yaradılmış şərait şəhərlərdən də üstündür. Prezident İlham Əliyev artıq üçüncü ildir xalqa Novruz təbriklərini işğaldan azad olunmuş ərazilərdən ünvanlayır. Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərdə bayram tonqallarını yandırması böyük rəmzi və siyasi məna da daşıyır. Bu o deməkdir ki, torpaqlar öz sahiblərinə qayıdanda çiçəklənir və inkişaf edir. Ölkə başçımız Novruz tonqalının qarşısından Ermənistana da vacib mesajlar ünvanlayaraq qeyd etdi ki, əgər 29 min hektarın təhlükəsizliyini arzulayırlarsa, sülh müqaviləsinin imzalanmasına tələsməlidirlər. Ölkə başçısının bu mesajı Ermənistan mətbuatında ən çox müzakirə olunan mövzuya çevrilib. Əlbəttə ki, Ermənistan əgər inkişaf etmək istəyirsə, qonşuları ilə səmimi münasibətlər yaratmalıdırlar. Azərbaycan isə öz ərazi bütövlüyünü təmin edib, sülh müqaviləsinin nə zaman imzalanacağından asılı olmayaraq, işğaldan azad olunmuş ərazilərə vətəndaşlar qaytarılır, ocaqlar qalanır. Hesab edirəm ki, yaxın zamanlarda digər yaşayış məntəqələrinə də qayıdışları müşahidə edəcəyik. Ölkəmiz bütün gücünü səfərbər edərək, keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytaracaq. Azərbaycan günü-gündən çiçəklənir və inkişaf edir. Regionda yerində sayan və şansını itirən ancaq Ermənistandır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər. Dövlətimizin başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

Xatırladaq ki, Vətən müharibəsindəki tarixi Zəfərdən sonra azad edilmiş ərazilərdəki ilk Novruz tonqalını Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşada Cıdır düzündə alovlandırıb. 2022-ci ildə Novruz tonqalı Suqovuşanda və bu dəfə – 2023-cü ildə Talışda qalandı. Vətən müharibəsindən ötən 2 il yarımlıq qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib.

Aysel Aslan

Share: